“Azərbaycan və Rusiya əlaqələri keyfiyyətcə daha yeni mərhələyə yüksələcək, ölkələrimizin regional və beynəlxalq gücünü artıracaq”

“Azərbaycan və Rusiya əlaqələri keyfiyyətcə daha yeni mərhələyə yüksələcək, ölkələrimizin regional və beynəlxalq gücünü artıracaq”

"Region dövlətləri ilə qarşılıqlı maraqlara söykənən, bir çox sahələri əhatə edən və ölkəmizin inkişafına xidmət edən çoxşaxəli əlaqələrin inkişaf etdirilməsi Azərbaycan dövlətinin xarici siyasət konsepsiyasının əsas elementlərindəndir. Bu mənada, regionun və bütövlükdə dünyanın böyük dövlətlərindən biri olan Rusiya ilə mehriban, səmimi, dostluq münasibətlərinin daim inkişaf etdirilməsinə, strateji əməkdaşlığın daha da təkmilləşdirilməsinə rəsmi Bakı xüsusi diqqət ayırır". 

Bu fikirləri Olaylar.az -a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin Soçi səfərini, həmin səfərdə "Valday" diskussiya klubundakı iştirakını, eləcə də, Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına verdiyi müsahibəsini şərh edərkən deyib. 

Bəhruz Quliyev bildirib ki, ümumiyyətlə, hər iki dövlət arasındakı sıx dostluq və əməkdaşlıq ənənələri tarixi bağlara söykənir : "Son illərdə iki dövlət arasında siyasi, iqtisadi, hərbi-texniki və humanitar sahələrdə əməkdaşlıq nəzərə çarpacaq dərəcədə fəallaşıb. Dövlət başçılarının qarşılıqlı səfərləri isə Azərbaycan-Rusiya münasibətlərinin sürətlənməsinə mühüm impuls verir. Təbii ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentləri arasında yüksək etimadın mövcudluğu və siyasi dialoqun sıx davam etdirilməsi iki dövlət arasında əlaqələrin inkişafına möhkəm zəmin yaradır". 

"Cənab İlham Əliyevin Soçidə keçirilən ənənəvi "Valday" diskussiya klubundakı müzakirələrə qatılması, orada etdiyi möhtəşəm çıxışı dünyanın bir sıra dövlət və siyasət adamlarının, beynəlxalq intellektulal zümrənin diqqətini cəlb etdi", deyən Bəhruz Quliyev həmçinin qeyd edib ki, İlham Əliyevin müzakirələrə dəvət almasında bilavasitə Rusiya Federasiyasının prezidenti Vladiimir Putinin marağı olub və bu maraqlar ortaq məxrəcin göstəricisi olaraq da dəyərləndirilə bilər: "Əbəs deyil ki, cənab İlham Əliyev Rusiyanın aparıcı TV-lərinə müsahibəsi əsnasında ölkələrimiz arasındakı ticarət dövriyyəsinin milyardlarla dollar həcmində olduğunu xatırlatdı, habelə, regional və beynəlxalq layihələrdə ölkələrimizin fəaliyyətlərinin üst-üstə düşdüyünü müxtəlif aspektlərlə izah etdi. Habelə onu da xatırlatdı ki, istənilən nüfuzlu təşkilatların sessiya və toplantılarında Azərbaycan davamlı tərzdə Rusiyanın mövqeyini müdafiə edərək, yaxın qonşuluq və dostluq prinsipini önə sürüb. Əlbəttə ki, bütün bunlar bayaq da qeyd etdiyim kimi, həm də strateji münasibətlərin möhkəmlənməsinə stimul verən reallıqdır". 

"Soçidə keçirilmiş görüşlərdə iki ölkə arasında xüsusi əhəmiyyəti ilə seçilən bir sıra mühüm məqamlar Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni dinamizm verəcək", deyə vurğulayan Bəhruz Quliyev sonda onu da əlavə edib ki, əldə edilən çoxsaylı razılaşmaların həyata keçirilməsi nəticəsində Azərbaycan və Rusiya əlaqələri keyfiyyətcə daha yeni mərhələyə yüksələcək, ölkələrimizin regional və beynəlxalq gücünü artıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31