Türkiyəni Suriyada zəiflətmək planı- MÜNASİBƏT

Türkiyəni Suriyada zəiflətmək planı-MÜNASİBƏT

Yaxın Şərq regionu deyəsən yeni bir müharibəyə şahidlik etmək ərəfəsindədir. Məsələ orasındadır ki, Türkiyənin Suriyada PKK terrorçularına qarşı həyata keçirdiyi hərbi əməliyyatların ikinci fazası nədənsə bəzi dövlətləri ciddi narahat etməyə başlayıb. Digər tərəfdən Birləşmiş Ştatların əvvəl Türkiyənin Suriyada hərbi əməliyyatlar keçirməsinə qarışmayacağı, eyni zamanda terrorizmə qarşı mübarizədə Ankaraya dəstək verməyəcəyi bildirilsə də, indi okeanın o tayından bir qədər fərqli, bir qədər də Türkiyəni təhdid edən fikirlər səslənir. Hər halda Birləşmiş Ştatlar prezidenti Donald Trampın Ankaranın Suriyada hərbi əmıəliyyatlar keçirməsinə olan münasibıti və Ağ Ev rəhbərinin "bu Türkiyə üçün acı sonluqla nəticələnəcək" kimi fikri onu deməyə əsas verir ki, Birləşmiş Ştatlar "Zeytun dalı" əməliyyatında olduğu kimi bu dəfə də Türkiyəyə qarşı döyüşən PKK terrorçularına gizli yolla dəstək verəcək. Bu isə Yaxın Şərqdə ciddi bir qarşıdurmanın meydana çıxacağını qaçılmaz edəcək. Hazırda regionda cərəyan edən proseslər də bundan xəbər verir. "Atlas" Araşdırmalar Mərkəzinin üzvü, politoloq Turan Rzayev deyir ki, Yaxın Şərq regionunda sular yenidən isinməyə başlayır. Onun sözlərinə görə, Yaxın Şərqin açılmaz düyününə çevrilən Suriyada yenidən böyük güclərin aktivliyi müşahidə olunur: "Bəhs etdiyim məsələ əslində gözlənilən Türkiyənin Fərat çayının şərqinə müdaxiləsi məsələsidir. Bir müddətdir Birləşmiş Ştatlarla müzakirələri gedən məsələ sonunda tərəflər arasında ortaq bir razılaşmanın əldə edilməsiylə leqallıq əldə etdi. Əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çox öncələri Fərat çayının şərqində edilməsi planlaşdırılan əməliyyatla bağlı "Bir gecə səssizcə gələ bilərik" ifadəsiylə mesaj vermişdi. Türkiyənin Fərat çayının şərqinə müdaxilə edəcəyi hər nə qədər gözlənilsə də, özlüyündə bir çox sualı da ortaya qoyur. Fərat çayının şərqi nə üçün bu qədər onəmlidir?. Türkiyənin istər Suriya istərsə də, Iraqın şimalında kürd PYD PKK YPG birləmələrinə qarşı geniştərkibli hərbi əməliyyatları davam edir. İraqın şimalındakı Pəncə əməliyyatı nəticəsində buradakı kürd birləşmələri bərpası uzunmüddət çəkəcək zərbələr aldı. Türkiyə hər nə qədər Suriyada da İraqda olduğu kimi oxşar hərbi əməliyyatlar aparsa da İraqdakı kimi effektiv nəticə ala bilmir. Bunun əsas səbəbi isə kürd birləşmələrinin Suriyadakı əsas qalası elə məhz Fərat çayının şərqində yerləşməsidir. Yəni qısaca belə deyə bilərəm ki, kürdlər üçün İraqda Kandil dağı Ərbil nədirsə məhz Suriyada da Fəratın şərqi odur".
Politoloq deyir ki, digər bir nüans isə Türkiyənin dağınıq kürd birləşmələrini yerli milis qüvvələri adıyla nizami orduda birləşdirmə təhlükəsidir: "Düzdür hər nə qədər tərəflər öncə Suriyada birgə əməliyatlar, təhlükəsiz bölgə kimi razılaşmalar əldə etsələr də, Türkiyə ABŞ-ın kürdlərə verdiyi dəstəkdən narahatdır. Bu baxımdan Türkiyənin Fərat çayının şərqində edəcəyi hərbi müdaxilə məhz Suriyada kürdlər üzərində əsaslı nəticə verə bilər".
Bəs ABŞ nə üçün Fərat çayının şərqinə müdaxilədə Türkiyəyə razılıq verdi?
Turan Rzayev qeyd edib ki, Türkiyənin Fərat çayının şərqinə müdaxiləsi gözlənilən idi. Lakin ABŞ-ın bu əməliyyatlara razılıq verməsi faktiki kürdlər baxımından ağır nəticələnə bilər: "Düşünürəm ki, ABŞ Fəratın şərqində Türkiyənin başını qatmaq istəyir. Etiraf edək ki, Türkiyə uzun zamandır Fəratın şərqinə müdaxilə etmək istəyir. Trampın razılıq verməsi isə istər-istəməz şüphə doğurur. Bu baxımdan düşünürəm ki, Türkiyəyə bu əməliyyatlarda razılığın verilməsi bir növ regionda başını qatmağa yönəlib". Türkiyənin Suriyada hərbi əməliyyat planına digər ölkələrin münasibətinə gəlincə, Turan Rzayev bildirib ki, Rusiya tərəfi hələlik öz sakitliyini qorumaqdadır: "Hazırki vəziyyətdə Rusiyanın Türkiyənin bu qərarına elə də ciddi bir reaksiya verəcəyini düşünmürəm. Çünki Rusiya ABŞ- ın əksinə maraqları naminə Türkiyəni özündən soyutmaq istəmir. Qısaca desəm Rusiya Türkiyə ilə Suriya arasında bir seçim etməli olsa, bu seçimi Türkiyədən yana verəcəyi daha real səslənir.
İran tərəfi isə Rusiya qədər məsələni sakit qarşılamadı. Belə ki İranın xarici işlər naziri Cavad Zərif məsələylə bağlı "Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz. Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu" qarşı tərəfə bildirdiklərini qeyd edib".
Bəs, Yaxın Şərqi yaxın günlərdə nə gözləyir?. Politoloq hesab edir ki, Türkiyə Fəratın şərqində əməliyyatları uğurla başlayacaq və əsaslı nəticələr əldə edəcək: "Lakin düşünürəm ki, regionu yeni bir müharibə təhlükəsi gözləyir və bu müharibənin tərəfləri İran və Səudiyyə Ərəbistanı ola bilər".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31