“Hər birimiz ilk növbədə dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumalıyıq”- MÜSAHİBƏ
“Hər birimiz ilk növbədə dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumalıyıq”-Müsahibə
11 Oktyabr 2019 13:35 SiyasətNəsib Məhəməliyev: "Potensialları imkanlarından aşağı olan, təcrübəsiz siyasətçilərin buraxdıqları səhvlər xalqa baha başa gəlir"
Qardaş Türkiyə tarixinin növbəti bir şərəfli və qürurlu addımın atdı. "Zeytun dalı", "Fərat qalxanı" kimi uğurlu əməliyyatlardan sonra yenidən təhlükəsizliyi üçün ciddi təhdid sayılan PKK terror təşkilatına qarşı mübarizəyə başladı. Artıq bir neçə gündür Suriyada terror təşkilatına qarşı antiterror əməliyyatına başlayan Türkiyənin bu addımı hər nə qədər başda Birləşmiş Ştatlar olmaqla, dünyanın bəzi güc mərkəzləri tərəfindən etirazla qarşılansa da, Ankara öz haqlı davasını davam etdirməkdə israrlı görünür və qısa müddət ərzində terrorçuların məhv edilməsi istiqamətində uğurlu addımlar da atıb.
Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi antiterror əməliyyatı təkcə qardaş ölkədə deyil, eləcə də Azəbaycanda maraqla, eyni zamanda həyəcanla izlənilir, müşahidə edilir. Ümumiyyətlə, Yaxın Şərq regionunda günümüzdə cərəyan edən proseslər Azərbaycanda ekspertlər, siyasilər tərəfindən təhlil edilməkdə, şərh olunmaqdadır. Millət vəkili Nəsib Məhəməliyev deyir ki, Yaxın Şərq regionunda özünəməxsus tarixi, mədəniyyəti, coğrafi əhəmiyyətinə, etnik və dini mürəkkəbliyi ilə seçilən Suriyada, 2011- ci ildən başlayan müharibə yeni mərhələyə keçib. Millət vəkili bildirib ki, son ayların ən çox müzakirə predmeti olan qardaş Türkiyə silahlı qüvvələri, Suriyanın şimalında formalaşmış və artıq müasir silahlarla silahlanmış, əsasən kürdlərdən ibarət PKK , YPG, PYD qüvvələrindən təmizlənməsi üçün əməliyyata başlayıb: "Türk ordusunun döyüş qabiliyyətinin, istənilən ən mürəkkəb tapşırıqların öhdəsindən gələcəyinə qəti şübhə yoxdur. Ancaq çətinlik ondan ibarətdir ki, Suriyanın daxilində siyasi hakimiyyət ölkə ərazisinin əksər hissəsinə nəzarət etmir. Bir tərəfdən Birləşmiş Ştatların rəhbərliyi ilə koalisiya qüvvələri, digər tərəfdən Rusiyanın, İranın, Əsədin tabeliyindəki ərazilər, "İslam dövləti"nə məxsus lokal bölgələr və s. Türkiyənin Suriyadakı əsas söz sahibləri ilə əməliyyatı razılaşdırmasını zəruri edir. Əks halda, regional müharibənin, qlobal müharibəyə çevrilməsi ehtimalı böyükdür. Burada isə sadaladığım böyük güclərin hər birisinin öz maraqları mövcuddur və asanlıqla onlardan imtina etmək istəmirlər. Sual olunur, Türkiyəni belə bir riskli bataqlığa, iqtisadi problemlərin mövcud olduğu, daxildə və İraqın şimalında terrorçularla mübarizə apardığı şəraitdə əlavə olaraq irimiqyaslı əməliyyatlar keçirməyə vadar edən amillər hansılardır. Birincisi, müharibə başlanandan, 4 milyona qədər, suriyalı Türkiyə tərəfindən qəbul edilib, yaşamaları üçün şərait yaradılıb. Baxmayaraq ki, Avropa Birliyi maliyyə yardımları vəd etsə də əsasən bütün xərcləri Türkiyə tərəfi yüksək insanlıq nümunəsi göstərərək özü qarşılayıb. İkincisi, dünya dərin dövlətinin gizli planına uyğun olaraq Yaxın Şərqdə yeni, Aralıq dənizinə çıxışı olan bir dövlətin, (İraq və Suriya dövlətlərinin şimal hissələrini əhatə etməklə ) yaradılması planlaşdırılır. İŞİD- ə qarşı aparılan mübarizədə koalisiyanın bilavasitə rəhbərliyi ilə , YPG və PYD qüvvələrinin birgə vuruşması isə, həmin planın tərkib hissəsidir. Ancaq Türkiyə hesab edir ki, bu planın icrası gələcəkdə onun ərazi bütövlüyünün pozulmasına, hətta parçalanmasına gətirib çıxarar. Məhz buna görə də, əməliyyatın bu vaxta qədər uzanması, tərəflərin tam razılığını almaq mümkün olmayıb".
