Əli Kərimlinin növbəti qurbanı - SİYASƏT

Əli Kərimlinin növbəti qurbanı- SİYASƏT

Fuad Qəhrəmanlıdan sonra sırada kim olacaq?

Ötən həftə ölkənin siyasi həyatında yaşananlar, hakimiyyətə iddialı olan bir partiya rəsmisinin demokratiya, azadlıq tələblərinin əksi olaraq öz ailəsində belə ən xırda demokratik prinsiplərə əməl etmədiyinin üzə çıxması, övladın atadan imtina etməsi kimi şokedici bir olayın yaşanması yenə də diqqəti radikal siyasi düşərgəyə, daha doğrusu bu düşərgənin əsas "liderlərindən" biri olan Əli Kərimliyə yönəltdi. Haqlı olaraq cəmiyyətin əksər nümayəndələri tərəfindən belə bir fikir haqlı olaraq gündəmə gəldi ki, davamlı intriqalar, problemlər, hətta dövlət əleyhinə fəaliyyətlərlə yadda qalan Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun lideri Əli Kərimli siyasi səhnəni tərk etməlidir. Həm yaxın keçmişdə AXCP sədrinin Azərbaycan siyasətinə gətirdiyi iyrəncliklər, həm də son zamanlar yaşananlar belə bir haqlı arqumentin ortaya çıxmasına səbəb oldu. Onu da qeyd etmək yerinə düşər ki, təkcə siyasi partiya rəsmiləri deyil, eləcə də ictimai fəallar da bu mövqedən çıxış edirlər.

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay məsələyə münasibət bildirərkən qeyd edib ki, bu kimi problemlər həm də sözügedən siyasi partiya və ya təşkilatlarda mövcud olan dözümsüzlük, fərqli fikirlərə hörmətlə yanaşmamaqdan irəli gəlir: "Bəli, obyektiv deyək ki, siyasi təşkilat içərisində şiddət var.. Fərqli fikrə dözümsüzlük, sərt təpki, iqnor radikallığı var. Yalnız rəhbərin fikrini qəbul və ifadə etməklə, özəl beyin fikri olmamaq var.. Başqa siyasi təşkilatları, siyasi-ictimai insanları ən müxtəlif sosial set üsullarla qaralama var. Ogulu istəyib də, gözünün qabağındaca atasını, yaxud atanı istəyib də gözünün qabağındaca öz qızını söymək şiddəti kimi hədd tanımama radikallığı var. Eynilə, qaraguruh dindar kəsimin xarakteridir". İlqar Altay hesab edir ki, bunun da ən əsas səbəbini  təşkilatın xarici siyasi plana xidmət edən radikal dini qaraguruh kəsimlə çulğalaşmasında görür: "Çoxlu dini ekstremizm görüşlülər bu partiyaya üzv olub və nə qədər, gənc partiya üzvü dini radikal cərəyanın sırasındadır, bunu araşdırın. Yəməndə məzhəb savaşı və dinc əhalini qırma videosu olan şərh var fb-də, altından "əhsən!" yazanların profilini açıb baxırsan, neçəsi siyasi təşkilatın üzvüdür.

Bəli, atanın ictimai-siyasi davranış mövqeyində şiddət var. Mən atanı, bir vaxt mərd və vicdanlı gənc kimi tanımışam. Sonralar dindarlarla eyni həbsini dogrusu, siyasi motivli düşünüb və heç cür, dindarlara və dini ekstremizmə bağlı qəbul etməmişəm. Ancaq, həbsdən çıxanda mətbuat konfransı zamanı, hətta sədrinin yanında, onun fanatcasına "biz gərək aydın edək ki, ya Allahın, ya, şeytanın yanında olmalısan" deyimi təəssüf və təəccüb doğurdu, radikal dəyişiikliyini aydın etdi. Üçüncü qüvvə, yəni ağ-qaradan başqa rəng tanımama və dini radikalizmi siyasətə tətbiqini aydın etdi. O andan bildim ki, bu aqressivlik, bu şiddət çox davam etməz, ziyanlı nəticələr verər. Bəyanatda yenə də özünü haqlı və addımı xatir üçün etdiyi sezilsə də, stefa agıllı və ləyaqətli addım oldu.. Əsas odur ki, aqressiya və şiddəti boğmaq, daxili reforma üçün bu hadisə bir dərs oldu. Bəlkə də, təşkilatın düşünüb, daşınıb reforması üçün silkələnmə-stimul oldu".

