Öz ailəsini idarə edə bilməyənlərin hakimiyyət iddiası - Siyasi analiz
Öz ailəsini idarə edə bilməyənlərin hakimiyyət iddiası- Siyasi analiz
30 Sentyabr 2019 12:53 Siyasətİnsan haqları və demokratiyadan dəm vuranlar əlbir olub qadın hüquqlarını pozurlar
Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olan qadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsi baxımından nümunəvi ölkə statusuna malikdir. Ölkədə sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün maarifləndirici xarakterli təbliğat işləri davamlı olaraq aparılır. Cəmiyyətdə ailə institutunun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir. Ümumiyyətlə, Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət mühüm və milli dəyərlərimizə xas mental davranışlardandır. Bu, cəmiyyətin inkişafı ilə yanaşı, ailə institutunun sağlamlığının təmin olunması və qorunmasına mühüm töhfələr verir. Lakin ailə münasibətlərinə təsir edən bir çox amillər var. Bu münasibətlərin korlanması cəmiyyətə birbaşa təsir edir. Əsas məsələ münasibətlərin düzgün, vaxtında təhlil edilməsi, aradan qaldırılması üçün adekvat yol və vasitələrin tapılmasıdır. Dünyada insan hüquqları, onların müdafiəsi, xüsusilə qadın hüquqları ilə bağlı aparılan tədbirlər bu gün önəmli yerlərdən birini tutur. Azərbaycanda da bu istiqamətdə, xüsusilə qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. Xatırlarmaq yerinə düşər ki, Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrumkən 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilirdi. Azərbaycan 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da mülki cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Ölkəmiz 1992-ci il avqustun 4-də "Qadınların siyasi hüquqları haqqında" 1952-ci il BMT Konvensiyasına, 1995-ci il iyunun 30-da "Qadınlara qarşı ayrı - seçkiliyin bütün formalarının ləğv olunması haqqında" 1979-ci il tarixli BMT Konvensiyasına, 1996-cı il mayın 31-də "Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında" 1962-ci il tarixli BMT Konvensiyasına, 2001-ci ildə BMT-nin Qadınlar üçün İnkişaf Fondunun "Zorakılıqsız Həyat" Regional Məlumatlandırma Kampaniyasına, 2001-2002 -ci illərdə "Qafqazda gender zorakılığına qarşı 16 günlük fəaliyyət" aksiyasına qoşulub.
Azərbaycan bir çox beynəlxalq təşkilatlarla əmkdaşlıq etmək və konvensiyalara qoşulmaqla yanaşı, ölkə daxilində də qadınların hüquq və azadlıqlarının qorunması istiqamətində bir çox normativ hüquqi aktlar qəbul edib. "Gender (Kişi və qadınların) bərabərliyinin təminatları haqqında", "Qadın zorakılığı haqqında" Qanunları, Ailə Məcəlləsinə edilən dəyişikləri misal çəkmək olar. Bütün bunlara baxmayaraq, ölkədə qadın hüquqları ilə bağlı problemlər hələ də qalmaqdadır. "Məişət zorakılığı", "gender bərabərsizliyi", "qadınların ictimai-siyasi sferalarda az yer tutması" və s. kimi ifadələr son zamanlar sosial həyatımızda çox işlənir. Məişət zorakılığı ilə bağlı problemlərin miqyası respublikada ərazilərə görə dəyişir. Şəhərlərə nisbətən rayon və kəndlərimizdə qadınların hüquqları daha çox pozulur. Ona görə də rayon və kənd yerlərində qadınların hüquqi maarifləndirməsi sahəsində xeyli işləri görülməlidir. Azərbaycan sivil ölkədir, bura sərt qadağalar, gərəksiz qanunlar yoxdur. Dövlət hər iki cinsə - qadın və kişiyə eyni gözlə baxır.
