Özünəbəraət istəyi cəhdindən doğan özünüifşa

Özünəbəraət istəyi cəhdindən doğan özünüifşa

Yaxud Cəbrayılov "susmaq qızıldır" prinsipini niyə pozdu?

Prezident İlham Əliyevin dəfələrlə məmurlara, müəyyən səlahiyyət sahiblərinə tutduqları vəzifədən sui-istifadə etməmək, vətəndaşlarla mehriban davranmaq, onların problemləri, qayğılarını öyrənib qeyd edilən istiqamətdə addımlar atmaq barədə tövsiyələrinə baxmayaraq hələ də özbaşınalıq edib cəmiyyət, insanlar arasında narazılıq yaradan məmur ordusu, müəyyən səlahiyyət sahibləri var. Artıq vəziyyət o həddə çatıb ki, yuxarıda qeyd etdiyimiz mənfi xüsusiyyətləri özündə cəmləşdirən millət vəkillərinə də rast gəlmək olur. Deputat kimi toxunulmazlıq hüququndan istifadə edən, hər tərəfdə üzünə "yaşıl işıq" yanan deputat malik olduğu səlahiyyətlərdən istifadə edib öz seçicilərinin qayğıları, üzləşdiyi problemlərin həlli ilə məşğul olmaqdan daha çox, daha rahat yaşam tərzi, maddi rifah, eyni zamanda şəxsi biznesini qurmaq, onu daha da inkişaf etdirmək uğrunda çalışır. Necə ki, bu günlərdə şəxsi biznesi ucbatından ciddi qalmaqalla üzləşən, hətta deputat mandatından imtina etmək kimi seçim qarşısında qalan Rafael Cəbrayılov kimi.

Cəbrayılovun özünü təmizə çıxarmaq cəhdi

Məlumat üçün qeyd edək ki, son günlərə qədər  Milli Məclisin deputatı, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin üzvü kimi adı hallanan Rafael Cəbrayılov borca görə məhkəməyə verilib. Belə ki, deputat ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci il tarixdə 300 min ABŞ dolları məbləğində borc alıb. Ona borc verən şəxslə deputat ailəvi yaxın münasibətlərdə olub. Lakin deputat borcu vaxtında ödəyə bilməyib. Rafael Cəbrayılov hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyub. Borcun qaytarılmadığnı görən Fətəliyeva Təranə Rasim qızı Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib. Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. Beləliklə baş vermiş hadisənin kütləvi informasiya vasitələrinə daşınması və medianın bundan xəbərdar olması məsələnin ictimailəşməsinə, nəticə etibarilə Rafael Cəbrayılovun deputat mandatından imtina etməsinə gətirib çıxardı. Parlamentin payız sessiyasının ilk iclasında Rafael Cəbrayılov rəsmi şəkildə deputat mandatından imtina etdiyini bildirdi və bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət olundu. Əslində qeyd edilən prosesə qədər hər şey nə qədər təəssüedici olsa da, öz axarında, rəvan gedirdi. Tam deputat mandatından imtina etdikdən dərhal sonra Cəbrayılovun  özünü təmizə çıxarmaq məqsədilə keçirdiyi mətbuat konfransına qədər. Çoxları, xüsusilə də cəmiyyətin siyasi və hüquqi proseslərdən o qədər də anlayışı olmayan təbəqəsi Rafael Cəbrayılov mətbuat konfransı keçirənə qədər hətta onu qəhrəman kimi də xarakterizə etməkdən çəkinmirdi. Cəbrayılovun mandatdan imtina etməsini "siyasi mədəniyyət" kimi qələmə verənlər də az deyildi. Ancaq reallıq tamam başqa idi.

Əvvəla onu qeyd etmək yerinə düşər ki, Rafael Cəbrayılovun özünəbəraət məqsədilə keçirdiyi mətbuat konfransı daha çox özünüifşa görüntüsü yaradırdı. İlk növbədə ona görə ki, iş adamı Cəbrayılov cəmiyyətin bu qədər diqqətini çəkən, o cümlədən cəmiyyətdə ciddi rezonans doğuran bir hadisə barədə açıqlama vermək barədə düşünəndə cəmiyyətin aparıcı media qurumlarını həmin mətbuat konfransına dəvət etməli, fikirlərini, mülahizələrini, hətta iradlarını belə çoxsaylı media ilə bölüşməli idi. Nəinki məhdud sayda KİV təmsilçiləri ilə. Hansı ki, Rafael Cəbrayılovun mətbuat konfransına dəvət alan həmin media təmsilçilərinin böyük əksəriyyəti onunla şəxsi münasibətlərə malik qələm əhli idi. Və mətbuat konfransında həmin media təmsilçilərinin onu bir qədər  çətinə salacaq suallar verəcəyi ehtimalı yox idi.

