Bəhruz Quliyev: “Əsas məqsəd təbii sərvətdən gələn gəlirləri milli sərvətimizin intellektinin inkişafına yönəltməkdir”
Bəhruz Quliyev: “Əsas məqsəd təbii sərvətdən gələn gəlirləri milli sərvətimizin intellektinin inkişafına yönəltməkdir”
3 Oktyabr 2019 15:12 Siyasət"Azərbaycanda sonuncu siyahıyaalınma prosesindən 10 il müddət keçib. Ötən müddət ərzində əhalinin demoqrafik artımına nəzərə saldıqda kifayət qədər böyük dəyişikliklərin olduğunu görmək mümkündür. Bu dəyişiklik təkcə insanların sayında deyil, eləcə də onların yaşayış səviyyəsi, həyat tərzində də böyük ölçüdə özünü göstərməkdədir. Hazırda həyata keçirilən siyahıyaalınma prosesi bir daha bu faktların üzə çıxmasına şərait yaradacaq". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
Azərbaycan vətəndaşının dövlətin milli sərvəti olduğunu söyləyən ekspert bildirib ki, ölkəmizdə hakimiyyət milli sərvətin qorunması və inkişafı istiqamətində mühüm işlər görür:
"Azərbaycan dövləti insan resurslarından ibarət milli sərvətin yüksək intellektini inkişaf etdirir. Prezident İlham Əliyev daim Öz çıxşlarında qeyd edir ki, bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdir. Neftin Azərbaycanın təbii sərvəti olduğunu nəzərə alaraq deyə bilərik ki, ölkəmizdə həyata keçirilən siyasət nəticəsində təbii sərvətlərdən əldə olunan gəlirlər insan kapitalının, milli sərvətimizin intellektinin inkişafına yönəldilir. Hazırda bu istiqamətdə çox mühüm inkişaf proqramı yerinə yetirilir".
B. Quliyev söyləyib ki, dünyanın bir çox ölkəsində əhalinin sayında azalma müşahidə edildiyi halda, Azərbaycanda əhalinin artımı davam edir: "Ölkəmizdə dayanıqlı sosial-iqtisadi tərəqqi, uğurlu sosial siyasət davamlı xarakter almaqla demoqrafik inkişafa təkan verir. Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, təhlükəsizlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı olaraq yaxşılaşması özünü göstərir. Bu amillər isə demoqrafik inkişaf üçün vacib şərtlər sırasındadır".