Azərbaycan–Rusiya münasibətləri bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır- TƏHLİL

Azərbaycan–Rusiya münasibətləri bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır-TƏHLİL

İlham Əliyev: "Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və zamanın sınağından çıxıb"

Azərbaycanla Rusiya arasında münasibətlər uzun bir tarixi dövrü, daha dəqiq desək, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə birləşdirir. Xüsusilə Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Rusiya ilə əməkdaşlığın qorunub saxlanması və möhkəmlənməsi ölkəmizin xarici siyasətinin ən mühüm prioritetlərindən biri hesab olunur. Şübhəsiz, bu işdə ümummilli lider Heydər Əliyevin xidmətləri çox böyükdür. Məhz Ulu Öndər siyasi hakimiyyətə qayıdandan sonra 1990-cı illərin əvvəlində aralarında müəyyən soyuqluq müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərini normallaşdırmağa nail olunub.  İki ölkənin qarşılıqlı münasibətləri tarixində yeni səhifə isə cənab Vladimir Putin Rusiyanın Prezidenti seçiləndən sonra açılıb. Müsbət haldır ki, müasir mərhələdə dövlət başçıları- İlham Əliyev və Vladimir Putin mövcud əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə biliblər.

Təsadüfi deyil ki, Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın "Rossiya" və "Birinci" televiziya kanallarına müsahibəsində qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakter daşıyır və zamanın sınağından çıxıb: "Bizim Rusiya ilə münasibətlərimiz hər hansı xarici siyasi gündəlikdən azaddır. Bu münasibətlər zamanın sınağından çıxıb. Hər iki tərəf bu münasibətləri strateji tərəfdaşlıq münasibətləri adlandırır. Bu, həqiqətən də belədir. Çünki biz həm qonşuyuq, həm də mehriban dostlarıq. Son vaxtlar bizim münasibətlərimiz xeyli səmərəli və keyfiyyətli olub. Biz həm beynəlxalq meydanlarda əməkdaşlıq edir, həm də bir-birimizi dəstəkləyirik. Deməliyəm ki, AŞPA-nın iyun sessiyasında Rusiya nümayəndə heyətinin qayıdışı məsələsi həll olunarkən, Azərbaycan nümayəndə heyəti tam tərkibdə Strasburqda Rusiyanın Avropa Şurası Parlament Assambleyasına qayıtmasına səs vermişdi. Biz, həmçinin BMT, ATƏT, təbii ki, MDB məkanında sıx qarşılıqlı fəaliyyət göstəririk, çox sıx ticari-iqtisadi münasibətlərimiz mövcuddur. Bu il əmtəə dövriyyəsi 20 faizdən çox artıb. Rusiyadan Azərbaycana, Azərbaycandan Rusiyaya çoxmilyardlı investisiyalar qoyulur. Energetika, nəqliyyat, humanitar, hərbi-texniki və turizm sahələrində əməkdaşlıq edirik. Yəni, əməkdaşlıq etmədiyimiz sahələrin adını çəkmək daha asandır. Buna görə, bir daha demək istəyirəm ki, müstəqil xarici siyasət kursu yeridən ölkə kimi Azərbaycan Rusiyanı mühüm tərəfdaşlardan biri, mehriban dost, qonşu hesab edir. Prezident Putinlə bugünkü görüş bunu bir daha təsdiq etdi".

Doğrudan da Azərbaycanla-Rusiya arasındakı münasibətlər zamanın sınağından ləyaqətlə çıxmağı bacarıb. Uzun illərdən bəri iki ölkə arasındakı əməkdaşlıq ən müxtəlif sahələri əhatə etsə də, dövlətlərarası əlaqələrə ciddi xələl gətirməyib. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlər hələ  4 aprel 1992-ci il tarixində Bakıda imzalanmış müvafiq protokol əsasında qurulub. 1992-ci ildə Azərbaycanın Rusiyada, Rusiyanın isə Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. Ölkələrimiz təkcə diplomatik deyil, eləcə də qanunvericilik sahəsində əməkdaşlıqda maraqlı olublar. Belə ki, 16 aprel 2001-ci il tarixində imzalanmış "Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyasının Federal Məclisi arasında əməkdaşlıq haqqında" Sazişə əsasən AR MM və RF FM-nin əməkdaşlığı üzrə Parlamentlərarası Komissiya təsis edilib. Onun iş qaydaları 21 oktyabr 2004-cü il tarixində təsdiq edilmiş Reqlamentlə müəyyən olunub.

