Ölkəmizdə xalq-iqtidar birliyi möhkəmdir -Təhlil

Ölkəmizdə xalq-iqtidar birliyi möhkəmdir

Vətəndaşlar birmənalı olaraq prezident İlham Əliyevin siyasətini dəstəkləyir

Azərbaycanın artan iqtisadi gücü, mövcud potensialı, həmin potensiala uyğun olaraq atılan addımlar və əldə edilən yeni-yeni uğurlar, nailiyyətlər ölkəmizin beynəlxalq aləmdə, dünya birliyində nüfuzunu daha da artırır, onun mövqelərini möhkəmləndirir. İndi Azərbaycan həyatımızın bütün sahələrini əhatə edən istiqamətlər, parametrlər üzrə inkişaf edən bir ölkə təsirini bağışlayır. İstər siyasi, istər iqtisadi, istər sosial və humanitar, istərsə də mədəni, idman, eləcə də digər sahələrdə aktivinə yalnız uğurlar, nailiyyətlər yazan Azərbaycanın bu inkişafını istəməyən, onun atdığı addımlara maneə yaratmaq istəyən qüvvələr olsa da,  uğura doğru əzmlə addımlayan ölkəmizi bu yoldan heç kim döndərə bilmir, ona əngəl yaratmaq gücü, qüvvəsi xaricindədir. Bunun isə başlıca səbəbi ölkədə həyata keçirilən məqsədyönlü, uğurlu, eyni zamanda düşünülmüş siyasətdir. Artıq 16 ildir ki, bu siyasət davam edir. Əsası 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət günümüzdə həmin siyasi kursun davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra edilir. Eyni zamanda bu siyasət xalq tərəfindən dəstəklənir, rəğbət qazanır. Çünki həyata keçirilən siyasətin məğzi xalqa xidmətdir. 2003-cü ildən, dövlət başçısı seçilən vaxtdan bu günə qədər özünü hər bir vətəndaşın prezidenti elan edən və bu xidməti layiqincə həyata keçirilən Cənab İlham Əliyevin ötən 16 il ərzində atdığı addımlar, həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlar belə deməyə əsas verir. Məhz dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, sosial islahatlar, açılımlar nəticəsində Azərbaycan vətəndaşının rifah halı nəzərə çarpacaq dərəcədə yaxşılaşıb, həyat tərzi, yaşam səviyyəsi mənfidən müsbətə doğru dəyişib. Ötən 16 il ərzində dəfələrlə minimum əmək haqqı, maaş və pensiyaların, digər təqaüdlərin artırılması, əhalinin aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan hissəsi üçün Ünvanlı Sosial Yardım, DOST Mərkəzi kimi sosial layihələrin həyata keçirilməsi, eləcə də digər tədbirlər Azərbaycan vətəndaşlarının sosial rifah halının yüksəldilməsinə xidmət edib və öz müsbət nəticələrini göstərib. Burada xüsusi qeyd edilməli məqam isə ondan ibarətdir ki, bütün bu işlər və qazanılan uğurlar, əldə edilən nəticə ictimai-siyasi sabitlik şəraitində baş verib. Yəni, Azərbaycan vətəndaşının sosial rifah halı ölkədə mövcud olan ictimai-siyasi sabitliklə paralellik təşkil edib. Elə bütün bunlardan dolayıdır ki, Azərbaycan vətəndaşları birmənalı olaraq Azərbaycan hakimiyyətinin həyata keçirdiyi siyasəti dəstəkləyir, onu müdafiə edir. 2003-cü ildən indiyə qədər ölkədə keçirilən bütün prezident seçkilərində ölkə vətəndaşlarının mütləq əksəriyyətinin Cənab İlham Əliyevə səs verərək Azərbaycan adlı gəminin sükanını növbəti dəfə ona etibar etməsi fonunda biz bunu aydın şəkildə görürük. Burada haşiyədən çıxaraq bir məqamı da xüsusi vurğulamaq istərdim ki, hər seçkilərin nəticələrinə diqqət yetirdikdə Cənab İlham Əliyevin vətəndaşlar arasında olan reytinqinin bir qədər yüksəldiyi, daha çox dəstək qazandığının şahidi oluruq. Bunu ötən 16 il ərzində ölkədə keçirilən prezident seçkilərinin nəticələri ilə yanaşı, müntəzəm olaraq beynəlxalq və yerli təşkilatların, sosioloji sorğu mərkəzlərinin Azərbaycanda keçirdikləri sorğuların nəticələri də təsdiqləyir. Elə bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin (STM) ölkə ərazisində keçirdiyi rəy sorğusunun nəticəsi də belə deməyə əsas verir.

Məlumat üçün qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar paytaxt və regionlar daxil olmaqla Azərbaycan ərazisində 10 sosioloji tədqiqat və ictimai rəy sorğu həyata keçirib. Artıq həmin ictimai rəy və sorğu başa çatıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər.

Sosial Tədqiqatlar Mərkəzinin (STM) Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı keçirdiyi rəy sorğusunun nəticələrinə görə, sorğuda iştirak edənlərin 73,30 faizi "Ölkə prezidenti öz fəaliyyətində vətəndaşların maraqlarını, tələbatlarını və rəyini nəzərə alır fikri ilə nə dərəcədə razısınız" sualına cavabda bununla bununla tam razı olduğunu qeyd edib.  Sorğunun nəticələrinə əsasən, respondentlərin, 20,30 faizi əsasən razılığını, 3 faizi əsasən razı olmadığını və 3,4 faizi isə heç razı olmadığını bildirib. 

Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev sözügedən sorğunun nəticələrinə qiymət verərkən vurğulayıb ki, son vaxtlar Azərbaycanda aparılan uğurlu sosial və kadr islahatları miqyasına və səmərəliliyinə görə fərqlənir. Onun sözlərinə görə, ölkəmizdə yalnız son islahatlar paketi 5 milyard manat həcmində olmaqla, 4 milyon insanı əhatə edib: "Mən ikinci elə bir ölkə tanımıram ki, orada hazırda çağdaş Azərbaycanda aparılan səviyyədə uğurlu humanist sosial siyasət həyata keçirilsin.  Mənim müxtəlif ölkələrdən olan sosioloq və siyasətçilərlə sıx əlaqələrim var. Onlar məndən tez-tez müstəqil Azərbaycanın brendi olan "ASAN xidmət" barədə soruşurlar. Mən bu barədə onlara deyirəm: "Azərbaycan Prezidentinin ən böyük sosial innovasiya layihəsi olan "ASAN xidmət" həqiqətən çox qısa müddət ərzində insanların rəğbətini qazana bilib, effektiv dövlət idarəçiliyi, məmnunluq, hesabatlılıq, şəffaflıq anlayışları ilə asossiasiya olunmağa başlayıb və dövlət idarəçiliyinə yenilik gətirmiş dövlət kimi Azərbaycanı dünyaya tanıdıb". Azər Verdiyev hesab edir ki, Sosial Tədqiqatlar Mərkəzinin yaradılması ölkəmizdə aparılan islahatların tərkib hissəsi, onun bir təzahürüdür: "Belə ki, müasir effektiv dövlət idarəetməsi ictimai rəy öyrənilmədən mümkün deyil. İctimai rəyin öyrənilməsi işi klassik üsullarla yanaşı, mütərəqqi, araşdırma metodları və innovativ texnologiyalardan istifadə etməklə təşkil edilməlidir. İnanıram ki, Sosial Tədqiqatlar Mərkəzinin kollektivi qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələrək ölkəmizdəki islahatlar kursuna öz töhfəsini verəcək". 

Füzuli

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31