Azərbaycan-Rusiya əlaqələri uğurla inkişaf edir

İlham Əliyev: “Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur” Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu onun yaxın və uzaq ölkələrlə yaxından əməkaşlıq etməsi, ikitərəfli və çoxtərəfli münasibətlər qurmasına təkan verir.  İstər yerləşdiyi coğrafiyada, istərsə də ayrı-ayrı regionlarda, ümumilikdə dünyada Azərbaycanın həyata keçirdiyi diplomatiya təqdir edilir, bəyənilir.

İlham Əliyev: "Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur"

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu onun yaxın və uzaq ölkələrlə yaxından əməkaşlıq etməsi, ikitərəfli və çoxtərəfli münasibətlər qurmasına təkan verir.  İstər yerləşdiyi coğrafiyada, istərsə də ayrı-ayrı regionlarda, ümumilikdə dünyada Azərbaycanın həyata keçirdiyi diplomatiya təqdir edilir, bəyənilir.

Günümüzdə, ümumiyyətlə tarixən Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi, qarşılıqlı münasibətlər əsasında dostluq münasibətləri qurduğu ölkələrdən biri də şimal qonşumuz olan Rusiya Federasiyasıdır. Bu ölkə ilə Azərbaycanı dərin tarixi köklər bağlayır desək yanılmarıq. Həm də bu bağlılıq həm siyasi, həm iqtisadi, həm də mədəni-humanitar aspektlərdə özünü büruzə verib və bu gün də eyni tendensiya artan xətt üzrə davam edir.

Tam əminliklə deyə bilərik ki, tarixi köklərə, yaxın qonşuluq münasibətləri, ən əsası hər iki ölkənin bir-birinə olan xoş münasibətindən dolayı  günümüzdə Azərbaycanla Rusiya arasında heç bir problem yoxdur, Moskva və Bakı istənilən məsələni, hətta hansısa üçüncü tərəfin təxribatı, yaxud müəyyən geosiyasi proseslər baxımından meydana çıxan xırda problemləri qarşılıqlı anlaşma şəraitində yoluna qoya bilir. Yaxın tariximizdə buna yaxın, oxşar bir çox misallar, hadisələr olduğu üçün onları bir-bir sadalamağa da ehtiyac yoxdur. Çünki hər iki ölkənin ictimaiyyətinin baş verənlər, olub-keçənlərdən doğru-dürüst məlumatı, xəbəri var.  Baxmayaraq ki, müəyyən qüvvələr, əsasın Ermənistan və onun lobdisi, erməni diaspor təşkilatları zaman-zaman Rusiya ilə Azərbaycan arasında yüksələn xətlə müşahidə edilən əməkdaşlığa kölgə salmağa, ölkələr arasında problemlər, ziddiyyətlər yaratmağa çalışıb, lakin Moskva və Bakı həmin təxribatların zamanında qarşısını ala bilib. Bu da yuxarıda qeyd etdiyimiz kimi iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq, bir-birinə olan xoş münasibətlərdən irəli gəlir. Bütün bunlardan isə ən vacib olanı təkcə ölkələr arasında deyil, eləcə də hər iki ölkənin siyasi liderləri arasında mövcud olan dostluq münasibətləridir. İstər Kreml rəhbəri Vladimir Putinin Azərbaycana, istərsə də Azərbaycanın dövlət başçısı Cənab İlham Əliyevin şimal qonşumuza edilən davamlı səfərləri və keçirilən yüksək səviyyəli görüşlər, əldə edilən razılaşmalar Rusiya ilə Azərbaycan arasında əlaqələri daha da inkişaf etdirir, iki ölkə arasındakı münasibətləri yeni bir mərhələyə gətirib çıxarır.

Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın yüksək səviyyədə olduğu və bu münasibətlərin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığı bu günlərdə Azərbaycan Respublikasının Prezdenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına səfəri zamanı bir daha öz təsdiqini tapdı. Səfər çərçivəsində Soçidə keçirilən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi bu gün ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır: "Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi. Mən bu münasibətlə həmkarlarımızı təbrik etmək istərdim".

Rusiya ilə Azərbaycan arasında iqtisadi sahədə də əməkdaşlıq yüksək səviyyədədir. Həm bu ölkədə yaşayan, işləyən, müxtəlif şirkətlərdə çalışan və onlara rəhbərlik edən soydaşlarımız, həm də Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və onların tanınmış simaları, iş adamları Moskva ilə Bakı arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə təkan verir. Çoxsaylı Azərbaycan şirkətləri və iş adamlarının Rusiyaya, eləcə də rusiyalı investorların Azərbaycana sərmayə yatırması iki ökə arasında ticarət dövriyyəsinin artmasına təkan verir.  Xüsusilə onu da qeyd etmək lazımdır ki, iki ölkə arasında iqtisadi sahədə əlaqələrin inkişaf etməsi və bu sahədə müsbət dinamikanın əldə olunmasında artıq uzun illərdir ki, uğurlu platforma kimi fəaliyət göstərən Rusiya-Azərbaycan Regionlararası Forumu da mühüm əhəmiyyət kəsb edir. Bu müsbət tendensiyadan dövlət başçıları da razıdırlar və Cənab İlham Əliyev də Soçidə keçirdiyi görüşlərdə bunu bir daha qeyd edib: "Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur. Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş "Yol xəritəsi" çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar".

Azərbaycanla Rusiya arasında ən yüksək səviyyədə əməkdaşlığın həyata keçirildiyi sahələrdən biri də hərbi sahədir. Azərbaycan müharibə şəraitində olduğu üçün hərbi potensialı, qüdrətini artırması şərtdir, zəruridir. Azərbaycanın belə bir zərurət qarşısında qalmasını isə Rusiya tərəfi gözəl dərk edərək Bakı ilə hərbi-texniki sahədə əməkdaşllığı davam etdirir, Bakının istəyinə uyğun olaraq ona silahlar satır. Təsadüfi deyil ki, Cənab İlham Əliyev də Soçidə keçirdiyi görüşlərdə bu fakta diqqət çəkib: "Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik".

Göründüyü kimi, Azərbaycanla Rusiya arasında əlaqələr yüksələn xətlə inkişaf edir və artıq bu əlaqələr strateji tərəfdaşlıq səviyyəsindədir. Həyata keçirilən bu kimi qarşılıqlı səfərlər və ölkələr arasında mövcud olan yüksək səviyyəli siyasi dialoq Moskva ilə Bakını daha da yaxınlaşdırır, gələcək layihələr, yeni-yeni birgə əməkdaşlıq üçün perspektivlər açır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31