Siyasi sahədə əməkdaşlıq isə Azərbaycanla Rusiyanı strateji müttəfiqə çevirib. İki ölkə arasında siyasi sahədəki münasibətlərin əsaslarını müəyyən edən "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" Müqavilə ilə yanaşı, digər mühüm sənədlər də imzalanıb. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr haqqında Protokola əsasən, iki ölkənin XİN-ləri arasında ildə iki dəfədən az olmayaraq məsləhətləşmələr həyata keçirilir. 2010-cu ildə yaradılmış Azərbaycan-Rusiya forumu iki ölkənin həyatında xüsusi yer tutuir, özünün vacibliyini və səmərəliliyini sübut edir, dövlətlərimiz arasında etimada əsaslanan işgüzar əlaqələrin nə dərəcədə davamlı olmasını nümayiş etdirir. Ekspertlər hesab edirlər ki, iki ölkənin regionlarının qarşılıqlı fəaliyyətinin genişlənməsi və möhkəmlənməsi üzrə həm Azərbaycanda, həm də Rusiyada intensiv iş aparılır. Çünki, Azərbaycan və Rusiya regionlar arasında yeni, qarşılıqlı faydalı əlaqələrin yaranmasına, digər tərəfdən isə dövlətlərimizin strateji tərəfdaşlığının möhkəmlənməsində maraqlıdır.

Azərbaycan və  Rusiya həmçinin iqtisadi, ticari, enerji təhlükəsizliyi sahəsində də əməkdaşlıqda maraqlıdır. İki ölkə arasında 2011-ci ildə Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə ticarət əlaqələri haqqında sazişlə qoyulan iqtisadi əməkdaşlıq hazırda ən yüksək səviyyədədir. Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi ildən ilə artmaqdadır. AR və RF arasında humanitar əməkdaşlıq əsasən humanitar sahədə əməkdaşlıq proqramları ilə tənzimlənir. İki ölkə arasında mədəniyyət, elm və təhsil sahələrində uzunmüddətli əməkdaşlıq proqramları  uğurla icra olunub. İki ölkə arasında humanitar əlaqələrin demək olar ki, bütün aspektlərini tənzimləyən ikitərəfli saziş və müqavilələr, həmçinin, hər iki ölkənin mədəniyyət nazirlikləri arasında hər il yenilənən əməkdaşlıq proqramları, təhsil nazirlikləri arasında əməkdaşlıq haqqında protokollar mövcuddur.

Beləliklə, ölkələrimiz arasında siyasi, iqtisadi sahələrdə əməkdaşlıq son illər nəzərəçarpacaq dərəcədə canlanıb. Hazırda beynəlxalq təşkilatlarda bərabər təmsil olunan ölkələrimiz mənafelərin qarşılıqlı müdafiəsinə önəm verirlər. Ümumilikdə Azərbaycan-Rusiya münasibətləri bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır. Hazırda qüvvədə olan "Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat", "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı" və "Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında 2024-cü ilədək Əməkdaşlıq Proqramı" kimi sənədlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından mühüm önəm daşıyır. İki ölkə başçılarının  görüşləri və imzalanmış sənədlər də bir daha onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında dostluq, mehriban qonşuluq münasibətləri bundan sonra da sürətlə inkişaf edəcək, regionda sülhün və təhlükəsizliyin təminatı üçün başlıca rol oynayacaq.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31