İlham Əliyev: “Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır”- MÖVQE
İlham Əliyev: “Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır”-MÖVQE
9 Oktyabr 2019 13:15 SiyasətMüasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir. Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir. Həmin maddənin 6-cı bəndində isə deyilir: "Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər". Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır. Beynəlxalq hüququn əsas prinsipləri bir-biri ilə üzvi surətdə bağlıdır və bir-birini şərtləndirir. BMT Nizamnaməsinə uyğun olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində qeyd edilir ki, bu prinsiplərin tətqiqi və təsfiri zamanı onların hər biri bütün digər prinsiplərin konteksində nəzərdən keçirilməlidir. Çox təəssüflər ki, hazırda beynəlxalq hüququn bir sıra prinsipləri ya işləmir, ya da həmin prinsiplərə ayrı-ayrı ölkələrə münasibətdə ikili yanaşılır.
Təsadüfi deyil ki, prezident İlham Əliyev Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibəsində deyib ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır: "Biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir. BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır. Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər".
Millət vəkili Tahir Mirkişili qeyd edib ki, ATƏT regionunda olan münaqişələrin həlli üçün daha qətiyyətli mövqe ortaya qoymalıdır: "Münaqişələrdən danışarkən, əvvəlcə biz ATƏT regionunda olan münaqişələrin həlli üçün daha qətiyyətli mövqe ortaya qoymalıyıq. ATƏT regionunda həll olunmayan münaqişələr digər regionlarda da yeni münaqişələrin yaranmasına səbəb olur. Bildiyiniz kimi, Ermənistan uzun illərdir Azərbaycanın torpaqlarını işğal altında saxlayır, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə mane olur. Ermənistanın aqressiv siyasətini davam etdirməsi və hərbi işğala əsaslanan mövcud status-kvonun saxlanılması üçün atdığı addımlar, bu yaxınlarda bu ölkənin rəhbərinin anneksiya ilə bağlı verdiyi bəyanat da daxil olmaqla, - baxmayaraq ki, bu bəyanat daxili auditoriyaya yönəlmişdi, - regionda situasiyanın gərginləşməsinə səbəb olub. Bir neçə həftə öncə Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək, Azərbaycanın Dağlıq Qarabağ regionunu Ermənistanın bir hissəsi elan edib. Bir neçə gün öncə isə Ermənistan əsgərlərinin açdığı atəş nəticəsində Azərbaycan-Ermənistan sərhədində daha bir mülki şəxs öldürülüb. Rusiya Xarici İşlər Nazirliyi və ABŞ səfirliyi gərginləşən bu situasiyadan narahatlıqlarını bildiriblər. Ermənistan rəhbərliyinin məsuliyyətsiz və destruktiv mövqeyi münaqişənin Yerevanda küçədə elan edildiyi kimi, sülh yolu ilə həllinə xidmət etmir. Əksinə, münaqişənin həlli üzrə son danışıqların mahiyyətinə ziddiyyət təşkil etməklə, danışıqlar prosesinin pozulmasına yönəlib. Belə bir situasiyada biz ATƏT Parlament Assambleyasını susmamağa, sahib olduğu imkanlardan istifadə etməklə Ermənistanı konstruktiv mövqeyə dəvət etməyə çağırırıq". Tahir Mirkişili, həmçinin qeyd edib ki, müasir dünyada insanlar öz valideynlərinin qəbirlərini ziyarət etmək istəklərinə görə həbsxanalarda yatmamalıdırlar: "Hazırda erməni tərəfinin həbsxanalarında belə azərbaycanlı girovlar var. Hələ 2016-cı ildən Azərbaycan Ermənistan tərəfinə bütün əsir və girovların beynəlxalq təşkilatların vasitəçiliyi ilə "hamının hamıya" prinsip ilə dəyişdirilməsini təklif etmişdi. Amma bu günə qədər erməni tərəfindən müsbət cavab verilməyib".
Hüquqşünas Alim Hüseynli qeyd edib ki, beynəlxalq hüququn əsas prinsiplərindən biri də "Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək" prinsipidir: "Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi beynəlxalq hüququn ən qədim prinsipidir. Hazırda bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 2-ci bəndində birbaşa təsbit olunub. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri "Təşkilata üzvlükdən irəli gələn hüquq və üstünlükləri özlərinə təmin etmək üçün, bu Nizamnaməyə uyğun olaraq öz üzərlərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirirlər". Sözügedən prinsip habelə çox mühüm beynəlxalq müqavilədə-Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana Konvensiyasında (26-cı maddə) öz əksini tapıb. Beynəlxalq öhdəlikləri vicdanla yerinə yetirmək prinsipi bütün beynəlxalq hüquq sisteminin fəaliyyəti üçün əhəmiyyəti danılmazdır. Dövlət BMT Nizamnaməsinə uyğun olaraq, öz üzərlərinə götürdükləri bütün öhdəlikləri, o cümlədən beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarından, beynəlxalq müqavilələrdən və beynəlxalq hüququn digər mənbələrindən irəli gələn öhdəlikləri yerinə yetirilməlidir. Onlar heç bir əsas olmadan özbaşına öz beynəlxalq öhdəliklərindən imtina edə bilməzlər. Çox təəssüflər olsun ki, hazırda həm dövlətlər, həm də beynəlxalq təşkilatlar beynəlxalq öhdəliklərin yerinə yetirilməsindən yayınırlar. Konkret olaraq işğalçı Ermənistan nəinki beynəlxalq öhdəliyini yerinə yetirmir, hətta beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələri icra etməkdən boyun qaçırırlar. Daha acınacaqlı vəziyyət ondan ibarətdir ki, bəzi beynəlxalq təşkilatlar nə özləri öhdəliklərini yerinə yetirmirlər, nə də dövlətlərin öhdəlikləri yerinə yetrirmələri üçün konkret addımlar atmırlar".
Nurlan
Olaylar.az