İlham Əliyev Paşinyanın nöqtəsinin qarşısına nida qoydu- RƏY
İlham Əliyev Paşinyanın nöqtəsinin qarşısına nida qoydu-RƏY
4 Oktyabr 2019 13:40 SiyasətBu, Ermənistan rəhbərliyinə öldürücü siyasi zərbə təsiri idi
Azərbaycanın dövlət başçısı İlham Əliyev Rusiyanın prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyanın Soçi şəhərində keçirilən "Valday" Beynəlxalq Diskussiya Klubunun plenar iclasında iştirak etmək üçün səfər edib. Etiraf edilməlidir ki, Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri və Soçidə Prezident Vladimir Putinlə görüşü, "Valday" Beynəlxalq Diskussiya Klubunun iclasında məhsuldar iştirakı iki ölkə arasında siyasi-iqtisadi və humanitar əlaqələrin növbəti dəfə ən yüksək səviyyədə dinamikasını təsdiqlədi. Səfər həm də Rusiyanın Azərbaycanın ən yaxın strateji müttəfiqi olduğunu və tərəflərin region üçün örnəyə çevrilən siyasi obrazını nümayiş etdirdi. Eyni zamanda, Prezident İlham Əliyevin dünyanın ən mötəbər beyin mərkəzlərindən biri olan "Valday" Klubunda yer alması onun güclü siyasi nüfuzunun göstəricisi kimi yadda qaldı. Millət vəkili Azər Badamov qeyd edib ki, iclasdan əvvəl Rusiya prezdenti Putinlə cənab İlham Əliyev arasında çox yüksək səviyyəli ikitərəfli görüş keçirilib: "Burada bir müqayisəni aparmaq istəyirəm. Bir neçə gün əvvəl Rusiya prezdenti Vladimir Putin Avrasiya İqtisadi Şurasının Sammitində iştirak etmək üçün bir neçə saatlıq Ermənistanda səfərdə oldu. Ermənistanın baş naziri Nikol Paşinyan dəridən-qabıqdan çıxırdı ki, Putinlə normal görüş keçirsin, danışıqlar masası arxasında otursun. Ancaq prezdent Putinin Paşinyana münasibəti o qədər mənfi idi ki, hətta, Paşinyanla yanbayan belə oturmadı. Sammit çərçivəsində çəkilən fotoda da Putinin kənarda durması, prezdentlərlə avtobusda oturanda da lap arxada-Paşinyandan uzaqda dayanması və səfərin sonunda aeroportda ayaqüstü görüşməsi əslində Rusiya liderinin Paşinyanı ciddi bir dövlət başçısı kimi qəbul etməməsindən irəli gəlirdi. Belə demək mümkünsə, Putinin Ermənistana səfəri Paşinyanın avtobusda dövlət rəhbərinə xas olmayan ucuz selfi çəkməsi ilə yadda qaldı". Millət vəkili deyib ki, Ermənistan bu sammiti təşkil etməklə beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığı olmadığını və Paşinyanın bir ölkə rəhbəri kimi qəbul edilmədiyini dünyaya bir daha nümayiş etmiş oldu: "Ancaq bunun əksi olaraq, Vladimir Putin dünən bir daha İlham Əliyevlə bir yaxın dost kimi çox səmimi görüşdü, ikitərəfli çox yüksək səviyyəli görüş keçirdi. Görüşdə iki ölkə arasında strateji əməkdaşlığın daha da genişləndirilməsi ətrafında ətraflı fikir mübadiləsi aparıldı. Dövlət başçıları son bir neçə ayda prezdentlər arasında görüş olmasa da, iki ölkə arasındakı iqtisadi-siyasi əlaqələrin artan dinamika üzrə inkişafından məmnun olduqlarını bildirdilər. Eyni zamanda, cənab İlham Əliyevin dəvət olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubu dünyada meydana gəlmiş qlobal siyasi-iqtisadi problemlərin müzakirə olunduğu geniş platformadır. Bu tədbirdə dünya siyasətində rolu və yeri olan dövlət başçıları, siyasətçilər, alimlər və bir sözlə, beyin mərkəzləri iştirak edirlər. "Valday" Klubunun dünən keçirdiyi plenar iclasın sessiyasında da prezdent İlham Əliyev möhtəşəm nitqi, tarixi bəyanatı ilə yadda qaldı. Əvvəla, onu qeyd etmək istəyirəm ki, İlham Əliyevdə xarizmatik görünüş, səlis nitq qabiliyyəti və auditoriyanı ələ almaq bacarığı o biri natiqlərdən əməlli-başlı fərqlənirdi. Bu fərqi cənab İlham Əliyevin nitqi zamanı auditoriya iştirakçılarının necə diqqətlə və maraqla dinləmələrindən açıq-aydın hiss etmək heç də çətin deyildi".
Onun sözlərinə görə, Prezident İlham Əliyev öz nitqində Azərbaycanın dünya siyasətinə verdiyi töhfələrindən, AŞPA-ya Rusiyanın qayıdılması ilə bağlı Azərbaycanın dəstəyindən, Azərbaycanın bugünkü iqtisadi uğurlarından danışaraq, Dağlıq Qarabağ münaqişəsinin həll olunmayaraq, bu günə qədər davam etməsinə geniş yer ayırdı: "Paşinyanın Xankəndiyə səfəri zamanı söylədiyi "Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir və nötə" sərsəm ifadəsinə cavab olaraq, "Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi" deməsi ən tutarlı və Paşinyanın savadsızlığının ifşaedici cavabı oldu. Hesab edirəm ki, ermənilər və Ermənistan uzun müddət bundan özlərinə gələ bilməyəcəklər, aldıqları zərbə çox sərrast və çox sarsıdıcı oldu. Bu gedişlə davam etsələr, daha sarsıdıcı cavablarını alacaqlar".
Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanın dövlət başçısının ən ali tribunadan, dünyanın beyin mərkəzlərini toplaşdığı camiədən işğalçı Ermənistan rəhbərliyini ifşa etməsi, onun nöqtəsinin qarşısına nida qoyması heç şübhəsiz ki, Paşinyana öldürücü siyasi bir zərbə təsiri idi. Azərbaycan Prezidentinin "Valday" Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında iştirakı və yüksək vəzifəli dövlət xadimləri ilə görüşləri isə bir daha onun beynəlxalq səviyyədə qəbul olunan siyasi lider olmasını təsdiqləyir. Cənab İlham Əliyevin ən mötəbər beynəlxalq tədbirlərə dəvət olunması və müzakirələrdə fəal iştirak etməsi qlobal məsələlərdə, sülh və təhlükəsizliklə bağlı disskusiyalarda Azərbaycanın mövqeyinin, rəyinin nəzərə alındığını göstərir. Hazırda Azərbaycan və Ermənistan rəhbərlərinin siyasi politrası ondan ibarətdir ki, Azərbaycan Prezidenti dünya liderləri ilə açıq siyasi dialoqlarda, səmimi görüşlərdə ilk sıralarda yer alır, Ermənistanın "meydan qəhrəmanı" və küçə psixologiyasına köklənmiş rəhbərliyi isə hər zaman olduğu kimi qapı arxasında qalır.
Nurlan
Olaylar.az