Müxalifətin Əli Kərimli problemi
Müxalifətin Əli Kərimli problemi
2 Oktyabr 2019 11:29 SiyasətAzərbaycanın siyasi həyatında kimsəyə sirr deyil ki, ötən əsrin 90-cı illərində AXCP-də süni şəkildə ortaya atılmış "Yurd qruplaşması" Qərb dövlətlərinin kəşfiyyatına, missioner ideologiyasına bağlı şəbəkələrlə sıx təmaslara malik idi. "Yurd qrupu"nu islahatçı və yenilikçi, ən üstün demokratik baxışlara malik insanlar kimi təqdim edir, şərt də qoyurdular: "Kim Əli Kərimli və onun çetesinin yanında yer alacaqsa, heç bir iş görmədən beynəlxalq təşkilatlardan ən yüksək həcmdə qrantlar ala biləcəkdir". Doğrudan da, "qrantlar" sel kimi axırdı. Hətta qrant layihələrindən əməlli başlı varlanan və özlərinə "komfort" həyat tərzi yaradanlar oldular. Əli Kərimli bu "qrant"lara şərik idi. Çünki onun xüsusi zəngi və ya imzası olmasaydı kimsə xarici donorlardan bu "ənamları" ala bilməzdilər. Həmin şəxslərin qarşısında bir mühüm vəzifə dururdu- Azərbaycanın milli dövlət olmaq dəyərinə qarşı çıxmaq. Guya milli dövlət olmaq siyasəti gerilikdir. Cəmiyyəti demokratikləşdirmə şüarları ilə irəli aparmaq dünya ilə daha yaxından təmaslarda olmaq deməkdir. Halbuki Qərb dünyası milli dövlət təməlləri üzərində qurulub və heç bir zaman bu prinsiplərindən əl çəkməyəcək.
.jpg)
AXCP-dən nədən param-parça oldu?
2000-ci illərin başlanğıcında Əli Kərimlinin simasında AXCP-də dərin siyasi təlatümlər prosesləri yaşanıldı. Bu dəfə təşkilat üzvləri Əli Kərimlinin sədr kimi ifrat şəkildə öz diktaturasını qurmaq kimi hərəkətlərinə açıq şəkildə etirazlara başladılar. Təşkilatdan ayrılanlar KXCP, MDİR, Xalq, Azadlıq, BAXCP, BQP, Aydınlar, MDHP, BAP, GAP və digər partiyaları yarandı. Beləliklə, AXCP milli və dövlət maraqları çərçivəsində deyil, təşkilatın sədrinin şəxsi maraqlarının qurbanına çevrilən bir təşkilata çevrildi. Əli Kərimli şəxsi eqoizminin və despotizminin "çiçəkləndiyi" dövr məhz partiyadan qopma proseslərindən sonra daha da gücləndi. Bu dəfə qrant axınları dayanmışdı. Ona görə ki, Qərbdən sel kimi axan qrant sahibləri Əli Kərimli və AXCP-nin simasında onlara verilən tapşırıqlara necə əməl olunduğunun fərqinə vara bildilər.
"Kompromat savaşı" və Əli Kərimlinin qazanc mənbəyi
Bir əli daim "yağda", digər əli "bal"da olmağı sevən Əli Kərimli digər fərqli taktikalara üz tutmalı oldu. İlk öncə hakimiyyətə təsadüflər nəticəsində dürtülmüş bəzi iriçəkili məmurların kompromat tipli hədəflərinə dəstək olmağa çalışdı. Çünki, həmin məmurlar külli miqdarda şəxsi maraq və iddialarına görə ətək-ətək pul xərcləməyə hazır idilər. 2005-ci ilə kimi bu prosesdə Əli Kərimli beləcə "kompromat savaş" sayəsində AXCP ilə birgə siyasi dolanbacların labirintlərində qumar oynadı.
Əli Kərimlinin dəllallıq siyasəti
2005-2013-cü illərdə isə Əli Kərimli artıq yeni biznesinə üz tutdu. Bu, "siyasi mühacir" bazarından ibarət idi. Həmin vaxt müxtəlif aksiyalarda radikal mövqe tutmaqla və orada bir foto çəkdirərək, daha sonra, AXCP-dən "arayış" almaqla Avropaya üz tutan miqrantların sayı artmağa başladı. Təbii ki, bu yeni oyun qaydaları çərçivəsində Əli Kərimli bəzi üzdəniraq "insan haqları" təşkilatlarının bığının altından keçməli olurdu. Həmin dövrdə Əli Kərimlinin patronluğu altında fəaliyyət göstərən "Azadlıq" qəzeti və bir sıra saytlar məhz "kompramat savaşı" məsələsində ön sırada gedirdilər. Həmin KİV-lər ölkənin köklü problemlərinin həlli istiqamətində deyil, hakimiyyətdaxili bəzi məmurların daha çox gəlir əldə etmək üçün bir-birlərinə qarşı atdıqları çamurları və ya yeyintilərlə bağlı dosyeləri Əli Kərimlinin işarəsi altında gündəmə gətirirdilər.
