Söyüşlə, təhqirlə münasibət ifadə etmək olmaz- EKSKLÜZİV
Söyüşlə, təhqirlə münasibət ifadə etmək olmaz-EKSKLÜZİV
25 Sentyabr 2019 12:49 SiyasətNizami Cəfərov: "İstənilən münasibət polemik, analitik olmalıdır"
"Cənab prezidentin tapşırğı ilə nazir və komitə rəhbərlərinin, yüksək rütbəli dövlət məmurlarının regionlarda keçirdiyi görüşlər, vətəndaşları qəbul etmələri prosesi başlayandan millət vəkillərinə edilən müraciətlərin də sayı xeyli azalıb"
Siyasi mübarizəyə qeyri-siyasi, əxlaqdan kənar fəaliyyətlərin gətirilməsi, hakimiyyəti tənqid adı altında dövlətin və dövlətçiliyin hədəf alınması cəmiyyətimizin hər bir üzvü tərəfindən ciddi etirazla qarşılanır, tənqid olunur. Bütün bu adekvat reaksiyalar, münasibətlərə baxmayaraq antiAzərbaycan, antidövlətçi qüvvələr hələ də öz çirkin fəaliyyətlərini davam etdirirlər. Ancaq Azərbaycan cəmiyyətinin bu kimi qeyri-etik çağırışlar, ifadələrə dəstək verməməsi həmin dairələrin planlarını alt-üst edir. Bu günlərdə ölkədə keçirilən növbəti rəy sorğusunun nəticələri də elə bunu deməyə əsas verir. Belə ki, Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsindən aydın olur ki, əhalinin 75 faizə yaxını dövlət başçısı Cənab İlham Əliyevin fəaliyyətindən razıdır. Elə biz də Milli Məclisin deputatı Nizami Cəfərovla müahibədə sadaladığımız məsələlərə toxunduq.
-Nizami müəllim, son vaxtlar mənfi bir tendensiya müşahidə edilməkdədir. Belə ki, müəyyən qruplar, eyni zamanda fərdlər siyasi mübarizə adı altında dövləti, onun rəsmi şəxslərini, eyni zamanda dövlətçiliyi təhqir edir, qeyri-etik ifadələr yayırlar. Sizcə siyasi mübarizəni qeyri-siyasi, etik çərçivədən kənar formada aparmaq nə dərəcədə məntiqli və normaldır?
-Təəssüflər olsun ki, belə bir mənfi tendensiya cəmiyyətimizdə müşahidə edilməkdədir. Ancaq onu da nəzərə almaq lazımdır ki, söyüşlə, təhqirlə münasibət ifadə etmək olmaz. Əgər söyüş və təhqirlə münasibət ifadə olunursa, o artıq münasibət deyil. İstənilən münasibət polemik, analitik olmalıdır. Yəni təhlildən keçərək olmalı, nəyisə ifadə etməlidir. Ancaq nə söyüş, nə təhqir, nə qarğış, nə də alqış belə münasibət ifadə eləmir. Bu, məsələlərə çox qeyri-etik bir yanaşmadır. Məsələnin başqa tərəfi də ondan ibarətdir ki, sadaladığımız amilləri ortaya qoyan, ondan istifadə edən insanın özü barədə təsəvvür yaradır. Artıq onun bildirdiyi münasibətin mahiyyəti barədə yox, insanın özü barəsində təsəvvür yaradır. Ona görə də ümumiyyətlə, belə hallarda ifadə etdiyin üslubla, təhqir və söyüş obyektinə çevrilməməyin üçün gərək özün bu addımı atmayasan, onu başlamayasan. Bu bütün məqamlarda, istər siyasi, istər ideoloji, istərsə də intellektual müxalifət olsun, bütün hallarda reaksiya mütləq təhlillərlə getməlidir. Orada həddən artıq qabarıq, mənasız, şişirdilmiş münasibət olmamalıdır. Çünki o təfəkkür tərzi, intellekt hesab olunmur.
-Bu kimi mənfi hallar dövlətin nüfuzuna necə təsir göstərir və beynəlxalq aləmdə ölkəmizin imicinə mənfi təsir göstərmirmi?
-Bizim dövlətimiz elə bir səviyyədədir ki, kiminsə söyüşü, təhqiri və ya qarğışı ona təhlükə yarada bilməz. Çünki dünyanın da ümumi təcrübəsi var və heç bir özünü təsdiq etmiş dövlət, hakimiyyət elə şeylərlə nüfuzdan düşə bilməz. Ancaq bununla yanaşı nəzərə almaq lazımdır ki, bizim dövlətimizin xarici münasibətlər, əlaqələrlə bağlı müəyyən problemləri var. Bunların içərisində ən böyüyü Ermənistandır. Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımız işğala məruz qalıb. Bu gün işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsini istəyənlər, tərəfdarı olanlarla yanaşı, tərəfdarı olmayanlar da var. Onlar da həmişə özlərinin haqlı olduqlarını sübut etmək istəyirlər. Bunun üçün də müxtəlif bəhanələr gətirirlər. Bu istiqamətdə bizim öz daxilimizdə həmin bəhanələrə imkan yaradacaq nə isə bir şey olduqda, bunu artıq satqınlıq kimi qiymətləndirmək lazımdır. Yəni faktiki olaraq, zahirən formal olaraq dövlət, hakimiyyət qeyri-analitik şəkildə tənqid olunur. Bu da düşmənə məsələnin mahiyyəti baxımından yox, müəyyən bəhanələr, spekulyasiyalar üçün rəvac, onun əlinə imkanlar verir. Ona görə də hər bir şəxs dövlət, hakimiyyətlə bağlı fikir səsləndirəndə, ifadə edəndə işin bu tərəfini, yəni əsas tərəfini də nəzərə almalıdır.
