“Utanmasan oynamağa nə var ki?” -PROBLEM
“Utanmasan oynamağa nə var ki?”-PROBLEM
27 Sentyabr 2019 12:45 Siyasət"Gizli trol şəbəkəsi" ifşa olunan Əli Kərimlinin könlünə mitinq sevdası düşüb
Azərbaycanın radikal müxalifət partiyalarının ölkənin ictimai-siyasi həyatında heç bir rola malik olmadıqları hamıya gün kimi aydındır. Mövcud olduqları iyirmi beş il ərzində nə bir tutarlı təkliflər paketi, nə də bir islahat proqramı ortaya qoya bilməyiblər ki, ən azından özlərinin varlığını təsdiq edə bilsinlər. Əslində, radikal müxalifətdən belə bir təşəbbüsün gözlənilməsinə dəyməz, çünki bu düşərgə bütövlükdə fəaliyyətini dövlətin, dövlət başçısının, yeri gəldi-gəlmədi xalqın nüfuzdan salınmasına yönəldib. Hətta bunun üçün nəinki antiAzərbaycan qüvvələri, eləcə də birbaşa erməni diasporu ilə əməkdaşlıqdan vaz keçmirlər. Elə bu səbəbdən də ən müxtəlif birliklər adı altında seçkiyə qatılan müxalifət "qutudan üzü qara çıxıb". Çox təəssüf ki, bundan nəticə çıxarmayan radikal müxalifət ötən müddət ərzində partiyadaxili islahatlardan da yan keçib. Nəticədə siyasi sistemin təkmilləşdirilməsi, islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında fəaliyyət göstərən radikal ünsürlər Azərbaycan xalqı üçün qara yaraya çevriliblər. "Qrant müxalifəti"nə çevrilən bu ünsürlərin millətə, xalqa hansısa fayda verəcəyini gözləməyin özü sadəlövhlük olardı.
Əslində müxalifətin özü düşdüyü biabırçı vəziyyəti çox yaxşı anlayır, lakin çıxış yolunu yenə də əyri yollarda görür. Məhz bu səbəbdən bu azsaylı qrupun fəaliyyəti real müstəvidən virtual aləmə transfer olunub. Bununla da ölkədə "facebook müxalifəti"nin formalaşmasının əsası qoyulub. Şübhəsiz ki, müasir şəraitdə sosial şəbəkələr istənilən təşkilat üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də geniş kütlələrə müraciət platformasıdır. Çox təəssüf ki, bu platformanın hər kəs tərəfindən qəbul olunan əhəmiyyəti heç bir siyasi təşkilata yalnız sosial şəbəkələrdən böhtan, təhqir, şantaj məqsədləri üçün istifadəyə haqq vermir. Azərbaycanın "facebook müxalifəti" isə özünün mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışır. AXCP sədri Əli Kərimlinin fəaliyyəti bu fikrimizi bir daha təsdiq etmiş olur. Sirr deyil ki, Əli Kərimli və ətrafı uzun müddətdir ki, saxta profillər vasitəsilə iqtidara qarşı ağlasığmaz ittihamlar irəli sürməkdədir. Bir çox hallarda həmin ittihamlar həddini aşaraq təhqir və böhtana keçir. Əslində Əli Kərimlinin bununla uzun müddətdən bəri manipulyasiya etdiyi və hakimiyyətə qarşı yönəltdiyi ittihamlar özlərini belə əməllərdən yayındırmaq məqsədi güdür. Son hadisələr zamani bir daha aydın oldu ki, Əli Kərimli trol şəbəkəsi vasitəsilə öz maraqlarına uyğun sosial şəbəkələrdə kampaniyalar təşkil edir, müxtəlif şəxsləri hədəfə götürür, aşağılayır, yalan və dezinformasiya yayır. Lakin sosial şəbəkədə də müxalifətçilik etməyi bacarmayan Əli Kərimlinin fəaliyyəti bumeranq effekti verdi. Belə ki, AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının qızı elə sosial şəbəkədəcə "gizli troll şəbəkəsi"nin iç üzünü açdı. Fuad Qəhrəmanlının ailəsində baş vermiş hadisə ilə bağlı gedən müzakirələr Əli Kərimli və onun ətrafının şiddəti və qəddarlığı dəstəklədiyini göstərdi. Bir daha aydın oldu ki, Əli Kərimli öz məqsədlərinə çatmaq üçün ən qəddar metodlardan istifadə edə, öz yaxınlarını belə qurban verə bilər.
Çox təəssüf ki, Əli Kərimli bu hadisədən də nəticə çıxarmaq fikrində deyil, əksinə öz keçmiş müavininin ailəsində baş verən narazılıqdan siyasi divident əldə etmək istəyir. Dəhşətlisi odur ki, öz ailəsini, təmsil olunduğu siyasi təşkilatın üzdə olanlarının ailəsini idarə edə bilməyən şəxs dörd tərəfi düşmən olan Azərbaycan kimi ölkəni idarəetmək niyyətini gizlətmir. Lakin bir həqiqət var ki, öz yaxınına, ailə üzvünə, xüsusilə qadına qarşı zorakılıq edən siyasətçinin nəinki ölkəni idarə etmək, heç dövlətin hər hansı strukturunda təmsil olunmağa mənəvi haqqı yoxdur. Nəinki siyasətlə məşğul olanlar, eləcə də sadə vətəndaşlar Əli Kərimlinin hansı yolu keçdiyini, hansı oyunlardan çıxaraq AXCP-də hakimi-mütləqə çevrildiyini, qondarma "Milli Şura"nı hansı manevrlərlə özününküləşdirdiyini yaxşı bilir. AXCP sədrinin bütün "karyerası" boyu müxalifətdəki rəqiblərinə badalaq gələrək onları sıradan çıxarmaq üçün hansı "tədbirləri gördüyü" də yaddaşlarda təzədir. Və bütün bunların səbəbi çox sadədir: Əli Kərimli despot, antidemokrat mahiyyətlidir, çevrəsində özünə rəqib ola biləcək kiminsə olmasını istəmir. O, təkcə AXCP-də deyil, bütövlükdə radikal düşərgədə yetənə yetir, yetməyənə də bir daş atır.
Bu arada Milli Şura utanmaz-utanmaz mitinq keçirmək niyyətinə düşüb. Bu yerdə atalar yaxşı deyib: "Utanmasan oynamağa nə var ki?" Üstəlik bu aksiyanı sosial sifariş adlandırır. Əslində isə bu kimi aksiyaların Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Lakin görünən odur ki, özünü müxalifət adlandıran, cəmiyyətdə dayağı olmayan qüvvələr yenə də mitinq keçirmək arzusuna düşüblər. Mitinq xəstəsi olan Əli Kərimli deyir ki, guya "sosial sifariş olduğu üçün mitinqlərə başlamaq qərarına gəliblər. Unudur ki, sosial sifariş çoxmilyonlu cəmiyyətin hər bir üzvünün tələbidir. Məsələ ondadır ki, cəmiyyətin kiçik bir qisminin arzu və istəkləri ümumilikdə sifariş deyil, müəyyən qüvvələrin maddi-siyasi maraqlarının ifadəsidir. Ancaq mitinqin həqiqətən sifariş olduğunu da gizlətmək olmaz, bu sifarişin mənbəyi isə Azərbaycan xalqı deyil, Qərbdəki anti-Azərbaycan qüvvələridir.
Zəka
Olaylar.az