ANLAM DOLU GÜN

3 oktyabr (1993) - Ümummilli lider Heydər Əliyevin Azərbaycan Prezidenti seçildiyi gündür!

3 oktyabr (2009) - Türk Şursının yaradıldığı gündür!

3 oktyabr - həm tarixdir, həm bu gündür, həm də gələcəkdə yenə dolanıb, öz günəş üzü ilə gələcək. Necə ki Ümummilli lider deyirdi: "Azərbaycan dünyaya Günəş kimi doğacaq!"

Nə təvafüqdür ki, Heydər Əliyev ikinci dəfə ali hakimiyyətə gəlməmişdən öncə qədim Naxçıvanımızda fəaliyyət göstərir, gecə-gündüz xalqın qayğıları ilə məşğul olurdu; Türk Şurasının yaranması haqqında tarixi qərar da, Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə dövlət başçılarının iştirakı ilə məhz Naxçıvanımızda verilib.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə ali hakimiyyətə dönüşündən az sonra hüquq prosedurlarının həyata keçirilməsi, zəruri növbədənkənar seçkilərin elan edilməsi və xalqın coşğulu iştirakı ilə baş tutması ən yeni dövr tariximizdə özünəməxsus hadisədir. Hadisə sözü burda 6 hərfin müəyyən bir ardıcıllıqla yan-yana düzülməsi deyil, sözün dərin anlamında hadisədir! Yalnız tarix bilimçiləri deyil, o dövrün canlı tanıqları, müstəqilliyin təbəddülatlı ilk illərini oxumuş, öyrənmiş gənclərimiz, keçmişimizə, bugün və əlbəttə, gələcəyimizə biganə olmayan hər kəs, hər kəs o günün dəyərini, hadisəliyini, mahiyyətini bilməmiş deyil. Yalnız 1 il sonra - 1994-cü il, oktyabrın ilk günlərində yaşananları, yenə qısa müddət ərzində görülən dövlət möhkəmləndirmə işlərini xatırlayınca, Heydər Əliyev dövlət idarəetmə məharətinin, dövlətçilik sənətinin fərqinə vara bilirik.

Xalqımız 1993-cü ilin may-iyun aylarında Gəncə şəhərində polkovnik Sürət Hüseynovun başçılığı ilə qiyam qaldırılması ilə respublikamızda vətəndaş müharibəsi və dövlət müstəqil­li-yi­nin itirilməsi təhlükəsi yarandığını unutmuş deyil. Məhz o çətin məqamda xalq Heydər Əliyevin ali hakimiyyətə qayıtması üçün ayağa qalxdı, bu qalxış, ümumxalq hərəkatına dönüşdü.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi, bundan doqquz gün sonra isə parlamentin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

Və nəhayət 3 oktyabr 1993-cü ildə ümumxalq səsverməsi ilə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildi. Onun ali dövlət rəhbərliyinə qayıdışı ilə respublikanın ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni yaşamında, dövlətlərarası əlaqələrində, ümumən xaldın, dövlətin həyatında ümid, inam dolu dönüş yarandı; silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son qoyuldu.

3 oktyabr gərginliklər içində qalmış dövləti yeni inkişaf reysləri üzərinə çıxardı. 1994-cü il sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin bölüşdürülməsi" haqqında dünyanın 11 iri neft şirkəti ilə "Əsrin Müqaviləsi" imzalandı. Heydər Əliyevin prezidentliyi zamanında nizami ordu quruculuğunda ciddi dəyişikliklər başladı.

Heydər Əliyevin Ali Baş Komandan kimi fəaliyyətə başlamasından az sonra (dekabr, 1993-cü il - 06 yanvar 1994-cü il) həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı nəticəsində, Horadiz qəsəbəsi, Füzuli rayonunun 20 kəndi yenidən ordumuzun nəzarətinə qaytarıldı.

Horadiz istiqamətindəki hərbi uğur və düşmənin ciddi itkilərə uğraması, işğalçıların Azərbaycan ərazisindəki yeni azğınlıqlarının qarşısını aldı, düşmənə güclü əks-zərbələr endirildi.

1995-ci ilin noyabrında referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının demokratik dəyərləri özündə cəm edən Əsas Qanununun - Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında Milli Məclisə seçkilərin keçirilməsi, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv edilməsi, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların, normativ aktların qəbulu və s. məhz Ümummilli liderin adı ilə bağlıdır.

***

Günün anlamına anlam qatan ikinci hadisə də unudulmazdır. 10 il öncə - 3 oktyabr 2009-cu ildə Naxçıvanda əsası qoyulmuş Türk Şurası artıq strukturlaşmış bir önəmli qurumdur. 25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyənin daxil olduğu Türk Şurasının bayrağı qəbul edilib. Ortaq türk bayrağı üçün dörd təsisçi dövlətin bayrağından uyğun elementlər götürülüb: Günəş - Qırğız Respublikasının, ulduz - Azərbaycanın, aypara - Türkiyənin, göy rəng isə Qazaxıstanın bayrağından götürülüb.

Türk Şurasının üç əsas mərkəzi var. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul inzibati mərkəzdir; Bakı TürkPA-nın (Parlament Assambleyasının) mərkəzi, Astana isə Türk Akademiyasının mərkəzidir.

Türk Ölkələrinin Əməkdaşlıq Şurası bu vahidlərdən ibarətdir:

Baş katib,

Dövlət başçıları Şurası,

Xarici işlər nazirləri Şurası,

Böyük Məmurlar Komitəsi,

Ağsaqqallar Şurası,

Parlament Assambleyası (TürkPA),

Türk Akademiyası,

TÜRKSOY,

Türk İş Şurası.

Türk Şurasının hazırkı Baş katibi Qazaxıstanlı diplomat Bağdat Amreyevdir.

Əlavə edək ki, bu il qardaş özbəkistan tam, qardaş Türkmənistan isə gözləmçi status ilə Türk Şurasına qoşulmaq haqqında qərar verib. Bundan öncə qardaş Macarıstan gözləmçi üzvlüyə qəbul edilib və bu ilin sentyabr ayında Budapeştdə Türk Şurasının Avropa qərargahı təntənəli şəkildə açılıb. Qeyd edək ki, Bakıda Türk Mədəniyyəti və İrsi Fondu da fəaliyyət föstərir.

BÜTÜN GÜNLƏRİMİZ ANLAMLI OLSUN!

Şuşada Heydər Əliyevin heykəlinin və Türk Şurasının yeni bir ortaq qurumunun qərargahının təntənəli açılışında buluşmağı Tanrı bizə nəsib eləsin!

3 oktyabr - ilin sondan 3-cü ayının 3-cü günü necə ilklərə, necə tarixi hadisələrə ünvan olar!inş. Gün doğmadan nələr doğar...

Əkbər QOŞALI

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31