Milli Məclisin payız sessiyası işə başladı
Milli Məclisin payız sessiyası işə başladı
30 Sentyabr 2019 16:30 SiyasətDeputat ilk iclasda mandatdan imtina etdi
Sentyabrın 30-da Milli Məclisin payız sessiyası Azərbaycan himninin səsləndirilməsilə öz işinə başlayıb. Əvvəlcə MM sədri Oqtay Əsədov parlamentin yaz və növbədənkənar sessiyaları barədə məlumat verib. Spiker payız sessiyasının da uğurla başa vurulacağına ümidini ifadə edib. Ardınca Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli elan edib ki, deputat mandatdan məhrum edilməsi üçün parlamentə müraciət edib. Ə.Hüseynli deyib ki, Konstitusiyaya uyğun olaraq deputat mandatdan özü imtina edib: "O, eyni zamanda həm seçicilərdən, həm deputat həmkarlarından, həm də cəmiyyətdən üzr istəyərək istefa vermək qərarına gəlib. Protokol qaydasında qərar Mərkəzi Seçki Komissiyasına göndərilir. Seçki Məcəlləsinə uyğun olaraq, MSK deputatın mandatdan məhrum edilməsi ilə bağlı qərar qəbul edir". Spiker Oqtay Əsədov müraciətin MSK-ya göndərilməsi barədə tapşırıq verib. MM-in qanunvericilik işlər planının müzakirəsi zamanı Millət vəkili Tahir Kərimli təklif edib ki, parlamentdə daimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılsın. Deputat fikrini onunla əsaslandırıb ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: "Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Biz ermənini deyil, erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, "xalq diplomatiyası"nı qəbul etmirəm. ATƏT-in Minsk qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası... Gəlib vals oynayıb gedirlər. Minsk qrupunun yaradılması səhv addım idi".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov T.Kərimliyə cavab olaraq deyib ki, ümummilli lider Heydər Əliyevin zamanında Dağlıq Qarabağ komitəsinin yaradılması müzakirə olundu, dinləmələr keçirildi: "Təəssüflər olsun ki, heç kəs yazılı formada təklif irəli sürmədi. Bir fikir məni narahat edir, tutaq ki, bu komitə yaradıldı, üzvlər kimlər olacaq? Milli Məclisin 125 deputatının hamısı istəyir ki, komitənin üzvü olsun. O zaman parlament olur Dağlıq Qarabağ komitəsi. Ona görə də kiməsə demək olmaz ki, sən bu komitənin üzv ol, ya da olma. Bu Vətən hamımızındır, hər birimiz Dağlıq Qarabağdan işğaldan azad edilməsini cani-dildən istəyən, silah götürüb vuruşmağa və bu yolda ölümə getməyə hazır olan insanlarıq. Ona görə də bunu parçalamaq, ayırmaq, kiçik bir çərçivəyə salmağın tərəfdarı deyiləm".
Sonra millət vəkillər gündəlikdə duran qanun layihələrinin müzakirəsini davam etdiriblər. "Ələt Azad İqtisadi Zonası haqqında" qanuna dəyişikliklə bağlı məlumat verən vitse-spiker Valeh Ələsgərov bildirib ki, qanuna "Keçid müddəaları" adlı yeni 32-ci maddənin əlavə edilməsi təklif olunur. Yeni maddəyə görə, bu qanunda nəzərdə tutulmuş Azad İqtisadi Zonanın səlahiyyətli qurumu və İdarə Heyəti formalaşana qədər onun hüquq və vəzifələrini müvafiq icra hakimiyyəti orqanının yaratdığı müvəqqəti idarəetmə qurumu həyata keçirir: "Azad İqtisadi Zonanın ərazisində təşkilati məsələləri həll etmək üçün müvafiq səlahiyyətli qurum olmalıdır. Bu qurum infrastrukturun yaradılması, kadrların hazırlanması, layihələrin həyata keçirilməsi, ətraf mühit problemlərinin həlli və digər zəruri işlərin yerinə yetirilməsinə xidmət edəcək. Nəzərdə tutulan düzəliş Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin daha səmərəli olmasını və daha da sürətləndirilməsini nəzərdə tutur".
"Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" və "Əmək pensiyaları haqqında" qanunlarına dəyişiklik layihəsi barədə isə bildirilib ki, sənəddə bəzi hərbi qulluqçuların pensiya təminatının müəyyən olunması qaydasının dəqiqləşməsi nəzərdə tutulur. Qanunun 21-ci (Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri) maddəsinə əsasən, sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci (Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir) maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddət də daxil edilir: Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti. Dəyişikliklə isə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti də əlavə edilir. Bildirilib ki, layihə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişiklik edilməsi barədə 2018-ci ilin 12 oktyabr tarixli 1280-VQD nömrəli qanunun icrasını təmin etmək məqsədilə hazırlanıb. Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanlarında da xidmət keçməsi müəyyən olunub. Belə ki, bəzi qurumlar var ki, onları silahlı birləşmələrə aid etmək mümkün deyil, lakin həmin qurumlarda hərbi xidmət nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsulunun uşaqlar üçün nəzərdə tutulmuş təhsil müəssisələrində, tibb, sanatoriya-kurort, bədən tərbiyəsi və idman, mədəniyyət və sağlamlaşdırma müəssisələrində və ya həmin müəssisələrin sərhədindən 150 metrdən az olan məsafədə yayılmasına görə fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər 3 000 manatdan 4 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Alim
Olaylar.az