Qadınların dövlət orqanlarında fəal iştirakını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti 2000-ci il martın 6-da "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında"fərman verib. Fərmanda Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər təmsil olunması, Statistika Komitəsinə qadınlar haqqında geniş məlumatların hazırlanması və yayılması, Nazirlər Kabinetinə ölkədə gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini əsas tutaraq qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılması, qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının qanunlarında dəyişikliklər və əlavələr edilməsi üçün təkliflər irəli sürülməsi kimi tapşırıqlar verilib. Bu fərmandan sonra nazirlik, komitə və icra hakimiyyəti başçılarına qadınların rəhbər vəzifələrə irəli çəkilməsi tapşırılıb. Lakin, bu sahədə olan normativ hüquqi aktların mövcudluğuna və aparılan işlərə baxmayaraq, hələ də qadınlar hakimiyyət orqanlarında və rəhbər vəzifələrdə az təmsil olunurlar.
Bu gün Azərbaycanda ən ciddi məsələlərdən biri də ailədə qadınlara qarşı zorakılıqların tətbiq edilməsi və onların əksəriyyətinin çox zaman gizli qalmasıdır. Bildiyimiz kimi, mentalitetimizdən irəli gələn səbəblərə görə Azərbaycan qadını ailədə məruz qaldığı zorakılığı içtimailəşdirmir ki, bu da ölkənin hazırlanan statistik nəticələrində faktların kənarda qalmasına səbəb olur. Odur ki, qadınlarımız müasirliklə milli mentaliteti özlərində harmoniya şəklində yaşada bilərlər. Çox təəssüf ki, bir çox hallarda məişət zorakılığı, qadınların hüquqlarının pozulması kimi əməllər mələk donuna geyinmiş siyasi fəalların, bəzən isə hakimiyyət iddiasında olan siyasi partiyaların rəhbər şəxslərinin ailələrində baş verir. AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlər dediklərimizi bir daha sübut etmiş olur. Məsələ orasındadır ki, siyasi fəaliyyətlə məşğul olan şəxslər adi vətəndaşlardan fərqli olaraq qadın hüquqları ilə bağlı yerli və beynəlxalq qanunvericiliyi, eləcə də Azərbaycanın qoşulduğu beynəlxalq konvesiyaları çox yaxşı bilirlər. Üstəlik həmin bilgilərindən yararlanaraq hakimiyyəti qanunvericiliyin pozulmasında ittiham edərək əlavə divident qazanmaq imkanları olur. Necə ki, Fuad Qəhrəmanlı və onun təmsil olunduğu partiyanın (AXCP) sədri Əli Kərimli uzun illərdir ki, Azərbaycan hökumətini insan haqları və demokratiyanın pozulmasında suçlayır. Əslində isə, Əli Kərimli öz partiyadaşı ilə cinayət əlaqəsinə girərək döyülmüş, təhqir olunmuş, barmaqları və dizi sındırılmış qadınların hüquqlarının bərpasına maneə olublar. Daha doğrusu cinayətin gizlədilməsinə şərait yaradıblar. Bu isə birbaşa məişət zorakılığı ilə bağlı cinayətə şərik olmaq deməkdir. Deməli, Əli Kərimli və ətrafının uzun müddətdir manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamlar özlərini belə əməllərdən yayındırmaq məqsədi güdüb. Təkcə bu fakt deməyə əsas verir ki, Əli Kərimli cinayət əməllərini ötr-basdır etmək üçün trol şəbəkəsi vasitəsilə öz maraqlarına uyğun sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır.
Onu da qeyd edək ki, Fuad Qəhrəmanlının ailəsində baş vermiş hadisə ilə bağlı gedən müzakirələr Əli Kərimli və ətrafının şiddəti və qəddarlığı dəstəklədiyini göstərdi. Odur ki, bütün ölkə əhalisi bilməlidir ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün nəinki ən qəddar metodlardan istifadə edə, hətta öz yaxınlarını belə qurban verə bilər. Odur ki, ailədə zorakılığın aradan qaldırılması üçün hüquqi tədbirlər görülməzdən əvvəl hakimiyyət iddiasında olan müxalif siyasi partiya rəhbərləri arasında profilaktik (maarifləndirmə) işləri həyata keçirilməsinə ehtiyac duyulur.
Zəka
Olaylar.az