“Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır”

“Beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır”

İlham Əliyev: "Amma gerçəklik belədir ki, bu, baş vermir"

Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab  İlham Əliyevin Rusiya Federasiyasına  səfəri bir sıra vacib məqamları ilə yadda qaldı desək yanılmarıq.  Bunlardan biri İlham Əliyevin Soçidə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında iştirakı və rusiyalı həmkarı Vladimir Putinlə görüşü idisə, digər mühüm məqam isə dövlət başçısının sessiyada çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyanın bir müddət əvvəl səsləndirdiyi sərsəm fikirlərə verdiyi layiqli cavab idi. Təsadüfi deyil ki, bu günlər dünyanın aparıcı kütləvi informasiya vasitələrinin əsas mövzusu və baş xəbərləri də məhz Azərbaycanın dövlət başçısının sözügedən sessiyada səsləndirdiyi fikirlərdir. Cənab İlham Əliyevin "Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi" öz-özlüyündə təkcə Ermənistan rəhbərliyinə verilən cavab deyildi. Eyni zamanda bu dövlət başçısının dilindən növbəti dəfə beynəlxalq təşkilatlara, dünya dövlətlərinə, bir sıra hallarda erməni yalanlarına uymuş xarici dairələrə xatırlatma, xəbərdarlıq idi. O xəbərdarlıq da ondan ibarətdir ki, dünyada haqq, ədalət istəyən, hüquq norma və prinsiplərindən danışan tərəflər, güclər Dağlıq Qarabağ probleminin həllində də eyni prizmadan çıxış etməli, münaqişənin həllində beynəlxalq hüquq və normaları əsas götürməlidirlər. Ancaq indiki situasiyada müşahidə etdiyimiz acınacaqlı və təəssüf doğuran hal ondan ibarətdir ki, dünya birliyi, beynəlxalq aləm, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu bir çox hallarda Ermənistanın beynəlxalq hüquq və normalara zidd şıltaqlıqlarına göz yumur, işğalçı ölkə barədə heç bir ölçü götürmürlər. Necə ki, Ermənistanın baş naziri Nikol Paşinyanın müntəzəm olaraq qeyri-qanuni şəkildə Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etməsi beynəlxalq hüquq və prinsiplərin pozulmasıdır, eyni ilə də inqilabçı baş nazirin Qarabağda olarkən "Dağlıq Qarabağ Ermənistandır, nöqtə" deməsi də eyni münasibət, eyni yanaşmadır. Əslində Nikol Paşinyanın bir müddət əvvəl səsləndirdiyi həmin sərsəm fikirlərə beynəlxalq birlik, dünya ölkələri məhz beynəlxalq hüquq norna və prinsiplərindən çıxış edərək layiqli cavab versəydi, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də Soçidə belə bir sərt mövqe ortaya qoymasına zərurət yaranmazdı. Təsadüfi deyil ki, elə dövlət başçısı Cənab İlham Əliyev də Soçidə səfərdə olarkən Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına verdiyi  müsahibədə bu məqama xüsusi diqqət çəkib. Dövlət başçısı sözügedən müsahibələrdə haqlı olaraq vuröulayıb ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır: "Biz hansı tərəfdən baxsaq, əsas prinsip beynəlxalq hüququn norma və prinsiplərinə riayət olunmasıdır. Təəssüf ki, onlar kobud şəkildə pozulur və bu prinsiplərə hörmətin seçim yanaşması mövcuddur. Azərbaycan beynəlxalq hüququn prinsiplərinə riayət olunmamasından zərər çəkən ölkə kimi, o cümlədən ərazilərimizin Ermənistan tərəfindən işğalı ilə əlaqədar, əlbəttə ki, bütün beynəlxalq tədbirlərdə beynəlxalq hüququn zəruriliyinə təkid edir".

Dünyada beynəlxalq hüququn pozulduğu, bu məsələdə ikili standartların mövcud olduğuna yaxın tariximizdə bir xeyli faktlar da göstərmək mümkündür. Təkcə bir faktı qeyd etmək kifayət edər ki, mövcud mənzərə barədə aydın təsəvvür yaransın. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin ilk illərində, 1993-cü ildə bir-birinin ardınca 4 qətnamə qəbul edib. 822, 854, 874 və 884 saylı həmin qətnamələrdə Ermənistandan Azərbaycanın işğal altında olan ərazilərini boşaltmaq tələb olunur. Lakin həmin qətnamələrin qəbulundan 25 ildən artıq vaxt keçməsinə baxmayaraq onların nəinki biri, hətta qətnamədə əksini tapan müddəalardan heç biri belə icra  edilməyib. Ermənistanın dünyanın bir nömrəli təşkilatı sayılan BMT-nin qətnamələrinə əməl etməməsinə qarşı isə beynəlxalq səviyyədə heç bir ölçü götürülməyib, Ermıənistanın aqressiyası, işğalçılıq siyasətinin qarşısı alınmayıb. Əksinə mövcud cəzasızlıq mühitindən istifadə edən Ermənistan Azərbaycana qarşı aqressiyasını daha da genişləndirib. Bu gün də işğalçı ölkə dünyanın, beynəlxalq təşkilatların gözü qarşısında beynəlxalq hüquq və normaları kobud şəkildə pozaraq Azərbaycana qarşı aqressiyasını davam etdirir. Halbuki eyni proses bir başqa regionda, yaxud başqa ölkələr arasında yaşansaydı, başda BMT olmaqla dünyanın sivil təşkilatları dərhal hərəkətə keçər, beynəlxalq hüquq və prinsiplərin pozulmasının qarşçısını alardılar. Necə Suriya, İraq, Gürcüstan, hətta Krım məsələsində dünya dərhal hərkətə keçdi, eyniilə Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə də anoloji addımın atılması gözlənilən idi. Lakin təəssüflər olsun ki, dünyada mövcud olan ikili standartlar bir sıra hallarda beynəlxalq hüquq və normaların pozulmasına yol açır, bu mənfi tendensiyaya göz yumulur. Elə Azərbaycan Prezidenti Cənab İlham Əliyev də sözügedən televiziya kanalarına müsahibədə qeyd etdiyimiz məqama toxunaraq bildirib ki, BMT-nin Təhlükəsizlik Şurası bəzən qətnamələri bir neçə günə yerinə yetirir, bizə gəldikdə isə qətnamələr 25 ildən artıqdır ki, kağız üzərində qalır: "Bununla da bu aparıcı dünyəvi təsisat müəyyən dərəcədə nüfuzdan salınır. Buna görə də düşünürəm ki, beynəlxalq hüquq dünyadakı vəziyyətin əsas amili olmalıdır. Amma gerçəklik belədir ki, bu, baş vermir. Dünyanın qlobal işlərində Azərbaycan kimi ölkədən çox az şey asılıdır. Buna görə də düşünürəm ki, əsas məsuliyyət dünyanın aparıcı ölkələrinin üzərinə düşür və onlar dünyada sülhün qorunması üçün həmin prinsiplərə riayət etməlidirlər".

S.İsmayılbəyli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31