Regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib

Regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov  Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin Prezidenti Vuk Yeremiçlə görüşüb. "Olaylar"ın əldə etdiyi məlumata görə, görüşdə V.Yeremiç Mərkəzin fəaliyyəti ilə bağlı Nazir Məmmədyarovu məlumatlandırıb. Tərəflər mümkün əməkdaşlıq yolları və Azərbaycanın araşdırma mərkəzləri ilə Beynəlxalq Münasibətlər və Dayanıqlı İnkişaf Mərkəzinin birgə fəaliyyəti barədə ətraflı fikir mübadiləsi aparıb. Görüşdə, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında müzakirələr aparılıb.

Elmar Məmmədyarov Xorvatiyanın Xarici İşlər naziri Qordan Qrliç Radman ilə də görüşüb. "Olaylar" xəbər verir ki, nazir Elmar Məmmədyarov xorvatiyalı həmkarını Xarici İşlər naziri təyinatı ilə bağlı təbrik etdi.Tərəflər Azərbaycan-Xorvatiya əlaqələrinin cari vəziyyəti, o cümlədən iqtisadiyyat, turizm, enerji, mədəniyyət və humanitar sahədə əməkdaşlığa dair fikir mübadiləsi apardılar. İki ölkə arasında siyasi dialoqun mövcud səviyyəsindən məmnunluq ifadə olundu. Ölkələr arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı və nazir Elmar Məmmədyarov həmkarını Azərbaycana səfər etməyə dəvət etdi.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdilər.

Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç ilə görüşüb. XİN-dən "Olaylar"a bildirilb ki, nazir Elmar Məmmədyarov Mariya P.Buriçi Avropa Şurasının (AŞ) Baş katibi seçilməsi münasibətilə təbrik etdi və hazırkı vəzifəsində Azərbaycana səfər etməyə dəvət etdi. Görüşdə Azərbaycanın Avropa Şurası və onun institutları ilə əməkdaşlıq məsələləri dair fikir mübadiləsi aparıldı və mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinə razılıq ifadə edildi. Nazir Elmar Məmmədyarov AŞ Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə  Xarici İşlər nazirləri arasında Nyu Yorkda keçirilmiş son görüş barədə məlumat verdi. Bu xüsusda, münaqişənin tezliklə sülh yolu ilə həlli, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərimizdən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının vacibliyini vurğulandı. Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində müzakirələr aparıldı.

Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə də  görüşüb. "Olaylar" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin cari səviyyəsini müzakirə etdilər və əməkdaşlığın inkişafı üçün mövcud olan potensialı vurğuladılar. Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi apardılar və bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxundular.

BMT BA-nın 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Bəhreyn Krallığının Xarici İşlər naziri Şeyx Xalid bin Ahmed Mohamed Al Xalifa ilə görüşüb. XİN-dn "Olaylar"a verilən məlumata görə, nazirlər Azərbaycan və Bəhreyn arasında mövcüd olan ikitərəfli əməkdaşlıq münasibətlərini müzakirə etdilər və ölkələr arasındakı əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğuladılar. Tərəflər, bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşü və Azərbaycanın qarşıdan gələn 3 il ərzində bu Hərəkata sədrliyi məsələlərinə dair fikir mübadiləsi apardılar. Nazirlər, habelə regional və qlobal təhlükəsizlik məsələləri, eləcə də BMT Baş Assambleyasının 74-cü sessiyasının gündəliyindəki digər məsələləri müzakirə etdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31