                                   Qanunlardan xəbərsiz hüquqşünas

İkincisi, Rafael Cəbrayılovun özünəbəraət məqsədilə keçirdiyi mətbuat konfransı o səbəbdən özünüifşa idi ki, keçmiş deputat şəxsi biznesinin olduğunu açıq şəkildə ifadə edir və hətta buna bəraət qazandırmağa belə çalışırdı. Halbuki Rafael Cəbrayılov bilməli idi ki, qanunla deputata bizneslə məşğul olmaq qadağandır.  O ki qala həmin deputat uzun illər hüquq-mühafizə sistemində işləyə, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü ola. Milli Məclisin sözügedən komitəsində təmsil olunan bir şəxsin qanunla qadağan edilməsinə baxmayaraq bizneslə məşğul olması əslində qanunları ayaq altına almaq, onları tapdalamaq kimi bir şeydir ki, məhz Rafael Cəbrayılov bunu etdi. Halbuki Rafael Cəbrayılov ədliyyə müşaviri, ədliyyə polkovnik-leytenantı kimi həm də  uzun illər Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Ona görə də Cəbrayılovun belə bir qanunsuz əməldə iştirak etməsi yolverilməz idi. İndi təsəvvür edin ki, Cəbrayılov yuxarıda qeyd etdiyimiz vəzifələrdə çalışarkən nə qədər qanun pozuntusuna yol verib.  

Rafael Cəbrayılovun keçirdiyi mətbuat konfransı vasitəsilə özünəbəraət qazandırması, ona görə özünüifşa idi ki, ədliyyə müşaviri üzləşdiyi problemin mətbuat tərəfindən ictimailəşdirilməsini qınamaqla yanaşı, medianı birtərəfli qaydada məlumat yaymaqda da ittiham etdi. Ancaq Cəbrayılov ya unutqanlıqdan, ya da seçiciləri, aldatdığı vətəndaş kimi elə medianın gözünün içinə baxa-baxa yalan danışdı və mətbuatın elə hadisənin ilk günündən onunla əlaqə saxlaması faktını gizlətdi. Halbuki sözügedən məsələ gündəmə gələn ilk gündən bəzi media mənsublarının Rafael Cəbrayılovdan hadisəyə aydınlıq gətirmək istəyinə, ədliyyə müşaviri özünəməxsus tərzdə cavab verib: "Bu, tamam başqa məsələdir. O adamla dostam. Xaricə gedəndə hesaba pul qoyulmalıdır ki, gedən adam qayıdıb gələcək. Başqa heç nə danışmaq istəmirəm. Susuram". Ardınca isə o, qeyd edib: "Təəssüf edirəm ki, bu məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir".

Göründüyü kimi Rafael Cəbrayılov bir açıqlamada belə bir-birini təkzib edən fikirlər səsləndirir. Mətbuatdan, mediadan özü qaçdığı halda KİV-ləri birtərəfli qaydada məlumat yaymaqda günahlandırır. Açıqlamanın əvvəlində "heç nə danışmıram. Susuram" deyən Cəbrayılovun açıqlamanın sonunda jurnalistləri günahlandırması nə dərəcədə məntiqə, hətta etik normalara uyğundur, onu deyə bilmərik. Əgər deputat Cəbrayılov hadisə barədə ictimaiyyəti məlumatlandırmaq, açıqlama vermək barədə xəsislik edir, yol verdiyi nöqsanı ört-basdır etməyə çalışırsa, o halda media, kütləvi informasiya vasitələri nə etməli, hansı addımı atmalıdır, buna Cəbrayılovun özü cavab versin. Məgər jurnalist diş həkimidir ki, susqunluğa üstünlük verən deputatın ağzından sözü kəlbətinlə dartıb çıxartsın?

