Sosial dayaqlarını itirmiş radikal müxalifət ölkədə sabitliyin pozulmasına çalışır- RƏY
Sosial dayaqlarını itirmiş radikal müxalifət ölkədə sabitliyin pozulmasına çalışır-RƏY
7 Oktyabr 2019 12:54 SiyasətMüxalifət heç bir effekt verməyən mitinq taktikasını yenidən işə salmağa çalışır
Azərbaycan siyasi səhnəsində heç bir çəkiyə malik olmayan radikal meyillilər özlərinin maddi maraqlarını, siyasi ambisiyalarını təmin etmək üçün milli maraqlara və cəmiyyətdə təşəkkül tapmış dəyərlərə zidd olan ən müxtəlif yollara istinad edirlər. Bu sırada özünü radikal müxalifət kimi təqdim edən AXCP, "Müsavat" və Milli Şura kimi radikal siyasi qruplaşmalar daha canfəşanlıq edir. Baxmayaraq ki, dağıdıcı düşərgə nümayəndələri bu gün Azərbaycan cəmiyyəti tərəfindən qınanır, ancaq onlar öz fəaliyyətlərini davam etdirirlər. Çox təəssüf ki, bu fəaliyyət anti-Azərbaycan dairələrin diktəsi ilə həyata keçirilir. Xaricdəki antiazərbaycan dairələrdən aldıqları qrantlarla yemlənən və onların antimilli ideyalarının köləsinə çevrilən radikal müxalifət yenə də piket keçirmək eşqinə düşüb. Maraqlıdır, radikal müxalifət oktyabrın 8-ə piket təyin etməkdə hansı məqsəd güdür?
Əvvala onu qeyd edək ki, oktyabrın 8-də razılaşdırılan piketin yüksək təhlükəsizlik şəraitində keçirilməsi üçün təşəbbüs qrupunun üzvləri- İbrahim İbrahimli, Eldəniz Quliyev bu gün Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunaraq, qanunun tələbləri nəzərlərinə çatdırılıb və xəbərdarlıq edilib. Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat xidmətindən verilən məlumatda bildirilib ki, piketin keçiriləcəyi ərazidə, hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb."Sərbəst toplaşmaq haqqında" qanununa əsasən ayrı-seçkiliyə, ədavət, zorakılıq və təhqiredici çağırışlarla müşayiət olunan milli, irqi, dini ədavəti təbliğ edən davranış, eləcə də müraciətdə göstərilən ifadələrdən əlavə digər şüarların səsləndirilməsinə imkan verilməyəcək. Qeyd olunanları nəzərə alaraq, təşəbbüskarları və qanunla 50 nəfərlik piketdə iştirak etmək arzusunda olanların hüquq qaydasına əməl etmələri tövsiyə olunub.
YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, məramı və məqsadi yalnız ölkədə qarışıqlıq salmaq, xaos yaratmaq, xarici təxribatçı kəşfiyyatın diktəsi ilə Azərbaycanın möhkəm sabitliyini pozmaqdan ibarət olan bu qüvvələr anlamırlar ki, piket və yaxud digər aksiya dövrü artıq arxada qalıb. Onların bu cür aksiyalarına özlərindən başqa heç kim gəlmir, Azərbaycan xalqı və cəmiyyəti küçələrdə hay-küy, vay-şivən qoparan bu radikallara inanmır, onlar çoxdan siyasi səhnəni tərk edibdir. Müxalifət bu cür tragikomik səhnələri ilə əksinə özünü gülünc vəziyyətə qoymaqdadır: "Azərbaycan bu gün öz inkişafı ilə bütün dünyada möhkəm sabitlik ölkəsidir, beynəlxalq miqyasda əhatəli islahatlar həyata keçirməklə davamlı inkişafını nümayiş etdirir. Aparılan islahatlar nəticəsində sosial rifahı və yaşayışı yaxşılaşan xalq iqtidarı dəstəkləyir. Bir neçə gün əvvəl Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən açıqlanmış rəy sorğusunun nəticələri də bir daha təsdiqləyir ki, Azərbaycan xalqı Preizdent İlham Əliyevin yürütdüyü siyasəti dətəkləyir. Xalq iqtidara dərin etimad göstərir. Rəy sorğularında respondentlərin verdiyi cavablar Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sözsüz ki, bu etimadın əsasında dövlət başçısının xalqın milli maraqlarına cavab verən siyasi kursu uğurla həyata keçirməsi dayanır".
V.Abdullayev hesab edir ki, bütün bunlar isə onu göstərir ki, Azərbaycanda əhalinin, ayrı-ayrı təbəqələrin narahatlığına və narazılığına, kütləvi aksiyalara səbəb ola biləcək hal yoxdur: "Sosial dayaqlarını itirmiş radikal müxalifət başçıları və onların azsaylı tərəfdarları Azərbaycanda sabitliyin pozulmasına çalışır, buna yönəlik müxtəlif cəhdlər edirlər. Belə cəhdlərdən biri kimi radikal müxalifət yenidən özünün köhnə, lakin heç bir effekt verməyən mitinq taktikasını işə salmağa çalışır. Bu da növbəti dəfə göstərir ki, müxalifətin radikal qanadının əməllərində, təfəkküründə hələ də dəyişiklik baş verməyib. Onlar hələ də ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi düşünürlər. Təbii ki, Azərbaycanın hüquq-mühafizə orqanları, ölkəmizdə xaos yaratmaq istəyən bu qüvvələrin qarşısını almalı, ölkəmizin milli maraqlarını satanları, xaricdəki ağaları ilə işbirliyi quranları cəzalandırmalıdırlar".
Nurlan
Olaylar.az