Azay Quliyev: “Beynəlxalq cinayətin bütün növləri Azərbaycanda ermənilər tərəfindən həyata keçirilib”

Azay Quliyev: “Beynəlxalq cinayətin bütün növləri Azərbaycanda ermənilər tərəfindən həyata keçirilib”

"Milli Məclisin qanunvericilik işlər planına mühüm bir qanun layihəsi daxil edilməlidir. Bu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xüsusi hissəsinin sülh və insanlıq əleyhinə cinayətlər bölməsinin yeni redaksiyasının layihəsidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azay Quliyevin sözlərinə görə, layihənin özünün hazırlanması uzun müddət hazırlıq işlərindən sonra meydana gəlib: "Bizim hörmətli Milli Məclisin vitse-spikeri Bahar xanım Muradovanın təşəbbüsü ilə belə bir qanun layihəsinə əlavələr edilməsi və redaksiyanın hazırlanması təşəbbüsü irəli sürülüb. Biz bura QHT-ri, ictimai qurumları və ayrı-ayrı xarici ekspertləri cəlb etdik. Düşünürəm ki, çox maraqlı layihə hazırlanıb. Bu layihəni hazırlamaqdan ötrü Milli Məclisin şöbə müdiri, hörmətli Nizami Səfərov İşçi qrupunun rəhbəri təyin olunub. Düşünürəm ki, Nizami müəllim də bu işlərin öhdəsindən layiqincə gəlib. Əslinə baxanda yeni redaksiya kimi səslənsə də, Azərbaycan qanunvericiliyinə çox mühüm yeniliklər gətirir".

Deputat qeyd edib ki, bu gün Azərbaycan ərazisi işğal altındadır və işğal olunmuş ərazilərdə ermənilər tərəfindən çoxlu sayda cinayətlər törədilib: "Demək olar ki, beynəlxalq cinayətin bütün növləri Azərbaycanda ermənilər tərəfindən həyata keçirilib. Bunun qanunvericiliyə gətirilməsi və sonrakı məqamda müəyyən cinayət tərkibinin həyata keçirilməsi mühüm bir əhəmiyyət kəsb edir. Bu cinayətlərin ən dəhşətlisi isə sülh və insanlıq əleyhinə olan cinayətlərdir. Bu baxımdan Nizami müəllimə təşəkkür edirəm ki, belə bir təşəbbüsü irəli sürmüşük. Ümid edirəm ki, payız sessiyası çərçivəsində bu redaksiyaya baxa biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31