“Rusiyada Azərbaycanla bağlı diskussiya genişlənib” - Siyasi ekspert

"Rusiya Azərbaycanın yaxın və böyük qonşusudur. Təkcə regionda deyil, bütün dünyada qlobal proseslərdə fəal şəkildə iştirak edən, söz sahibi olan bir dövlətdir. Eyni zamanda Azərbaycanla Rusiya arasında bu və digər səbəblərdən uzun tarixi, mədəni əlaqələr var".

Bu fikirləri Azadinform-a siyasi ekspert Elçin Mirzəbəyli Azərbaycan-Rusiya münasibətlərindən danışarkən deyib. 

Politoloq qeyd edib ki, hər iki xalq arasında tarix boyu normal münasibətlər formalaşıb: "Bunun çətin və ağır, həm də yaxşı dövrləri olub. İndiki şəraitdə Azərbaycan və Rusiya münasibətlərinin intensiv şəkildə inkişaf etdiyini deyə bilərik. Rusiya-Azərbaycan arasındakı münasibətlər hər iki dövlətə ona görə vacibdir ki, regionda sülhün və əmin-amanlığın qorunmasında hər iki ölkə aktiv şəkildə iştirak etsin. Bu gün dünyada təhlükəsizlik amili birinci yerdə dayanır. Bu baxımdan geosiyasi müstəvidə münasibətlər bu istiqamətdə də böyük əhəmiyyət kəsb edir. Həmçinin Rusiya təbii sərvətlər etibarı ilə böyük resurslara malik olan bir ölkədir. Bundan başqa, Azərbaycan məhsullarının bu ölkəyə çıxarılması üçün nəhəng bazardır. Hansı ki dünyanın bütün ölkələri bura can atırlar. Bu aspektdən ticari və iqtisadi, həm də mədəni münasibətlərin müstəvisində Rusiya ilə Azərbaycan arasında əlaqələrin inkişafı hər iki tərəf üçün önəm kəsb edir".

E. Mirzəbəyli əlavə edib ki, Azərbaycan Prezidentinin Rusiyaya son səfərindən sonra Rusiyada Azərbaycanla münasibətlərin inkişafı ilə bağlı diskussiya genişlənib: "Bu istiqamətdə müxtəlif müstəvilərdə fikirlər səsləndirilir. Bu fikirlərin böyük əksəriyyəti də Azərbaycan-Rusiya münasibətlərinin perspektivliyinə çox böyük ümidlə yanaşır. Düşünürəm ki, perspektiv var və kifayət qədər ciddidir. İlk növbədə bunu Azərbaycan və Rusiya liderlərinin iradəsi ortaya qoyub. Münasibətlərin inkişafı bundan sonra çox güman ki, dinamik xətlə davam edəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31