Rusiya Cənubi Qafqazda vassalını, Ermənistan isə havadarını itirmək üzrədir- Geosiyasət
Rusiya Cənubi Qafqazda vassalını, Ermənistan isə havadarını itirmək üzrədir-Geosiyasət
4 Oktyabr 2019 12:17 Siyasət"Böyük qardaş"ın mövqeyi Yerevanın "kürkünə birə salıb"
Son günlər regionda cərəyan edən proseslər deməyə əsas verir ki, Rusiya Federasiyası ilə işğalçı Ermənistan arasındakı münasibətlərin soyuması müşahidə olunur. Real vəziyyət ondan ibarətdir ki, rəsmi Moskva mövcudluğuna görə Rusiyaya borclu olan Ermənistandan istədiyini əldə edə blimir, Yeravan isə işğalçılıq siyasətinə baraət qazandırmaq üçün yeni himayədar axtarır. Baxmayaraq ki, sözügedən dövlətlər bir-birini strateji müttifiq adlandırır, ancaq Nikol Paşinyanın ipə-sapa yatmaması, Rusiyanın ciddi narazılığına səbəb olub. Rusiyada hesab edilir ki, Nikol Paşinyanın antirusiya mövqe sərgiləməsi tarixi müttəfiqinə qarşı xəyanət, Ermənistana göstərilən siyasi və hərbi dəstəyə dirsək nümayiş etdirməkdir. Vəziyyət o həddə çatıb ki, hətta rus qoşunlarının Ermənistanda yerləşməsi haqda sazişə yenidən baxılması barədə fikirlər səsləndirilir. Gətirilən əsas ondan ibarətdir ki, baş nazir Nikol Paşinyan rəsmi olaraq Moskva ilə qardaşlıq münasibətlərinin möhkəmliyini bəyan etsə də, əslində Qərbin maraqlarına doğru istiqamət götürüb. Elementar siyasi diplomatiya bilgilərindən uzaq olan Paşinyan dövlətlərarası münasibət nizamından yan keçdiyindən "sürüşkən siyasətçi" imicini qazanıb. Qətiyyətlə demək olar ki, yaranmış vəziyyət Ermənistanın "kürkünə birə salıb".
Etiraf edilməlidir ki, artıq Rusiyada Ermənistan rəhbərliyinin yürütdüyü siyasətin mahiyyəti aydın başa düşülür. Elə buna görə də Rusiya regionda müttəfiq kimi Yerevana güvənmir. Heç şübhəsiz ki, rəsmi Yerevanda anlayırlar ki, Rusiya-Ermənistan münasibətlərinin soyuqlaşması Dağlıq Qarabağ münaqişəsinin alovlanmasına, bu isə Yerevan üçün acı nəticələrə gətirib çıxara bilər. Çünki, Azərbaycan silahlı qüvvələri Ermənistan ordusu ilə müqayisədə dəfələrlə güclüdür və qısa müddətdə işğal olunmuş torpaqları azad etmək iqtidarındadır.
Lakin bütün siyasi, iqtisadı və hərbi müttəfiqliyinə baxmayaraq Rusiya heç bir halda Ermənistanı yerində oturtmaq, hətta cəzalandrmaq niyyətindən vaz keçməyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən söylədiyi fikirləri Rusiya-Ermənistan münasibətlərində yaranmış soyuqluğun bariz nümunəsidir. Əvvəlcə onu qeyd edək ki, Lavrov toplantıda Dağlıq Qarabağ prosesinin nizamlanması haqqında sualı cavablandırarkən bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri sıx dostluq şəraitində çalışırlar: "Onlar bu il üç dəfə xarici işlər nazirləri ilə görüşüblər, o cümlədən bu ilin aprelində mənim iştirakımla Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə görüş keçirilib. İndi vəziyyət bir il əvvəlkindən sakitdir. Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni aradan qaldıra bilmirik. Tərəflər yetərincə ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir". Rusiya XİN-in ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə işlədiyini vurğulayan S.Lavrov deyib: "Bu, az sayda hallardan biridir ki, bizim məsələyə baxışımız tamamilə eynidir, bizim baza sənədlərimiz var. Bizim dəfələrlə müzakirə olunmuş baza prinsiplərimiz var. Bu prinsiplər əsasında məsələnin həllini axtaracağıq. Amma məsələnin həlli birbaşa dialoq yolu ilə tapılmalıdır. Əlaqələr var, lakin nizamlanmaya dair dialoq hələlik bərpa olunmur. Mən burada döyüş əməliyyatlarının yenidən başlanması üçün aşkar təhlükə görmürəm. Biz bunun baş verməməsi üçün hər şeyi edəcəyik". Lavrovun "Qarabağın Ermənistan olması barədə bəyanatlar verirlər. Şübhəsiz ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə kömək etmir" fikri Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlarla bağlıdır. Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, burada başqa amil Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzunun daha da yüksəlməsi və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanmasıdır. Ermənistan rəhbərliyinin Qarabağa dair ziddiyyətli, avantürist və qızışdırıcı bəyanatları Moskvada da neqativ qarşılanır. Üstəlik "Qarabağ Ermənistandır" kimi danışıqlar prosesini tamamilə heçə endirən axmaq bəyanatla Paşinyan deyəsən Kremlin də səbrini daşırmaq üzrədir. Doğrudan da Paşinyan Qarabağın statusunu bəribaşdan özü üçün müəyyən edirsə o zaman hansı siyasi prosesdən və Rusiyanın nizamlama prosesindəki rolundan danışmaq olardı?
Ermənistanla müqayisədə Rusiya və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. Qeyd edək ki, Rusiya Azərbaycanın strateji tərəfdaşıdır. İki ölkə diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd edib. Ölkələr arasında indiyədək 170-dən çox sənəd imzalanıb. İki ölkə arasında siyasi sahədəki münasibətlərinin əsaslarını müəyyən etmiş "Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında" Müqavilə mövcuddur. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında siyasi məsləhətləşmələr haqqında Protokola əsasən, iki ölkənin XİN-ləri arasında ildə iki dəfədən az olamayaraq məsləhətləşmələr həyata keçirilir. Həmçinin Azərbaycanla Rusiya arasında iqtisadi, humanitar, mədəni əməkdaşlıq davam etdirilir.
Etiraf edilməlidir ki, Rusiya-Azərbaycan və Rusiya-Ermənistan arasında yaranan fərqli münasibətin başlıca səbəblərindən biri Nikol Paşinyanın yürütdüyü anlaşılmaz, qeyri-konstruktiv siyasət, onun verdiyi müxtəlif səpkili məsuliyyətsiz bəyanatlardırsa, digər tərəfdən də Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsidir. Rusiyada çox gözəl anlayırlar ki, regionun aparıcı dövləti kimi Azərbaycanın nüfuzu daha da artıb və dünyada etibarlı, səmimi tərəfdaş imici qazanıb. Üstəlik, dünyanın enerji təhlükəsiliyində əhəmiyyətli rola malikdir. Məhz, bu səbədən Rusiya Cənubi Qafqazda etibarlı müttəfiqini itirmək niyyətində deyil.
Alim
Olaylar.az