Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir

Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamaqda davam edir

Elmar Məmmədyarov: "Bu ölkə beynəlxalq ictimaiyyətin qınaqlarına baxmayaraq, qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir"

Azərbaycan 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının növbəti Zirvə toplantısına ev sahibliyi edəcək. Artıq bir sıra üzv dövlətlər sammtdə ən yüksək sviyyədə təmsil olunacaqlarını bəyan ediblər. Heç şübhəsiz ki, Azərbaycan dövləti Qoşulmama Hərəkatının üzv dövlətlərinin Bakı Sammitini yüksək səviyyədə təşkil edəcək. Nəzərə almaq lazımdır ki, ölkəmiz artıq möhtərəm beyənlxxlaq tədbirlərin təşkil olunması üçün kifayət qədər təcrübəyə malikdir. Siyasi ekspertlər hesab edirlər ki, Bakıda aparılacaq müzakirələr və keçiriləcək görüşlər Hərəkatın müharibə əleyhinə apardığı mübarizədəki rolunun daha da artırmasına öz töhfəsini verəcək.

Xatırladaq ki, bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün təsis etdiyi Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilmişdir. Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH  konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirmir və Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilatın hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Təşkilata üzv olan hər bir dövlət təşkilatın prinsiplərinə bağlılığını bildirməlidir. Təşkilata üzvlük prinsipləri hələ Təşkilatın təsis olunmasından əvvəl 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən Konfrans zamanı qəbul edilib.

Məlum olduğu kimi Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən, ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tam hüquqlu üzv olmaq qərarını almışdır. Hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Naziri 2011-ci ilin yanvar ayında təşkilatın sədri vəzifəsini icra edən Misirin Xarici İşlər Nazirinə təşkilata üzvlüklə bağlı müraciət etmişdir. 16 mart 2011-ci il tarixində Nyu-Yorkda keçirilən QH Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılmış və QH üzv dövlətlərinin ilkin yekdil və müsbət tövsiyəsi əsasında məsələnin QH-nin nazirlər görüşünün gündəliyinə salınması razılaşdırılıb. Nəticədə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. Sözügedən tədbirdə xarici işlər naziri cənab Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunan Azərbaycan tərəfi, QH-nin üzvü olaraq, Hərəkatın prinsiplərinə və məqsədlərinə bağlı olduğunu bəyan edib.

Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla Hərəkatın məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük həmçinin, beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlər ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Nazirlər Konfransında çıxışı zamanı deyib ki, son iqtisadi, sosial və ekoloji göstəricilər nümayiş etdirir ki, tərəqqi və inkişaf modelləri dəyişdirilməli və uyğunlaşdırılmalıdır. Silahlı münaqişələr, təcavüzkar ekspansionist siyasət, ətraf mühitin deqradasiyası, insan haqlarının pozulması, maliyyə böhranları, habelə terror, separatizm, transmilli mütəşəkkil cinayətkarlıq və ekstremizm kimi digər təhdidlər dünyada milyonlarla insana təsir etməkdə davam edir. Dünyanın həmişəkindən daha çox beynəlxalq hüquqa hörmət edilməsinə və buna riayət olunmasını təmin edəcək effektiv qlobal institutlara ehtiyacı var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu son dərəcə vacibdir.

Nazir bildirib ki, bu gün Qoşulmama Hərəkatının qarşısında duran əsas vəzifə qəbul edildiyi vaxtda olduğu kimi, aktuallığını davam etdirən təməl prinsiplərini təşviq etmək və dəstəkləməklə Hərəkatın rolunu geosiyasi mənzərədəki yeni reallıqlara uyğunlaşdırmaqdır. Dünyanın bu gün üzləşdiyi sülh və təhlükəsizliyə qarşı təhdidlər beynəlxalq hüquqi sistemin gücləndirilməsinə və münaqişələrin qarşısını almaq və həll etmək üçün bütün səviyyələrdə ikiqat səylər göstərməyə çağırır. Bu xüsusda, dövlətlərarası münasibətlərdə rəhbər tutulan beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə və onların beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət prinsiplərinə ciddi riayət olunması vacibdir: "Təəssüf ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli ilə bağlı bu dəfə də sizinlə bölüşmək üçün yaxşı xəbərim yoxdur. Ermənistan, göründüyü kimi, BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair məcburi xarakter daşıyan tələblərin əks olunduğu qətnamələrinə məhəl qoymamaqda davam edir. Bu ölkə beynəlxalq ictimaiyyətin əvvəlki xəbərdarlıq və qınaqlarına baxmayaraq, o cümlədən münaqişənin siyasi həlli istiqamətində davam edən səylər fonunda, Azərbaycanın işğal olunmuş ərazilərinin müstəmləkəyə çevrilməsi və ilhaqını möhkəmlətmək məqsədilə qəsdən qeyri-qanuni fəaliyyət həyata keçirilməkdədir. Bunlara digərləri ilə yanaşı, məskunlaşdırma, tarixi və mədəni irsin məhv edilməsi və mənimsənilməsi, işğal olunmuş ərazilərdə aktivlərin, təbii sərvətlərin və digər maddi nemətlərin istismarı və talan edilməsi və qanunsuz ticarəti daxildir".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31