Dinc aksiyanı qarşıdurmaya çevirmək cəhdi- RƏY

Dinc aksiyanı qarşıdurmaya çevirmək cəhdi-RƏY

Yaxud radikal müxalifət piket "imtahan"ından da uğurla çıxa bilmədi

Başda AXCP sədri Əli Kərimli olmaqla radikal siyasi düşərgə özünün növbəti şousunu göstərdi. Hər dəfə olduğu kimi bu dəfəki şou da özlərinin biabırçılığı və cəmiyyət tərəfindən qəzəblə qarşılanması ilə nəticələndi. Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında piket keçirmək barədə əldə edilən razılaşmanı kobud şəkildə pozaraq aksiyaya daha çox insanı cəlb etmək üçün yersiz, mənasız çağırışlar edən, piketi insanların daha çox cəmləşdiyi yerdə, metri stansiya qarşısında keçirməyi hədəfləyən Əli Kərimli və dağıdıcı komandası xalq tərəfindən layiqli cavabını aldı. Cəmiyyət bird aha bu qüvvələrə dəstək verməyərək onlara etibar etmədiyini, iqtidarı, prezidenti dəstəklədiyini sübuta yetirdi.

Qeyd etdiyimiz kimi Kərimli və başının dəstəsinin təşkil etdiyi son aksiya siyasi mənsubiyyətindən asılı olmayaraq cəmiyyətin mütləq əksəriyyəti tərəfindən tənqid edildi, radikalların dağıdıcılıq, pozuculuq əməlləri nifrətlə qarşılandı. Xüsusilə də piketin mitinqə çevirmək cəhdi həmin siyasilərin nə qədər məkirli və çirkin məqsədlərə xidmət etdiklərini ortaya qoydu. Elə Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O, bildirib ki,  ssenarisini Əli Kərimlinin yazdığı və pərdə arxasından dirijorluğunu da onun etdiyi "Milli" Şuranın oktyabrın 8-də keçirdiyi piketi sözün həqiqi mənasında tam bir rəzalət mücəssəməsi idi: "Əvvəla ondan başlayaq ki, piketin təşkilatçıları bilərəkdən ya bilməyərəkdən, bu aksiyanı ciddi-cəhdlə mitinqə çevirməyə cəhd göstərirdilər. Və bunun çün də əllərindən gələni etdilər. Üstəlik də onlar məqsədli surətdə, qəsdən münaqişə yaratmağa çalışırdılar. Buna nail olmaq üçün asayişi qoruyan polisləri təxribata çəkir, onlara hansısa yolla maneçilik törətmək istəyirdilər. Onlar hakimiyyətlə əvvəlcədən razılaşdırılmış piket çərçivələrindən kənara çıxaraq iştirakçıların sayının 50 nəfərdən çox olmasını təmin etmək istəyirdilər. Bir sözlə, dinc aksiyanı (piketi) qarşıdurmaya çevirmək üçün mümkün olan hər şeyi etdilər". Partiya sədri qeyd edib ki, bu adamlar ilk baxışdan sanki mitinqlə piketin fərqini bilməyən adamlar idi: "Zənnimcə, Bakı Şəhər İcra Hakimiyyətinin piketin keçirilməsinə razılıq verməsi də onlar üçün "imtahan" xarakteri daşıyırdı. Təəssüf ki, radikal müxalifət piket "imtahan"ından da uğurla çıxa bilmədi. Əli Kərimlinin uğursuzluqları davam edir. Sonuncu piket uğursuzluğunu da Əli Kərimlinin aktivinə yazaq. Adam hakimiyyət polittexnoloqlarının da öncədən hesabladıqları kimi nə mitinq, nədəki piket "imtahan"larından qalibiyyətlə çıxmağı bacarmır". DADP sədri onu da deyib ki, Əli Kərimli Lökbatan mitinqindən "2" aldığı kimi, sonuncu piketdən də "qeyri-kafi" qiymət aldı: "Hakimiyyətin bunlarla orta məktəb şagirdləri kimi davranması əslində tam da məntiqli addımdır. Radikal müxalifətin liderləri adicə bir piketi qanunun tələblərinə uyğun şəkildə təşkil edə bilmirlərsə hakimiyyətin "imtahan"larından aşağı qiymət almaqda davam edəcəklər. Müxalifətin digər kəsimləri isə radikal müxalifətin yoluyla getməməkdə tamamilə haqlıdırlar".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə isə, radikal siyasi düşərgənin keçirdiyi piketə çıxanlar anladı ki, onlar həmişəki kimi aldadılıb: "Aksiya ilə bağlı pafoslu çıxış edən nə Əli Kərimli, nə də digərləri ortada görünmədi. Nəticə yenə həmişəki kimi oldu. Azərbaycanda iqtidara sözünü deyəcək yeganə müxalif lider yoxdur. Çünki, həmin liderciklərin o qədər səhvləri var ki, lider olmadıqlarını əməlləri ilə göstərdilər. O küçələrə çıxan fitnəkarlara isə bircə nəsihətimiz var. Ağlınızı başınıza alın, aldadılmayın, oyuna gəlməyin. Çalışın özünüzə və övladlarınıza bir gün ağlayın. Gəlin hamılıqla ölkə rəhbərinin ətrafında sıx birləşək və özümüzə, cəmiyyətimizə, dövlətimizə, millətimizə faydalı olan işlərlə məşğul olaq".

Əkrəm Həsənov bəzi dindarların aksiyaya haqq qazandırmasına da münasibət bildirib. O, qeyd edib ki, radikal dindarlar savadsız olduğu üçün etiraz aksiyasına haqq qazandırır. Eyni zamanda radikal ateistlər də bu kimi qeyri-qanuni hərəkətlərə haqq qazandırırlar: "Bunu açması Əli Kərimlidə var. O bir dəfə mitinqdə demişdi: "Bizim şiə qardaşlarımız və ateist qardaşlarımız". Nəticə budur ki, mitinqə haqq qazandıranlar həm radikal dindarlar və həm də radikal ateistlər, cahildilər, əqidəcə uyğundurlar. Nəticə etibarı ilə uduzmuş insanlardır. Əli Kərimli bu cəmiyyətə birbaşa radikal olduğunu ateist qardaşları və şiə qardaşları ilə sübut etmişdi".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31