Türkiyədə erməni təhlükəsi artır- ŞƏRH
Türkiyədə erməni təhlükəsi artır-ŞƏRH
9 Oktyabr 2019 12:51 SiyasətAzərbaycan və bütün Türk dünyası üçün əhəmiyyətli strateji bölgə olan Naxçıvanla sərhəddə yerləşən İğdır, Qars və Van əraziləri imperialist güclərin köməyi ilə bizə qarşı yadlaşdırıla bilər
Ermənistan addım-addım Türkiyə ilə bağlı planlarını həyata keçirmək istiqamətində irəliləyirlər. Müxtəlif fondlar, təşkilatlar, hətta xarici ölkə vətəndaşları adı altında Türkiyə ilə sərhəd ərazilərə sirayət edən ermənilər həmin ərazilərdə müxtəlif tədbirlər, toplantılar keçirməklə bu ərazilərin Ermənistana aid olduğu barədə sərsəm fikirlər səsləndirirlər, Van, Ağrı dağında Ermənustan bayrağını dalğalandırmaqla sözün həqiqi mənasında meydan oxuyurlar. Müntəzəm olaraq Türkiyənin Ermənistanla sərhəd vilayətlərinə, şəhərlərinə səfərlər edən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri, Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli də deyilənlərlə razılaşdığını bildirib. O, təəssüf hissi ilə qeyd edib ki, ermənilərin Türkiyəyə qarşı ərazi iddiaları Van, Qars, İğdır, Ardahan, Ağrı bölgələrinədir: "Bu bölgədə erməni diasporu gecəsini gündüzünə qataraq çalışır. Gəlib Van gölündə çimib, Akdamar kilsəsində "böyük Ermənistan" üçün dua edib, Ağrı dağında, Van qalasında bayraq açıb yallı gedirlər. Onlar bununla bizə təkcə göz dağı vermirlər. Onların bütün bu fəaliyyətləri Ermənistanın böyümə hərəkatına xidmətləridir. Avropada, Amerikada olan erməni işadamları erməni gənclərini toplayaraq Van və ətraf bölgələrə turlar təşkil edib buradakı tarixi abidələrin onlara məxsus olduğunu ilk öncə onlara təbliğ edir, daha sonra video çəkilişlərlə bütün dünyaya yayırlar. Artıq bu bölgədə yaşayan və işləyən türk insanının, ziyalıların və hətta rəsmi şəxslərin beyinlərində belə bir fikir yaranıb ki, həqiqətən buralarda ermənilər yaşayıb və onların burada tarixi abidələri var. Necə ki, Akdamar adasındakı tarixi Akdamar kilsəsinin ermənilərə məxsus olması ilə bağlı Vandakı bəzi rəsmilərin anlaşılmaz münasibəti var. Bu ilin iyul, daha sonra avqust ayında Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşəbbüsü ilə Vana səfərlər təşkil edildi. Həmin ərəfədə Azərbaycanda fəaliyyət göstərən Alban-Udin Xristian Dini İcmasının rəhbərliyi də səfərdə iştirak etdi. Onlar kilsəni ziyarət edərək, Akdamar kilsəsinin tarixən ermənilərlə heç bir əlaqəsinin olmadığını və alban xristianlarına məxsus olduğunu bəyan etdilər. Bundan sonra Ermənistan televiziyasında geniş müzakirələr aparılmağa başlanıldı. Hətta türkcə fəaliyyət göstərən erməni xəbər agentliyi məlum səfərlə bağlı əks yazılar yazaraq, guya həqiqətlərin bizim tərəfimizdən "saxtalaşdırıldığını" bəyan etməyə başladılar". Samir Adıgözəlli qeyd edib ki, 2 ay ard-arda həyata keçirilən səfərlər və görülən işlərin erməni tərəfini nə qədər narahat etdiyi göz qabağındadır. Onun sözlərinə görə, növbəti 3-cü səfər sentyabr ayında təşkil edildi: "10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi"ndə Azərbaycan nümayəndə heyəti olaraq iştirak etdik. Bundan əvvəl keçirilən 9 sərgidə Ermənistan stendi sərgilənmiş və Ermənistan burada baş rolda iştirak etmişdi. Bu il Azərbaycanın həmin sərgidə Naxçıvan Muxtar Respublikası stendi ilə təmsil olunması qürurverici hal olmaqla yanaşı, ölkəmizin maddi-mənəvi, tarixi, mədəni zənginliyinin təbliği və ona göstərilən maraq xüsusi əhəmiyyət daşımaqdadır. Amma ən əsası Ermənistanın burada 10-cusu keçirilən beynəlxalq sərgidən imtina edib gəlməməsidir. Bu artıq bir nailiyyətdir. Bütün bunları deməklə əldə etdiyimiz nailiyyətləri çatdırmaq məqsədini güdmürəm". İSBAM sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yüksək səviyyədə ölkəmizi Naxçıvan Muxtar Respublikasının stendi ilə sərgidə təmsil etdik: "16 ölkənin və 400-ə yaxın şirkətin iştirak etdiyi regionun ən böyük sərgisində stendimizə böyük maraq göstərildi. Bu işdə bizə yaxından dəstək göstərib iştirak edən Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə, Türk Kalkınma İşadamları Dərnəyi (TÜMKİAD) və Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinə (ASİM-DER) xüsusi təşəkkürümü bildirirəm. Biz həmin bölgənin xüsusiyyətlərinə daha yaxından bələdik. On ildən artıqdır biz bu bölgələrdə fəaliyyət aparmaqdayıq. Bu baxımdan burada keçirilən tədbirlərin formatı daha həssas qaydada təşkil olunur. Terror təşkilatını dəstəkləyən HDP siyasi partiyasının seçkini qazandığı bir şəhərdə Azərbaycan adına tədbir keçirilməsi o qədər də rahat bir iş deyil. Diasporla İş üzrə Dövlət Komitəsi Vanda keçirmək istədiyi tədbirləri bizim Mərkəz vasitəsilə də reallaşdıra bilər". Samır Adıgözəlli onu da diqqətə çatdırıb ki, kimin və nə üçün qısqanclıq keçirməsinə baxmayaraq yolumuza davam edəcəyik: "Bizə yaxın olduğu qədər həm də uzaq olan, daha doğrusu uzaqlaşdırılmağa çalışan Van və onu əhatə edən bölgə haqqında bəzi vacib məqamları sizlərlə bölüşmək istədim. Yetərincə çalışmadığımız təqdirdə Azərbaycan və bütün Türk dünyası üçün əhəmiyyətli strateji bölgə olan Naxçıvanla sərhəddə yerləşən İğdır, Qars və Van əraziləri imperialist güclərin köməyi ilə bizə qarşı yadlaşdırıla bilər. Bu məsələdə Türkiyə tərəfi ilə yanaşı bizim, Azərbaycanın da öz üzərinə düşən görüləsi və təxirəsalınmaz işlər var".
Süleyman
Olaylar.az