Küçə demokratı Paşinyanın nöqtəsinə qoyulan NİDA- RƏYLƏR

Küçə demokratı Paşinyanın nöqtəsinə qoyulan NİDA-RƏYLƏR

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik səylərin artdığı, tərəflər arasında danışıqlar prosesi aktiv fazaya qədəm qoyduğu ərəfədə bir qayda olaraq işğalçı Ermənistanın rəhbərliyi danışıqlar prosesinə mane olmağa, Azərbaycanı təxribata çəkməyə yönəlik gedişlər edir, sərsəm bəyanatlar, açıqlamalar verir. Diqqət etsək görərik ki, bu mənfi tendensiya Ermənistanın bütün hakimiyyətlərinə xas olub və hazırda da Paşinyan tərəfindən davam etdirilir. İnqilabçı baş nazirin tez-tez Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər edərək sərsəm açıqlamalar verməsi, Azərbaycanı təxribata çəkən bəyanatlar verməsi, eləcə də cəbhə xəttində müntəzəm olaraq yol verilən təxribatlar, mövqelərimizə edilən diversiya hücumları deyilənlərin təsdiqidir. Düzdür, Azərbaycan tərəfi istər hərbi, istərsə də diplomatik baxımdan işğalçı ölkə rəhbərliyinin sərsəmləmələrinə öz layiqli cavabını verir, onu müəyən mənada cəzalandırır. Ancaq görünən odur ki, Ermənistan rəhbərliyi indiə qədər olanlardan nəticə çıxarmadığı üçün öz sərsəmliklərini davam etdirir. Elə işğalçı ölkənin baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" kimi absurd və beynəlxalq hüquq normalarına zidd açıqlaması da bunun əyani sübutudur.

Yuxarıda qeyd etdiyimiz kimi işğalçı ölkənin bütün təxribatları, sərsəm bəyanat və açıqlamaları kimi Nikol Paşinyanın son sayıqlaması da cavabsız qalmadı və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Paşinyanın layiqli cavabını verdi. Kifayətqədər məntilqi və əsaslandırılmış şəkildə verilən cavabın səsləndirildiyi auditoriya da burada diqqətçəkicidir. Əgər Paşinyan "Qarabağ Ermənistandır, nöqtə" deyərək sərsəmlədiyi fikirləri məhdud çərçivədə. çevrədə səsləndirmişdisə, Azərbaycan dövlət başçısı Paşinyanın cavabını "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında verdi. Həmin sessiya ki, sözügedən toplantı məhz ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən birində, Rusiya Federasiyasında keçirilirdi. Eyni zamanda həmin sessiyada Dağlıq Qarabağ probleminin həlli istiqamətində xüsusi fəallıq göstərən, ikitərəfli görüşlər barədə tez-tez təşəbbüslər irəli sürən Rusiya Federasiyasının prezidenti Vladimir Putin, bu ölkənin yüksək rütbəli rəsmiləri, həmçinin dünyanın tanınmış siyasiləri, dövlət rəhbərləri, ekspertləri, rəsmi nümayəndələri iştirak edirdi. Azərbaycan dövlət başçısının Paşinyanın sərsəm açıqlamasına qarşı "Qarabağ Azərbaycandır və nida işarəsi" ifadəsinin sessiya iştirakçıları, xüsusilə də Kreml rəhbəri Vladimir Putin tərəfindən məmnunluqla qarşılandığı, Azərbaycanın bu mövqeyi ilə razılaşdığı Risiya Federasiyası rəhbərinin üz gizgilərindən də açıq sezilirdi. Cənab Prezidentin Paşinyana cavabı bir tərəfdən Azərbaycanın torpaqlarının itirilməsi ilə barışmayacağı anlamı verirdisə digər tərəfdən dünya birliyinin, münaqişənin həlli ilə məşğul olan tərəflərin rəsmi Bakının mövqeyinə hörmətlə yanaşıldığını ifadə edirdi. Təsadüfu deyil ki, elə Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Paşinyanın "Qarabağ Ermənistandır, nöqtə" kimi sərsəm açıqlamasını təqdir etməyib, bu kimi ifadələrin problemin həlli prosesinə maneçilik yaratdığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Soçidə Ermənistanın baş nazirinə ünvanladığı cavab ölkə daxilində də yüksək səviyyədə dəstək görüb və əksəriyyət dövlət başçısının bu cavabının Paşinyanda tərs sillə effekti yaradacağını vurğulayıb.

Milli Məclisin deputatı Nəsib Məhəməliyev  deyib ki, bu ilki müzakirələrdə prezident İlham Əliyevin, son dövrlərdə bir neçə körpü arasında vurnuxan, küçə demokratı Paşinyanın nöqtəsinə çox ağıllı, düşünülmüş NİDA cavabı nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da ,net' cavabı oldu: "Hər bir azərbaycanlı bu cavabı gözləyirdi. İndi belə bir tarixi bəyanatdan sonra, xalqımız öz liderinə daha da çox güc verməli, onun ətrafında daha sıx birləşməlidir. Dünya real şəkildə xalqın vəhdətini hiss etməlidir. Qarabağ düyünün açılışı bu birlikdən asılıdır".

Millət vəkili onu da qeyd edib ki, Beynəlxalq " Valday" diskussiya klubu, 2004- cü ildən fəaliyyət göstərir. İlk dəfə Rusiya Federasiyasının Nijni Novqorod vilayətində yerləşən Valday gölü ətrafında keçirildiyi üçün, həmin gölün adı ilə adlandırılıb: "Artıq kifayət qədər populyarlıq qazanmış bu beynəlxalq platformada bir çox ölkə rəhbərləri, dünyanın ən nüfuzlu akademik dairələr, siyasətçilər, jurnalistlər bəşəriyyətin qarşısında duran, ən aktual problemləri müzakirəyə çıxarırlar. Bu baxımdan " Valday" diskussiya klubunu olduqca əhəmiyyətli siyasi platforma hesab etmək olar".

Millət vəkili Sahib Alıyev də bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi: "Qarabağ Azərbaycandır və nida"!. Xatırladaq ki, Nikol Paşinyan o sözləri Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, xarici işlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi. Verdi və Ermənistan baş nazirinin sözlərinin doğuradan da sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsa belə, etiraz etməyə söz tapmayacaqdı. Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu o olsun gərək".

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31