AXCP sədri Razi Nurullayev isə deyib ki, qadın nənəmiz, anamız, bacımız, həyat yoldaşımızdır. Onlara qarşı şiddətə və adət-ənənəmiz adı altında susmağa vadar etmə bağışlanılması mümkün olmayan günahdır: "Xalqın təpgisi nəticəsində xalqın "qəhrəmanı", anti-qəhrəman oldu. Bəli xalq böyük qüvvədir və amansızdır. Fuad Qəhramanlının halına acıyıram, əslində o da qurbandır. O, Əli Kərimlinin qurbanıdır. Fuad Qəhrəmanlını uzun müddət tanımışam və qızının yazdıqlarını oxuyanda şok oldum və əvvəlcə inanmadım. Sonra düşündüm ki, necə ola bilər ki, bu cür ağıllı, dərrakəli və işini bilən adam dönüb tiran oldu. Cavabını tapdım. Axı, mən də Əli Kərimli ilə bir olanda günüm-güzəranım yox idi, işim-gücüm onun tapşırıqlarını yerinə yetirmək, çıxışlarını, yazılarını tərcümə edib paylaşmaq, hər gün min yerə şərh yazmaq, status yazmaq, kimlərisə qaralamaq, bir neçə facebook profili işlədib, gizli adlarla opponentləri hədəfə almaq (şükür olsun uca Allaha ki, bunu heç zaman etmədim) idi. Onlarla saxta Facebook profili işlədilməyə, 24 saat pusquda dayanmağa və Əli Kərimlini təbliğ etməyə dəmir belə dayanmaz. Bir Facebook profili belə insanı yorur və ailədən uzaqlaşdırır. Xatırlayıram ki, 5-6 il bundan öncə Rəyasət Heyətinin iclasları Fuad Qəhrəmanlının evində keçirilirdi. Hər şənbə günü onun ailəsi 20 nəfər üçün süfrə açırdı və 20 nəfər onun evinin nizamını pozurdu. Çay, şirniyyat, mürəbbələr və s. Təbii ki, Əli Kərimlinin bu şəkildə istismarı çox ailələrə nifaq salıb, onları incidib və cəbhəçilərin beyinlərinə, düşüncələrinə pis təsir edib. Fuad Qəhrmanlı bir qurbadır və doğrusu onun halına çox acıyıram.  Kaş ki, onun ailəsində bu hadisələr olmasaydı".

Eazi Nurullayev onu da qeyd edib ki, ən böyük günahlardan birini daşıyan, ailədaxili şiddəti gizləyən və onu neçə illər ərzində ört-basdır etmək üçün səylər göstərən, "qonşu arvad" funksiyasını yerinə yetirən Əli Kərimli yenə də özünü təmizə çıxarmaq üçün qurbanlar arayır: "Birinci növbədə istefaya getməli şəxs odur. Birincisi, bir faciəni, şiddəti uzun illər bilib, gizləyib və kömək etmək əvəzinə qurban tərəfləri susmağa vadar edib. İkincisi, yanında və rəhbərliyində təmsil olunan şəxslərdən hörmətli Seymur Həzini çıxmaq şərtilə hər kəs bu şiddətə haqq qazandırıb və qazandırmaqdadır. Yalnız xalqın təzyiqi və təpgisi ilə geri çəkilirlər. Çünki, Əli Kərimli belə istəyir! Fuad Qəhrəmanlını elə müdafiə edirlər ki, o daha da gözdən düşür, Əli Kərimli isə əzabkeş obrazı qazanır. Allah belə bunu götürməz. Bu gün onun qurban Fuad Qəhrəmanlı oldu. Hələ qurbanlar çox olacaq. Əli Kərimli elə bir kəsdir ki, özünü və adını qorumaq üçün millətin yarısını da qırğına göndərər, ölümə göndərər, həbsxanalara doldurar"