-Sosial Tədqiqatlar Mərkəzinin keçirdiyi rəy sorğusuna görə, ölkə vətəndaşlarının 75 faizə yaxını dövlət başçısının həyata keçirdiyi siyasətdən razıdır. Bu fakt bir daha onu deməyə əsas verirmi ki, nə qədər cəhdlər, dövlət və hakimiyyəti gözdən salmağa yönəlik fəaliyyətlər olsa da, ölkədə hakimiyyət-xalq, xalq-prezident birliyi mövcuddur?
-Heç şübhəsiz belədir. Mən onu həmişə qeyd etmişəm. Artıq neçə illərin fəaliyyəti, içərisində olduğum hadisələr həm regionlarda, həm də paytaxt Bakıda Azərbaycan prezidentinin nüfuzunun, dövlət başçısının mövqeyinin çox yüksək olduğunu göstərir. Bunun da səbəbi Cənab Prezidentin özünün uğurlu və səmərəli fəaliyyətidir. Yəni bu fəaliyyətin, qazanılmış uğurların bir az da analitik müzakirəsi aparılsa, o zaman yuxarıda qeyd etdiyimiz kimi düşünmədən münasibət bildirilməz, müəyyən analitik təhlillər aparıldıqdan sonra ortaya münasibət qoyular. Əslində bizim cəmiyyətimiz çox realist, hadisələrə, faktlara dəqiq qiymət verməyi bacaran cəmiyyətdir. Bizim cəmiyyətimizin bütün parametrlər üzrə keyfiyyəti çox yüksəkdir. Ancaq buna baxmayaraq müəyyən maraqlar, qruplar da var. Lakin məsələlərə tam məntiqi, analitik yanaşılsa, əminliklə deyə bilərik ki, dövlət başçısımızın hakimiyyəti ifadə etmək, hakimiyyəti yaratmaq nüfuzu 100 faizə qədərdir.
-Nizami müəllim, parlamentin yay tətili müddətində yəqin ki, seçicilərinizlə çoxsaylı görüşlər keçirib, onların problemlərini, istək və arzularını dinləmisiniz. Ölkədə son illərdə həyata keçirilən sosial islahatlar, bu istiqamətdə imzalanan mühüm sənədlər əhalinin sosialyönümlü müraciətlərinin azalmasına nə dərəcədə təsir göstərib?
-Bu çox mühüm, ciddi bir amildir və sizinlə tamamilə razıyam. Məsələn, 5, 10, hətta 15 il bundan əvvəl edilən müraciətlərin kəmiyyəti, sayı necə idi və nəyə xidmət edir, hansı məsələləri əhatə edirdi. Eyni zamanda hazırda necədir? Müqayisə etdikdə aydın şəkildə görürük ki, kəskin şəkildə fərqlər var. Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, hakimiyyətin, dövlətin inkişafı, imkanlarının, genişlənməsini, idarəçilik texnologiyasının mükəmməlləşməsi və prezidentimizin nüfuzunu bölgələrdən gələn məktublar daha səmimi şəkildə bildirir. Yəni cəmiyyət birbaşa pz maraqlarından çıxış etməklə yanaşı, bu maraqların nə dərəcədə ödənilib-ödənilməməsi imkanlarını da bilir. Çünki həmin insanların mütləq əksəriyyəti həyatın içərisindədirlər. Eyni zamanda digər xüsusi bir məqama diqqət çəkmək istəyirım. Cənab prezidentin tapşırğı ilə nazir və komitə rəhbərlərinin, yüksək rütbəli dövlət məmurlarının regionlarda keçirdiyi görüşlər, vətəndaşları qəbul etmələri prosesi başlayandan millət vəkillərinə edilən müraciətlərin də sayı xeyli azalıb. Digər tərəfdən icra hakimiyyətlərin işi yaxşılaşanadan sonra da bizə edilən müraciətlərdə azalma müşahidə edilib. Məlumdur ki, Cənab prezident İlham Əliyevin göstərişi ilə icra hakimiyyətlərinin yerli əhali ilə işləməsi, onların qayğıları, problemləri ilə maraqlanması daha geniş miqyas alıb və bu çoxlu formalarda, üsullarda təzahür edir. O da kömək edir ki, vətəndaşlar millət vəkilini çox müraciət etməsin. Əslində həmin müraciətlərin mahiyyətində nə dayanır? Millət vəkilinə müraciət olunur və millət vəkili də yerli icra hakimiyyətinə həmin müraciətdə əksini tapan məsələnin həlli məqsədilə məktub ünvanlayır. Ancaq artıq icra hakimiyyətləri ilə yerlərdə sakinlərin əlaqələrinin genişlənməsi, tez-tez görüşlərin keçirilməsi millət vəkilinə müraciət üçün yer qoymur, əsas yaratmır. Ona görə də millət vəkili daha çox qanunvericlik məsələləri, daha ümumi məsələlər, beynəlxalq məsələlər ilə məşğul olur. Faktiki olaraq həyata keçirilən islahatlar, eyni zamanda hər kəsin öz işini görməsi nəticə etibarilə ona gətirib çıxarır ki, millət vəkili də görməli olduğu işi görür.
Süleyman İsmayılbəyli
Olaylar.az