Elmar Məmmədyarovun görüşlərində nələr müzakirə olundu
Elmar Məmmədyarovun görüşlərində nələr müzakirə olundu
25 Sentyabr 2019 11:38 SiyasətXarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinosla görüşüb. "Olaylar" Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, tərəflər Azərbaycan ilə Alyans arasında mövcud olan əməkdaşlıq münasibətləri üzrə fikir mübadiləsi aparıb. Onlar Azərbaycan və Alyans arasındakı qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndirib və Alyansın müasir dövrün çağırışlarına qarşı mübarizədə fəal rol oynamasının zəruriliyini vurğulayıblar.
Migel Anxel Moratinos Azərbaycanın müxtəlif dinlər və etnik qruplar arasında dialoqun, eləcə də multikultural dəyərlərin təşviqində rolunu və bu xüsusda ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri təqdir edib. Tərəflər, həmçinin Qoşulmama Hərəkatının qarşıdan gələn Bakı Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələlərini müzakirə ediblər.
BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Marşal Adaları Respublikasının Xarici İşlər və Ticarət Naziri Con Silk ilə görüşüb. Nazirlər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi apardılar və ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladılar.
Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin rəhbəri Pyer Krahenbul ilə də görüşüb. Fələstinli qaçqınlara yardım göstərilməsi ilə bağlı təmsil etdiyi qurumun son dövrləri əhatə edən fəaliyyət istiqamətləri və gələcək planları barəsində məlumat verən P.Krahenbul Azərbaycanın fələstinli qaçqınların həyat şəraitin yaxşılaşdırılmasına və Agentlyin ənənəvi təhsil, səhiyyə və digər proqramlarının gücləndirilməsinə göstərdiyi humanitar dəstəyi yüksək qiymətləndirdi. Azərbaycanın Qoşulmama Hərəkatına sədriyi və bu ilin oktyabrında Bakıda keçiriləcək Zirvə görüşündən bəhs edən Pyer Krahenbul bu tədbirdə iştirak edəcəyini qeyd etdi. Görüşdə, həmçinin Agentlik və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olundu.
Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi v.i.e. cənab Filip Riker ilə görüşüb. Görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğuladı. Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edildi.Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi apardılar.