Prezidentin çıxışı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqlədi- MÜNASİBƏT

Prezidentin çıxışı Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqlədi

Deputat: "Paşinyanın cavabını vermək üçün bundan uyğun auditoriya ola bilməzdi"

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyada iştirak edib. Azərbaycan Prezidenti plenar iclasda çıxış edib. Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirib, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin "Qarabağ Ermənistanın hissəsidir və nöqtə" bəyanatının yalan olduğunu vurğulayaraq dedi: "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi". Xatırladaq ki, prezident İlham Əliyev daim ən yüksək tribunalardan  Dağlıq Qarabağla bağlı mövqeyini bəyan edib. Ümumilikdə ölkə bağçısının mövqeyi ondan ibarətdir ki, Azərbaycanın ərazisinin bütövlüyü müzakirə mövzusu olmayıb və olmayacaq: "Biz heç bir zaman Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşmayacağıq və erməni tərəfi də bunu əla bilir". Millət vəkili Sahib Alıyev bildirib ki, "Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" sayıqlamasına Azərbaycan Prezidenti cənab İlham Əliyevdən cavab gəldi: "Qarabağ Azərbaycandır və nida"! Xatırladaq ki, Nikol Paşinyan o sözləri Xankəndində demişdi. Dövlət başçımız isə Rusiya Prezidenti Vladimir Putinlə, Xarici İşlər naziri Sergey Lavrovun və dünyanın onlarla tanınmış beyin mərkəzlərinin analitiklərinin qarşısında "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasındakı çıxışı zamanı onun cavabını verdi". Onun sözlərinə görə, bu cavab Ermənistan baş nazirinin sözlərinin doğrudan da sayıqlama olduğunu, həddini aşdığını elə dəqiqliklə əsaslandırdı ki, Paşinyan özü orda olsaydı belə, etiraz etməyə söz tapmayacaqdı: "Mənə elə gəlir ki, Paşinyanın cavabını vermək üçün bundan doğru zaman, uyğun auditoriya, eləcə də yer ola bilməzdi və diplomatik nokaut deyilən bir anlayış varsa, bu o olsun gərək". Millət vəkili əlavə edib ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın "Qarbağ Ermənistandır",- deməsini Albaniyanın baş nazirinin "Kosovo Albaniyadır",- sözləriylə eyniləşdirməsinin arxasında dayanan reallıq heç də yenilik deyil. Kremldəkilər Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi görmürlər və görmək də istəmirlər: "Ola bilər ki, hayların özlərinə də bəlli olan bu reallığı açıq şəkildə dilə gətirməklə Rusiyanın Xarici İşlər naziri növbəti dəfə Ermənistanın baş nazirinə həddini göstərirdi, amma əsla Qarabağ probleminin həllinin tezləşdirilməsinin tərəfdarı kimi çıxış etmədi. Əgər o, problemin tezliklə çözülməsini və Azərbaycan torpaqlarının işğaldan azad olunmasını istəsəydi, onda "Rusiya Qarabağda yenidən döyüşlərin baş verməməsi üçün əlindən nə gəlir edəcək",-söyləməzdi. Deyərdi ki, Rusiya regionda savaş təhlükəsinin aradan qalxması üçün Ermənistandan qoşunlarını Azərbaycan torpaqlarından çıxarmasını tələb edir. Hesab edirəm ki, Nikol Paşinyana görə Rusiyaının Dağlıq Qarabağ probleminə yanaşmada mövqeyinin dəyişəcəyini düşünmək yanılışdır. Bu problemin ədalətli çözümü ancaq və ancaq Azərbaycanın dayanmadan güclənməsindən, ölkədəki sabitliyin daha da möhkəmlənməsindən, əmin-amanlığı artmasından, böyük dövlətlər, o sıradan da Rusiyayla qarşılıqlı maraq üzərində qurulan əməkdaşlığın dərinləşməsindən, Ermənistanın isə bütün cəbhələrdə davamlı təzyiq altında saxlanmasından keçir ki, cənab Prezidentin yeritdiyi və yürütdüyü siyasət də elə budur". Hüquq elmləri doktoru, Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev qeyd edib ki, Azərbaycanla Rusiya arasında münasibətlər, əlaqələr uzun bir tarixi dövrü, yüzillikləri əhatə edir. Bu iki ölkəni, Azərbaycan və rus xalqını təkcə sərhədlər deyil, həm də tarixi, siyasi, mədəni, sosial bağlar bir-birinə bağlayır, birləşdirir: "Rusiya eyni zamanda, 30 ildən artıq davam edən və hələ də ədalətli həllini tapa bilməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biridir. Azərbaycan cəmiyyətində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində gözləntilər digər həmsədr dövlətlərdən bəlkə də ən çox qonşu və dost Rusiyadandır. Azərbaycan vətəndaşları bu münaqişənin sülh yolu ilə ədalətli həllinə Rusiyanın töhfələr verəcəyinə daha çox ümidlidirlər. Heç təsadüfi deyil ki, Azərbaycan Prezidenti son Soçi görüşündə səsləndirdiyi bəyanatında da bu məqama xüsusi yer ayırmışdı. Dövlət başçısının bu qəti və konkret fikri düşmənin bütün niyyətlərini puç etməklə Azərbaycanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiqlədi".

Zəka

Olaylar.az

Paşinyanın yalnış siyasəti Moskvanı İrəvandan uzaqlaşdırır- Siyasi analiz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31