Texnoloji inqilabın insan həyatına təsiri danılmazdır- ŞƏRH
Texnoloji inqilabın insan həyatına təsiri danılmazdır-ŞƏRH
11 Oktyabr 2019 13:01 SiyasətKamilə Əliyeva: "Yeni texnoloji üstünlüklərdən heç də hər kəs vacib və lazım olduğu dərəcədə yararlanmır"
Müasir dövrün tələblərinə uyğun olaraq hər bir kəs informasiya kommunikasiya (İKT) texnologiyalarından istifadə etmək zorunda qalır. Məsələ orasındaır ki, insanlar texnoloji inqilabın üstünlükləri ilə yanaşı, mənfi təsirlərini bildiyi halda belə virtual aləmdə daha çox vaxt itirməyə üstünlük verirlər. O da etiraf edilməlidir ki, hazırda İKT-nin üstünlüklərindən yararlanaraq elmi nailiyyətlər əldə edən kifayət qədər insanlarımız var. Millət vəkili Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan elmi dünya elminin tərkib hissəsi, bir parçasıdır: "Tarixən belə olub, indi də belədir. Azərbaycan daim dünya elminə böyük töhfələr verib, üzü Bəhmənyardan, Nəsirəddin Tusidən tutmuş bu günümüzə qədər Azərbaycan alimləri, elm xadimləri öz fitri istedadları ilə dünya elmini zənginləşdiriblər. Xüsusilə də, bu sırada 20-ci əsrdə dünya elmini öz elmi kəşfləri, ixtiraları, əsərləri ilə yaxşı mənada təəccübləndirmiş və zənginləşdirmiş dahilərimizi - Yusif Məmmədəliyevi, Lev Landaunu, Azad Mirzəcanzadəni, Mustafa Topşubaşovu, Ziya Bünyadovu, Mirəli Qaşqayı, bir müddət öncə dünyasını dəyişmiş (və uzun illər ABŞ-da yaşamış ) Lütfi Zadəni və digərlərini qeyd etmək olar. Onlar nəinki Azərbaycan, dünya elminin nəhənglərindəndir. Azərbaycan elmi elə bir fundament, elə bir təməl və özül üzərində bərqərar olub ki, o, daim inkişafdadır və inkişafda olacaq. Hətta arada müəyyən fasilələr, axsamalar olsa da, Azərbaycan elmi öz hədəflərinə doğru əzmlə və inamla getməməkdədir. Bildiyiniz kimi, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində yaşadığımız keçmiş sovetlər birliyində, postsovet, postsosialist məkanında baş verənlər, yaşananlar, o cümlədən, üzləşdiyimiz Qarabağ münaqişəsi, sovetlərin süqutu, müstəqilliyin qazanılması, ilk illərdə bütün sahələrdə və məsələlərdə olduğu kimi, elm sahəsində də keçmiş bağların qırılması, iqtisadi, siyasi, mənəvi tənəzzül və sair məqamlar Azərbaycan elminə təsirsiz ötüşmədi, Azərbaycan elmində də bir müddət durğunluq, gerilik yaşandı. Hətta, bir zamanlar indiki Milli Elmlər Akademiyasının ləğvi barədə ideyalar belə səslənməyə başladı. Amma Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan elmində də yeni mərhələ, yeni dalğa yaşanmağa başladı. Azərbaycan elmi elə bir fundament və təməl üzərində bərqərar olub ki, o, dayanmayacaq, daim inkişafda olacaq. Obrazlı şəkildə qeyd etmiş olsam, elm də bina kimidir. Binanın fundamenti, bünövrəsi əgər düzgün, möhkəm olarsa, o, heç vaxt həyatın və zamanın qasırğalarına, tufanlarına ram olmaz. Elm də belədir, təməli, bünövrəsi düzgün, möhkəm olarsa, arada fasilələr, axsamalar, geriçəkilmələr olsa belə, irəliyə, inkişafa doğru can atar, bütün hədləri və sədləri aşaraq, öz hədəflərinə doğru yürüyər. Odur ki, Azərbaycan elminin də inkişaf perspektivlərinə inamla və əminliklə yanaşıram. Bəlkə də bu gün istədiyimiz, gözlədiyimiz nəticələri əldə edə bilmirik, amma elm həm də bir səbir işidir, o, tələskənliyi sevmir və belə olduğu təqdirdə də, bizi ruhdan, həvəsdən düşməməliyik, ümidsizləşməməliyik. Buna haqqımız da yoxdur. Azərbaycan elmi olub, var və bundan sonra da olacaq".