.jpg)
2015-ci ildən üzü bu yana Əli Kərimli "Milli Şura" adı altında ölkənin Konstitusiyasına qarşı çıxan və "şəriət dövləti" qurmaqla istəyənlərlə bir sırada durmağa başladı. Kim buna inanmırsa, "Milli Şura"nın çətiri altında keçirilən mitinqlərin videogörünütülərinə və ya fotolarına diqqətlə bilər. "Nardaran məhbusları" və "Gəncə məhbusları", eləcə də bəzi bölgələrdəki radikal dindarların hüquqlarının müdafiəsi də məhz Əli Kərimlinin iradəsi ilə onların adları "siyasi məhbus" siyahısına salınıb. 130 siyasi məhbus adlandırılanlardan 67 nəfəri Azərbaycanda dövlət çevrilişi edərək "şəriət dövləti" qurmaq kimi təbliğatları aparanlardır. Çünki, son illərdə Milli Şura adı altında təşkil olunan bütün mitinqlərdə "şəriət dövləti" qurmaq istəyən və buna görə hətta silahlı mübarizə yolu ilə dövlət çevrilişi ideyalarını təbliğ edənlərin portretləri daim nümayiş etdirilibdir. Hətta onların təmsilçisi qismində AİP (Azərbaycan İslam Partiyası) sədrinin müavini Rövşən Əhmədli və "Dindar məhbusların hüquqlarının müdafiəsi komitəsi"nin sədri Eldəniz Quliyevin mitinqlərdə tribunada Əli Kərimli ilə yan-yana durmaları, etdikləri bütün çıxışlarında həmin fikirləri səsləndirmələri əlahəzrət faktlardan biridir. Çünki bütün bunlar Əli Kərimilinin razılığı sayəsində təşkil olunubdur. Çünki, o bir yandan siyasi divident, digər yandan isə, həmin dindarların arxasında duran xarici dövlətlərin xüsusi xidmət orqanlarından külli miqdarda gəlir əldə etmək üçün bu addımları atıbdır. Beləliklə də "Milli Şura"nı xalq arasında çox haqlı olaraq "Molla Şurası" adlandırmağa başladılar.
Normal müxalifət nə deməkdir?
Bütün mədəni ölkələrdə müxalifətin olması çox normal qarşılanır. Ona görə ki, fərqli baxışlar cəmiyyətin daha dinamik şəkildə inkişafına xidmət edir. Azərbaycanda bu gün müxalifət düşərgəsi kimi tanınan AMİP, REAL Hərəkatı, ADR Hərəkatı və digər müxalif təşkilatların intellektual səviyyədə təklif etdikləri bir çox qanunvericilik təklifləri Milli Məclis tərəfindən dəstəklənmiş və həmin qanunlar qəbul edilmişdir. Azərbaycan iqtidarı dövlət quruculuğu naminə bu yüksək humanizmi yüksək səviyyədə dəyərlənmişdir. Əslində ölkənin inkişafı və rifahı naminə kimin hansı mövqe tutması deyil, təklid edilən qanun bazasının önə çəkilməsi dövlətçilik baxımından çox mühüm addım hesab olunur.
AXCP və onun sədri Əli Kərimli isə, indiyə kimi hər hansı qanunvericlik təşəbbüsündə olmamışdır. Unutmayaq ki, Azərbaycan dövlət müstəqilliyinə 30 ildir nail ola bilib. Bu illər ərzində torpaqlarımızın 25 faizinin işğal altında ilması, məcburi qaçqın və köçkün problemləri, regiondakı gərgin geostrateji mühit və digər amillər Azərbaycana çox baha başa gəlibdir. Bütün bunları dəf etmək, dövlətimizi gücləndirmək, beynəlxalq miqyasda nüfuzumuzu və mövqelərimizi artırmaq ən məşəqqətli prosesləri adlamaq qədər çətin başa gəlib. Bütün bunları görməzlikdən gəlmək, ölkəmizin inkişafı naminə əl-ələ vermək və daha dinamik dövlət siyasətinə nail olmaq üçün iqtidarlı-müxalifətli hamılıqla dəstək olmalıyıq. Özünün cılız iddialarını siyasi çətir altında gündəmə gətirmək Azərbaycan siyasətində təkcə Əli Kərimliyə nəsib olub. "Söyüş", "təhqir" və digər aşağılayıcı hədəflər üzərində köklənmiş AXCP və onun funksionerləri Azərbaycan siyasətinə zərbə vururlar. Bu gün xaricdə oturub və KİV-lər quran Əli Kərimli tərəfdarları ilə köhnə vərdişlərini davam etdirirlər. Daxilən demokrat olmayan və rəhbərlik etdiyi təşkilatı ilə birlikdə hələ ölkəmizə çox zərərlər verəcəklər. Çünki, zamanın nəbzini, sürət əsri olan dövrümüzün hansı şərtləri bizlərdən tələb etdiyinin fərqində deyillər.
Ə. Yusifoğlu