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyib ki, biz özümüzü çöldə super-demokrat, evdə isə xırda diktator kimi apara bilmərik. Onun sözlərinə görə,  hakimiyyətə iddialı olan partiya rəhbərlərinin, siyasət adamlarının ailə həyatı, ailədaxili münasibətləri mükəmməl olmalıdır: "Mən deyərdim hətta ideal olmalıdır. Siyasi liderin öz həyat yoldaşı ilə, övladları ilə münasibəti, davranışları hər kəs üçün nümunə sayıla biləcək qədər yüksək səciyyə daşımalıdır. Adətən sıravi insanlar məhz siyasətçiləri özləri üçün örnək, etalon hesab edirlər. Odur ki, siyasətçi də buyurub örnək kimi örnək olmalıdır. Siyasətçilər insanların onların haqqındakı təsəvvürlərinə uyğun olmağa çalışmalıdırlar". Partiya sədri bildirib ki, siyasətçinin evində, ailəsində nə xaos, anarxiya, nə də zorakılıq, diktatura hökm sürməməlidir: "Siyasətçinin başqa insanlara qarşı zorakılıq etməyə haqqı olmadığı kimi, öz ailə üzvlərinə də zor tətbiq etməyə, sadist kimi davranmağa ixtiyarı yoxdur. Siyasətçi təkcə tribunalardan, mitinq meydanlarından, Yutub kanalların efirlərindən insan haqları və demokratiya haqda pafosla danışmaqla kifayətlənməməlidir. O, öz evinin içində də əsl demokrat kimi davranmağı, öz əzizlərinin insan haqlarını "Quran" ayəsi kimi müqəddəs tutmağı bacarmalıdır. Əgər bacarmırsa, o zaman onun siyasətçi olmağa, liderliyə can atmağa haqqı yoxdur. Bu söylədiklərim adi həqiqətdir, sadə aksiomadır və bu həqiqətlər istər müxalif, istərsə də iqtidar siyasətçilərinə eyni dərəcədə aiddir. Cəmiyyətimiz biz siyasətçilərdən gerçəkdən də nümunəvi davranış gözləyir. Biz cəmiyyəti aldada bilmərik. Özümüzü çöldə super-demokrat, evdə isə xırda diktator kimi apara bilmərik. İçimizdə, ruhumuzda despotluq, tiranlıq varsa, özümüzü siyasət meydanına atıb xalqa demokrat kimi sırımamalıyıq. Cəmiyyətimiz çox həssas cəmiyyətdir, ayıq cəmiyyətdir. Cəmiyyət hər şeyi görür və doğru-düzgün reaksiya verir". Əlisahib Hüseynov onu da deyib ki,  AXCP sədrinin müavininin ailəsində yaşanan son olaylara, tükürpərdən açıqlamalara cəmiyyətin nümayiş etdirdiyi içtimai qınaq da, gənclərin mənfi reaksiyası da tam adekvat oldu: "Bu kimi hadisələrə qətiyyən "ailədaxili məsələdir" deyib keçmək, şiddəti, zorakılığı malalamaq olmaz. Öz övladına qarşı ədalətli və dürüst münasibət sərgiləyə bilməyən bir siyasətçi sabah hakimiyyətə gələrsə, millətimizin balalarına da sağlam zəka ilə, sevgi ilə qucaq aça bilməyəcək. Yaxşı ki, cəmiyyətimiz məhz bu həqiqəti siyasətdəki "qəhrəmanlı"ların diqqətinə çatdıra bildi. Məncə, böyük demokrat olmağa iddialı müxaliflər bu acı olaydan çox böyük bir dərs almış oldular. Həzrəti Mövlana demişkən, adamlar bundan sonra ya olduqları kimi görünəcəklər, yada göründükləri kimi olacaqlar".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31