Onun sözlərinə görə, ölkə prezidenti İlham Əliyevin 16 illik hakimiyyəti dövründə Azərbaycanda təhsilin və elmin inkişafına ciddi diqqət yetirilməkdədir. Bu istiqamətdə də önəmli addımlar atılmaqda, vacib fərmanlar və sərəncamlar verilməkdədir. Biz həm də neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına keçid mərhələsini yaşayırıq. Əgər əvvəllər "qara qızıl"-neft daha böyük önəm kəsb edirdisə (eləcə də, digər karbohidrogen ehtiyatları, daşıyıcıları), öncəlik daşıyırdısa, əsas prioritet idisə, son illər insan kapital deyilən anlayış, məhfum həyatımıza daha geniş sirayət etməkdədir: "Yəni, insan kapitalının önəmi və dəyəri daha ön yerlərdə, öncəliklər sırasındadır. Demək olar ki, son illər bütün çıxışlarında dövlət başçısı insan kapitalının önəminə geniş diqqət və yer ayırmaqdadır, çıxışlarının leytmotivini məhz insan kaptalının inkişafı və dügün dəyərləndirilməsi təşkil edir. Çünki həqiqətən də dövr, zaman bunu tələb və diktə edir. Nə vaxtsa neft, qaz, digər sərvətlər tükənə, azala bilər, amma insan kapitalı tükənməzdir, daimidir. Ancaq ondan düzgün isifadə ediləndə, ona düzgün yanama olanda, öz müsbət tərəflərini göstərməkdə və töhfələrini verməkdədir. Bu məsələ diletant yanaşmanı, ötəri həvəsi qəbul etmir. Odur ki, Azərbaycanda da insan kapitalının inkişafı əsas prioritetlər sırasındadır və öz müsbət töhfələrini verməkdədir. Yəni, proses belə demək mümkünsə, yüksələn, artan xətt, temp üzrə getməkdə, inkişaf yolundadır".
***
Millət vəkili əlavə edib ki, texnoloji inqilabın, informasiya-kommunikasiya texnolgiyalarının sürətli inkişafının həyatımıza təsiri qaçılmazdır, önəmlidir, zəruridir. Bu, bir gerçəklikdir və ondan qaçmaz olmaz. Bunun bir çox üstünlükləri və müsbət cəhətləri var ki, etiraf etməmək mümkün deyil. Əgər əvvəllər bir bölgədən digər bölgəyə, məsələn, paytaxt Bakıdan hansısa rayona, kəndə zəng etmək saatlar, bəzən günlər hesabına başa gəlirdisə, danışıq məntəqələrində uzun-uzadı növbələr yaranırldısa və bir sıra hallarda keyfiyyətli xidmət göstərilmirdisə, indi bir saniyənin, bir anın içərisində mobil telefonlarla və ya inrentt resursları ilə bunu dərhal reallaşdırmaq mümkündür, nə vaxt gedir, nə əsəblər korlanır: "Əgər əvvəllər bir kitabı tapmaq üçün günlərlə vaxt, zaman, bir çox kitabxanalara baş çəkmək tələb olunurdusa, bəzən də buna nail olmaq, istədiyini elmi və ya bədii əbədiiyatı, kitabı tapmaq müşkülə çevrilirdisə, indi bir anın içində internetdə axtarış verməklə istənilən kitabı, ədəbiyyat nümunəsini tez və rahat şəkildə əldə etmək mümkündür. Bu yöndə misalları xeyli uzatmaq, artırmaq da olar, amma bunlara bir o qədər də ehtiyac duyulmur, hər şey göz önündədir. Ancaq bununla belə, İKT-nin, texnoloji inqilabın insan həyatına, həyatımıza mənfi, zərərli təsirləri də mövcuddur. Bunu da qeyd və etiraf etməmək mümkün deyil. İKT-dən, yeni texnoloji üstünlüklərdən heç də hər kəs vacib və lazım olduğu dərəcədə yararlanmır, bəzən bunlara bir maraq, həvəs, vaxt keçirmək kimi yaşananlar, yanaşmalar da özünü göstərir və bu tendensiya getdikcə sürətlənməkdədir. Bunun nələrə səbəb olduğunu anlamaq və anlatmaq üçün də yeni Amerika və ya velosiped icad etməyinə ehtiyac yoxdur. Hər gün nələrin yaşandığını görürük, eşidirik. Həm də hər şey, insani münasibətlər belə reallıqla əlaqəsini üzməkdə, virtuallaşmaqdadır. Bəzən bir çox insanları, hətta yaxınlarını sosial şəbəkələrdə görür və izləyirsən və öz-özlüyündə hesab edirsən ki, onlarla sanki indi canlı görüşdən, təmasdan ayrılmısan. Amma gerçəklikdə, reallıqda həmin insanları bəzən aylarla, illərlə görmüsən və görəndə də özündə bir qəriblik, ögeylik, soyuqluq hiss edirsən. Çünki artıq virtuallıq sənə hakim kəsilib və özünü reallığa adaptasiya etməkdə çətinlik çəkirsən və sairə. Odur ki, İKT-nin öz yeri, reallığın, canlı rabitənin, canlı təmasın öz yeri. Birinci ikincini heç bir halda əvəz etməməlidir".
Alim
Olaylar.az