“Milli Şura” Azərbaycan İslam Partiyasının nəzarətinə keçib- İDDİA

“Milli Şura” Azərbaycan İslam Partiyasının nəzarətinə keçib-İDDİA

Azərbaycan Respublikasının mövcud Konstitusiyasını devirərək "şəriət dövləti" qurmaq hədəflərini gizlətməyən və bu yöndə ideoloji baxımdan genişmiqyaslı təbliğatlar aparan xüsusi sosial şəbəkə yaradılıbdır. "Azadliqdalgasi.wordpress.com" sosial şəbəkəsinin çevrəsində birləşən bu struktur dini radikalizm siyasətinə önəm verdiyini gizlətmir də. Bununla yanaşı, "islamazeri.org", "azadliqciragi.org", "deyerler.org", "yenisharq.org", "birlik.az", "haqyolu.com", "eqreb.com", "qeyretli-olke.blogspot.com" və digər qruplar faktiki olaraq bu gün Azərbaycanda "İslam İnqilabı"na çağırışlara süslənmiş mövzuları qabarlar. Bunu bilmək üçün, 40 ildir hakimiyyətdə olan Tehran molla rejiminin Livan, Suriya, Bəhreyn, İraq, Yəmən, Oman, Küveyt, Əfqanıstan, Pakistan, Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Misir, İordaniya, Türkiyə, Qətər və digər dövlətlərə qarşı ideoloji müstəvidə hansı siyasəti yürütdüyünü göz önünə alsaq, indi həmin taktika Azərbaycan Respublikasında, Gürcüstan və Dağıstanda tətbiq olunur.

Mövsüm Səmədovu "inqilab rəhbəri" çevirmək cəhdləri

"Azadlıq Dalğası" kodu adı altında Azərbaycan Respublikasının qanuni Konstitusiyasını dəyişdirərək "şəriət dövləti" qurmaq istəyən və buna görə həbs olunan AİP (Azərbaycan İslam Partiyası) sədri Mövsüm Səmədov "islam inqilabı"nın rəhbəri kimi təbliğ olunur. Bundan əlavə, "şəriət dövləti" ideyasını nəinki təbliğ etmək, hətta bu yöndə çağırışlar və təhriklər edən, hal-hazırda həbsdə olanların da hüquqları müdafiə olunur. Onlardan Abgül Süleymanov, İlqar Əliyev, İlham Əliyev, Fəramiz Abbasov, Səxavət Əliyev, Mehdi Məmmədov, Azər Cəbiyev, Taleh Bağırov, Asəf Əliyev, Fəxri İlyasov və digərlərini indi "hicab məhbusları" adlandırmağın özü bir gülünc addımdır. Mövsüm Səmədov AİP sədri seçildikdən sonra, Azərbaycanda tolerant bölgə sayılan Qubada gözlənilmədən "islam inqilabı" çağırışlarına başlamışdı. Ona bu addımları atmamaq üçün dəfələlərlə müraciətlər olsa da, "şəriət dövləti" ideyasından bir addım da olsun geri çəkilməyəcəyini bildirmişdi. Qubada süni şəkildə məzhəblərarası ədavət toxumlarını yaymaqla qürur duyurdu. Mövsüm Səmədov məhkəmə prosesində sübut-dəlillər əsasında həbs olunduqdan sonra  da, radikal dini çevrələr onu "islam inqilabı"nın lideri saymaqda davam edirlər. Hətta onun şəninə qəzəllər, qəsidələr və qitələr belə qoşublar.