                Heydər Əliyev siyasi kursuna ləkə yaxmaq niyyəti

Rafael Cəbrayılovun özünü bəraət məqsədilə keçirdiyi mətbuat konfransı həm də ona görə özünüifşa idi ki, müflis olmuş biznesmen bundan sonra da Heydər Əliyev siyasi kursuna sadiq qalacağını, Cənab Prezident İlham Əliyevi dəstəkləyəcəyini bildirir. Ancaq Cəbrayılov unudur ki, istər Heydər Əliyev, istərsə də Cənab Prezident İlham Əliyevin idarəçilik fəlsəfəsində insanların etimadından sui-istifadə edib onları aldatmaq kimi mənfi hal olmayıb və hazırda da yoxdur. Həm ümummilli lider Heydər Əliyev, həm də Cənab Prezident İlham Əliyev hər zaman xalqa xidmət, vətəndaşların problemlərinin həlli istiqamətində çalışıb. Hər iki siyasi liderin komandasında xalqı aldadan, vətəndaşın etimadından sui-istifadə edən birisinə yer olmayıb və bundan sonra da yer olmayacaq. Cənab Prezident İlham Əliyev dəfələrlə bildirib ki, hər bir səlahiyətli şəxs xalqın xidmətçisi olmalı, onun qayğıları, problemləri ilə maraqlanmalıdır. Daha Rafael Cəbrayılov kimi insanların etimadın sui-istifadə edib onların külli miqdarda pulunu mənimsəməməlidir. Ona görə də Rafael Cəbrayılovun  indiki situasiyada ümummilli lider Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin siyasi kursuna sadiqlik nümayiş etdirəcəyinə dair fikirləri əslində bu siyasi kurs, mövcud idarəetmə sistemi barədə mənfi rəy formalaşdırmağa, onu nüfuzdan, gözdən salmağa, ona ləkə yaxmağa yönəlmiş cəhddir. Bununla ədliyyə müşaviri deyərdim ki, hakimiyyətə, iqtidara daha bir pisliyini etmiş olur. Ümummilli lider və Cənab İlham Əliyevin siyasi kursunu bundan sonra da dəstəkləyəcəyini bəyan etməklə cəmiyyətdə belə bir mənfi rəy formalaşdırmağa çalışır ki, hakimiyyəti, mövcud siyasi kursu müdafiə edənlər elə Cəbrayılov kimi xalqa yalan danışan, insanları aldadanlardır. Ona  görə də Cəbrayılovun Heydər Əliyev siyasi kursunun davamçısı olmaq barədə səsləndirdiyi özünəbəraət fikirləri, əslində onun özünüifşasıdır. Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan hakimiyyəti barədə mənfi rəy formalaşdırmaq cəhdidir. Təsəvvür edin ki, Rafael Cəbrayılov hansısa beynəlxalq tədbirdə, yaxud xarici ölkələrin birində Azərbaycanın qazandığı nailiyyətlər, iqtisadi uğurlardan danışır və bu uğurların təməlində Heydər Əliyevin uzaqgörən siyasətinin dayandığını vurğulayır. Və tədbir iştirakçılarının mütləq əksəıriyyəti də Cəbrayılovun əməllərindən müfəssəl məlumatlıdır, onun hansı səbəbdən deputat mandatından imtina etdiyini bilir. O zaman istər Azərbaycan, istərsə də Azərbaycan hakimiyyəti barədə hansı rəy formalaşar? Təbii ki, mənfi, imicinə, nüfuzuna xələl gətirən rəy. Ona görə də yaxşı olar ki, Cəbrayılov öz qanunsuz əməlləri, insanları onların etimadından sui-istifadə edib aldatmaq kimi eybəcərliklərinə Azərbaycan hakimiyyətini, ümummilli lider Heydər Əliyevi, Cənab Prezident İlham Əliyevi şərik etməsin.

Nəhayət, sonda Cəbrayılovun deputat vəsiqəsini girov qoymaq məsələsinə toxunaraq onu qeyd etmək istərdim ki, bu keçmiş deputatın hər şeydən əvvəl öz seçicilərinə qarşı kobud şəkildə hörmətsiliyi, onların səsini, hüququnu satışa çıxarması deməkdir. Kifayət qədər hüquqi bilikləri olan birisinin belə bir addım atması isə daha acınacaqlıdır. Bu səhvin bədəli daha ağır olmalı idi. Rafael Cəbrayılov mandatdan imtina etməklə o cəzanın ağırlığını bir qədər yüngülləşdirəcəyini düşünsə də, son açıqlamaları bunun əksini söyləyir. Bir sözlə adam danışdıqca daha da batır. Yaxşı olar ki, Rafael Cəbrayılov məlum hadisənin ilk günlərində jurnalistə verdiyi cavabı indi tətbiq edə: "Heç nə danışmaq istəmirəm. Susuram". Lütfən susun Cəbrayılov, susun!

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31