Nəsib Məhəməliyev vurğulayır ki, bütün bu çətinliklərə baxmayaraq, Türkiyə ciddi dövlət olduğunu sübut etdi, hətta hərbi müttəfiqlərindən, Avropa Birliyndən, Körfəz ölkələrindən, İran və digər beynəlxalq təşkilatlardan gələn etirazlara baxmayaraq, öz milli maraqlarını təmin etmək, milyonlarla qaçqını vətənlərinə qaytarmaq üçün hərəkətə keçdi: "Beynəlxalq ictimaiyyət, Türkiyənin haqlı mövqeyini anlayışla qarşılayır. Ancaq , son dövrlər bir çox ölkələrdə baş qaldıran islamofobiya, türkofobiya, ikili standartlar imkan vermir ki, regionda əmin-amanlıq yaransın, sülh olsun.
BMT-nin Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda Suriya məsələsi yenidən gündəmə gətirilir. Bəzi ölkələr Türkiyəni sanksiyalarla hədələyir, əməliyyatların dərhal dayandırılmasını tələb edirlər. Yenə də sual olunur. Hansı əsaslarla milyonlarla insanın həyatına zəhər qatdınız, on min kilometrlərlə uzaqdan gəlib böyük bir dövlət ( tək onu yox) darmadağın etdiniz, əsrlərlə orada çiyin-çiyinə yaşayan millətləri bir birinə düşmən etdiniz. İmkan verin insanlar evlərinə qayıtsınlar. İnkişaf indeksinə, mentalitetinə və digər xüsusiyyətlərinə görə bu regionun, şimali Afrikadan aclıq, susuzluq, işsizlik səbəblərindən Avropaya qaçmağa məcbur olan bu bədbəxtlər, sivil, inkişaf etmiş dünya ölkələrinin əhalisi üçün də baş ağrısına çevrilir, problemlər yaşadırlar. Bu baxımdan Avropa Birliyi ölkələri, onlar üçün "qapı" rolunu oynayan Türkiyəyə minnətdar olmalıdırlar.
Düşünürəm ki, qısa zaman kəsiyində Türk silahlı qüvvələri qarşıya qolulan vəzifənin öhdəsindən gələcək, qaçqınlar evlərinə qayıdacaq, regionda sülh bərqərar olacaq. Diqqətimi çəkən isə, ümummilli məsələdə Türkiyənin əksər siyasi partiyalarının, HDP istisna olmaqla ordunun yanında olmasıdır. Hətta Türkiyəni özləri üçün doğma vətən hesab edən, milliyətcə kürd olan çoxsaylı gənclər öz dövlətləri üçün vuruşurlar. Budur milli şüur, vətənpərvərlik. Heç bir iqtisadi sanksiyalar, təhdidlər, sosial problemlər bu birliyin qarşısında dura bilməz. Gələcək bu birlikdən asılıdır".
Millət vəkili bildirib ki, Türkiyənin son dövrlərdə apardığı çoxşaxəli siyasət, ələlxüsus, Qərb-Rusiya münasibətlərində, ikincinin əleyhinə hər hansı layihələrdə yer almaması, əksinə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində atdığı addımlar, Azərbaycanın maraqlarına tam uyğundur və bir o qədər də düşmənlərimizi məyus edir: "Heç kimə sirr deyil ki, terrorçu təşkilatların tərkibində kifayət qədər ermənilər vuruşur və hadisələrin gedişatı onları ciddi şəkildə narahat edir.
Tarix göstərir ki, dövlətlərin dağılmasına, milyonlarla insanın evlərini tərk edərək, qaçqın düşməsinə, faciələr yaşamasına səbəb ilk növbədə məsuliyyətsiz siyasətçilərin şəxsi ambisiyaları, bəyanatları və korporativ maraqları durur. Hər bir ölkədə müəyyən problemlər ola bilər. Ancaq hər birimiz ilk növbədə dövlətin ərazi bütövlüyünü, xalqın milli maraqlarını, sabitliyi qorumalıyıq. Ona görə ki, potensialları imkanlarından aşağı olan, təcrübəsiz siyasətçilərin buraxdıqları səhvlər xalqa baha başa gəlir. Tarix, səhvlərdən düzgün nəticə çıxaranları mükafatlandırır".
Süleyman
Olaylar.az