Onu da qeyd edək ki, M.Səmədov əslində 2012-ci ildə Azərbaycan keçirilən "Avroviziya Beynəlxalq Musiqi Yarışması"na qarşı radikal dini qrupların çağırışlarının dalğasında populyarlaşdı. Çünki bəzi qonşu ölkələr Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və mövqeyinin artmasından əndişəyə düşmüşdülər. Ona görə də radikal dini qruplaşmaları hərəkətə gətirməyə cəhd etdilər. Həmin vaxt gözlənilmədən "Quba üsyanı" projesi gündəmə gətirildi. Tərtər, Mingəçevir, Yevlax, Salyan, Masallı, Cəlilabad, İmişli, Bərdə, Neftçala, Sabirabad rayonlarında, eləcə də Bakının Biləcəri, Xırdalan, Yasamal, Sahil, Bakıxanov qəsəbələrində "islam inqilabı"na xüsusi hazırlıqlar görülmüşdü. 1978-ci ildə baş verən "23 Bəhmən İnqilabı"nın ssenarisi çoxdan xarici paytaxtlarda hazırlanmış və "inqilab"ın lideri də müəyyənləşmişdi. AİP sədri Mövsüm Səmədov da zatən bunun fərqində idi. "İslam inqilabı" lideri üçün xüsusi əba və əmmamə də hazırlanmışdı. Ancaq, radikal islamçı çevrələrin təşəbbüsləri baş tutmadı. Min dəfələrlə təəssüflər olsun ki, adını ana müxalifət qoymuş "Milli Şura" Mövsüm Səmədovun adını "siyasi məhbuslar" siyahısına salaraq dünyaya car çəkirlər.

Alternativ ziyarətgah düsturu

"Kərbala fəlsəfəsi" adı altında bu gün İraqa daha çox ziyarətçinin axmasına çalışan xarici dairələrin əsas məqsədi, yaxın gələcəkdə dünya müsəlmanlarının baş ziyarətgah mərkəzi olan Məkkəyə alternativ yaratmaqdır. Azərbaycanda çoxsaylı turizm şirkətləri də məhz bu məqsədlə yaradılıbdır.

AİP sədrinin müavini və "Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı"nın sədri Rövşən Əhmədli və "Azərbaycan Ziyalılar Birliyi"nin sədri, "Milli Şura"nın idarə heyətinin üzvü və "İslamçı məhbusların Hüquqlarının Müdafiə Komitəsi"nin sədri Eldəniz Quliyevin birgə təşkilatçılığı ilə "Kərbəla-əbədi mübarizə fəlsəfəsi" mövzusunda konfrans keçirilib. İraqdakı "İmam Hüseyn" türbəsini ziyarət etmək yasaq deyil. Yüzillərdir bu məkan inanclı insanların ziyarət etdiyi bir məkandır. Ancaq bu gün "Ərbəin ziyarəti" adı altında orada dərin bir təbliğat maşını yaradılıbdır. "İmam Hüseyn"nin məzarını ziyarət edənlərin qafalarını yumaq üçün mövhumatçı təbliğatlar Yaxın Şərqdə yeni radikal islamçı baxışların formalaşmasına gətirib çıxarır. Bu istiqamətdə Azərbaycan Respublikasında dini sosial şəbəkələrdə çox geniş təbliğat başlanıb. Bununla yanaşı, "Ərbəin ziyarəti" çoxsaylı şirkətlər üçün əsil gəlir mənbəyinə çevrilib. Beləliklə də tədricən bizim cəmiyyəti qonşu ölkədə olduğu qaydalara alışdırmaq taktikasından faydalanırlar. Azərbaycan Respublikasının qanunlarına görə, dini icmalar siyasətlə məşğul ola bilməzlər. Ancaq dövlətimizə qarşı daim təbliğat aparan "Səhər Tv" kanalında məhz dini icmaların rəhbərləri və üzvləri daim siyasi müzakirələrə cəlb olunurlar. Siyasi debat zamanı isə, onların əsas istinad nöqtələri "İran islam İnqilabı"nın liderinin görüşləridir. Həmin ilahiyyatçılar və qurumların üzvləri ağalarına xoş gəlmək üçün Səudiyyə Ərəbistanı və İsraili hədəf seçirlər.

