Moskva ilə Tbilisi arasında buzlar əriyir -Siyasət
Moskva ilə Tbilisi arasında buzlar əriyir -Siyasət
27 Sentyabr 2019 15:37 SiyasətDünyada cərəyan edən proseslər, güc mərkəzlərinin təsir dairələrinin daha da genişləndirilməsi istiqamətində aparılan mübarizə xeyli vaxtdır ki, Cənubi Qafqaz regionunda da özünü büruzə verir. Düzdür, Cənubi Qafqaz bütün dövrlərdə dünyanın iki əsas güc mərkəzi, Birləşmiş Ştatlar və Rusiyanın maraqlarının təmin olunması uğrunda mübarizə predmeti olub. Lakin zaman-zaman fərqli regionlarda gedən fərqli proseslər bu mübarizəni bir qədər arxa plana atıb. Yaxud qarşılıqlı anlaşma şəraitində bu mübarizə bir qədər arxa plana keçib. Ancaq hazırda fərqli situasiya müşahidə edilir və deyərdik ki, Cənubi Qafqaza nəzarət uğrunda Birləşmiş Ştatlarla Rusiya arasında yeni bir mübarizə gedir. Əslində hər şey Ermənistanda baş verən inqilab və hakimiyyət dəyişikliyindən sonra başladı desək də yanılmarıq. Belə ki, uzun illər Rusiyanın forpostu hesab edilən Ermənistanın Paşinyanın inqilabından sonra Qərbə doğru meyillənməsi Moskvanı adekvat addımlar atmaq məcburiyyətində qoydu. İndi Rusiya ciddi şəkildə Ermənistanın Qərbə doğru meyillənməsindən ehtyatlanır. Kremldə ehtimal edirlər ki, İrəvanın Rusiyadan uzaqlaşıb Qərbə doğru meyillənməsi Cənubi Qafqazın müəyyən bir hissəsinin Qərbin təsiri altınan düşməsinə gətirib çıxara bilər. Çünki regionun digər bir ölkəsi olan Gürcüstanla da Rusiya arasında 2008-ci ildən sərinləşən münasibətlər Tbilisinin Qərbə meyillənməsi ilə nəticələnib. Təsadüfi deyil ki, hazırda Qərbdə, Avropada Gürcüstanı Cənubi Qafqazda Rusiyaya qarşı əsas sipər kimi görürlər. Azərbaycana gəlincə isə, rəsmi Bakı müstəqillik illərindən etibarən balanslı siyasətə üstünlük verib, bu və ya digər qütb arasında heç vaxt tərəf tutmayıb. Hazırda da Azərbaycan bu siyssətə sadiqdir və yaxın-uzaq qonşuları ilə qarşılıqlı faydalı əməkdaşlığa maraqlıdır. Onu da qeyd etmək yerinə düşər ki, rəsmi Bakının bu mövqeyi dünyada da normal qəbul edilir və Azərbaycanın bu mövqeyinə hörmət edirlər. Hətta bir sıra Avropa ölkələri Azərbaycanı Cənubi Qafqazda özlərinin strateji müttəfiqi qismində görürlər. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, hazırda Cənubi Qafqazda mübarizə Ermənistan və Gürcüstan uğrunda gedir. İndiki situasiyada Rusiya Ermənistanın Qərbə meyillənməsini Gürcüstanla münasibətləri normallaşdırması fonunda əvəzləmək istəyir. Elə son vaxtlar tərəflər arasında artan diplomatik hərəkətlilik də məhz buna hesabıanıb. Təsadüfi deyil ki, əksər ekspertlər də belə düşünürlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Rusiya və Gürcüstanın xarici işlər nazirləri BMT-nin assambleyası çərçivəsində görüşüblər. Onun sözlərinə görə, hər iki ölkə 2008-ci il müharibəsindən sonra ilk dəfə yüksək səviyyədə təmas qururlar: "Hazırda Gürcüstanın Rusiya ilə əlaqələri normallaşdırılması istiqamətində apardığı siyasət avrointeqrasiya xətti ilə zidiyyət təşkil edir. Demək olar ki, Rusiya Gürcüstanda öz təsirini artırmaqdadır. Sadəcə, xalqın təzyiqlərindən çəkinən gürcü hakimiyyəti açıq şəkildə anti-Qərb siyasətinə keçə bilmir".
Politoloq deyib ki, iki ölkənin yaxınlaşması əsasən pərdəarxası aparılan danışıqların nəticəsidir: "Həmçinin Rusiya XİN rəhbəri S. Lavrov Gürcüstanın NATO-ya üzvülüyünün əleyhinə olduğunu açıq dilə gətirdi. Göründüyü kimi Gürcüstanda ABŞ və Rusiya qarşıdurması yeni mərhələyə keçir. Hakim "Gürcü Arzusu" partiyası və lideri B. İvanaşvili Moskva xəttini həyata keçirir və missiyası Kremlin ölkədə nüfuzunu bərpa etməkdir. Rusiya Gürcüstan əlaqələri normallaşsa, ikitərəfli əməkdaşlıq yüksək səviyyəyə qalxsa da, Kreml Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın nəzarətinə verməyəcək. Daha da Gürcüstanın müstəqilliyinə əl qoymağa çalışacaq. Rusiyanın Gürcüstanda möhkəmlənməsi Azərbaycan Gürcüstan əlaqələrinə mənfi təsir edəcək. Moskvanın təlimatı ilə Azərbaycanın nəqliyyat və enerji layihələri Tiflis tərəfindən sabotaj ediləcək. Necə ki, edilirdi. Həmçininn ölkəmiz üçün Gürcüstana investisiya yatırılması çətinləşəcək".
Məhəmməd Əsədullazadə hesab edir ki, regionda rəqabət fonunda Moskva Cənubi Qafqazdan çəkilmir, daha da möhkəmlənmək kursu götürüb: "Bu region üçün ümümi təhlükəsizliyi təhdid edəcək və Azərbaycan ərazilərinin işğalının uzanmasına gətirib çıxaracaq. Gürcüstanda demokratik qüvvələrin hakimiyyətə gəlməsə ilə, ABŞ prosesdə zəifləsə Moskva dominatlğını artıracaq".
Məhəmməd
Olaylar.az