Cildini dəyişmiş məkrli plan

Oktyabr ayının 8-də paytaxt Bakının tən mərkəzində, yəni "İçərişəhər Metrosu"nun həndəvərində AXCP hakimiyyətə etiraz piketini keçirməyə təşəbbüs göstərdi. Bu dəfə də rəsmi siyasi partiyanın adından deyil, ana müxalifət görüntüsü yaradaraq "Milli Şura"nın adından çıxış etdi. Bu aksiyadan ruhlanaraq, elə həmin gün bütün sosial şəbəkələrdə 19 oktyabr tarixində növbəti aksiyanın keçrilməsi barəsində informasiyalar yaymağa başladı. O zaman sual olunur ki: "AXCP özünə bu qədər güvənmirsə, bəs nə üçün Milli Şuranın adından çıxış edir?" Apardığımız müşahidələrə görə, AXCP artıq bir təşkilat olaraq tamamilə iflasa uğrayıb. Ona görə də "Milli Şura"nın adından siyasi alver taktikasına üz tutubdur. Çünki, "Milli Şura" AİP-in (Azərbaycan İslam Partiyası) dolayı olsa da, nəzarətinə keçib. Xaricdən ixrac edilən "siyasi islam" düsturu "Milli Şura"nın əsas hədəflərindən biridir.

AİP sədrinin müavini və "Qarabağın Azadlığı Uğrunda Müqavimət Hərəkatı" təşkilatının sədri Rövşən Əhmədlinin, "Müsəlman Birliyi Hərəkatı"nın sədri Tale Bağırovun, "Məhbus İslamçıların Hüquqlarının Müdafiə Komitəsi"nin sədri Eldəniz Quliyevin, "Hüseyniyyun" Hərəkatının sədri Tohid İbrahimbəylinin və digər radikal qruplaşmaların çoxu "Milli Şura"nın əsas gücü hesab olunur. Bu dəfə ölkədə qarmaqarışıqlar yaratmaq üçün, həmin radikal qruplar AXCP-nin çətiri altında qılaflarını dəyişərək siyasi gündəmə daxil olmağı hədəf seçiblər. Çünki fanatiklərin ölkəmizdə qarşıdurmalar yaratmaq planı Yaxın Şərqin tarixində dəfələrlə tətbiq olunub. Livan, Suriya, İraq, Yəmən, Küveyt və Oman kimi ölkələrdə bu təşəbbüslər təsdiqini tapsa da, bizim ölkəmizdə bu addımların heç biri baş tutmayacaq. Ona görə ki, "xaos içində məkrli planlar" taktikası çox yaxında iflasa uğrayacaq. Bunun əsas səbəbi Azərbaycan cəmiyyətinin Yaxın Şərq ölkələrindən tamamilə fərqli olmasıdır. Azərbaycanda demokratik proseslərin addım-addım inkişaf etməsi, ölkəmizdə Yaxın Şərq dövlətlərindən fərqli olaraq, dünyaya baxış səviyyəsi xeyli dərəcədə inkişaf edib.

Avropa dəyərləri ilə inkişaf edən ölkəmizi heç kimsə Yaxın Şərqdə yaşanılan fanatizmin dərin bataqlığına yuvarlada bilməz. 5-10 sapığın, yəni yolunu azmış fanatın iradəsi onların öz kibirli baxışlarının içində boğulacaq. Bu, Azərbaycan reallığının əsil aynasıdır. Ötən illər ərzində radikal siyasi islam ideologiyasını çoxları təcrübədən keçirməyə çalışdılar. Hətta silahlı terror qruplaşmaları yaradaraq istədikləri əməlləri həyata keçirməyə cəhd etdilər. Dövtləin və xalqın iradəsi ilə bu addımlar anındaca iflasa uğradı. Cildini dəyişən məkrli planları dalğavari şəkildə nə bu günümüzə, nə də sabahımıza kimsə daşıya bilməyəcək.   

Ə. Yusifoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31