"Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir" - RƏY

"Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir" - RƏY

İlham Əliyev: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

Sirr deyil ki, "Əsrin müqaviləsi" tarixi nailiyyətdir, önəmli, əhəmiyyətli və əlamətdar hadisədir. Əsrin müqaviləsi"nə gedən yol  ötən əsrin 90-cı illərinin əvvəllərindən, hələ Azərbaycan ikinci müstəqilliyini əldə etməzdən öncə başlasa da, eyni zamanda, 1991-ci ilin oktyabrında ikinci müstəqilliyimizə qovuşduqdan sonrakı mərhələdə müəyyən addımlar atılsa da, bu istiqamətdə önəmli proseslər 1993-cu ilin iyunundan, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə dönüşündən sonra yaşandı. Sonradan "Əsrin müqaviləsi" kimi tarixə düşəcək sazişin imzalanması istiqamətində daha intensiv müzakirələr, gərgin danışıqlar prosesi məhz Heydər Əliyevin ikinci hakimiyyəti dövründə başlandı. Təsadüfi deyil ki, "Əsrin müqaviləsi"nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə Prezident İlham Əliyev deyib ki, "Əsrin kontraktı"nın imzalanması tarixi hadisədir. Bu kontraktın faydasını bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı görür. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. "Əsrin kontraktı" ulu öndər Heydər Əliyevin neft strategiyasının tərkib hissəsidir, onun başlanğıcıdır. 

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzadə qeyd edib ki, bu saziş Azərbaycanın müstəqilliyi qədər vacib və əhəmiyyətli idi. Azərbaycan müstəqilliyinin qorunub, saxlanılması, onun iqtisadi inkişafının təmin edilməsi, milli iqtisadiyyatın qurulması və möhkəmləndirilməsi bəlkə də bu sazişin imzalanmasından asılı idi. Əgər bu sazişin baş tutmasına və imzalanmasına nail olmaq mümkün olmasaydı, bəlkə də bugünkü Azərbaycandan, bugünkü inkişafdan danışmaq mümkün olmazdı: "Xatırladım ki, 1991-ci ildən başlayaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) ayrı-ayrı Qərb ölkələrinin neft şirkətləri ilə danışıqlar apardı, sonra isə 1992-ci ildə həmin şirkətlər birləşib ümumi bir konsorsium təşkil etdi və danışıqlar bu konsorsiumla davam etdirildi. Həmçinin, 1993-cü il iyunun axırlarında Azərbaycanda müəyyən dəyişikliklər əmələ gələndən sonra, Heydər Əliyev Ali Sovetinin sədri olarkən, eyni zamanda, Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirərkən bu danışıqların dayandırılması haqqında qərar qəbul etdi. Bu qərar da ona görə qəbul olundu ki, o vaxt gələn siqnallar, məlumatlar göstərirdi ki, artıq hazırlanmaqda olan müqavilə layihəsində müəyyən çatışmazlıqlar, səhvlər var və həmin layihə hazırlandığı şəkildə Azərbaycan Respublikası üçün əlverişli deyil. Bu məlumatları araşdırmaq, layihənin Azərbaycan Respublikasının mənafelərinə nə qədər uyğun olduğunu müəyyən etmək üçün də  məhz həmin danışıqların dayandırılması haqqında qərar qəbul edildi. Bundan sonra Dövlət Neft Şirkətində hazırlanmış materiallara bir daha baxıldı, müəyyən təhlillər aparıldı. O vaxt Qərb neft şirkətlərinin prezidenti və başqa rəhbərləri Azərbaycana gəldi, Heydər Əliyevlə təkbətək görüşdülər. Sonra isə Azərbaycanın neft sənayesində çalışan alimlər, mütəxəssislər, bu sahənin rəhbərləri və bu işlə məşğul olan başqa şəxslərin iştirakı ilə toplantı keçirildi, orada geniş danışıqlar, müzakirələr aparıldı. Eyni zamanda, Heydər Əliyev Azərbaycanın bu barədə mövqeyini bəyan etdi, müqavilələrin dayandırılması səbəbləri aydınlaşdırıldı, həmçinin, Qərb şirkətləri əmin edildi ki, onlar narahat olmasınlar, bu iş davam edəcək, ancaq neft Azərbaycanın ən böyük, ən dəyərli sərvəti olduğuna görə bu məsələyə dərindən baxmaq, ətraflı müzakirə etmək lazımdır. Belələklə, bu yöndə razılıq əldə olundi  və bundan sonra işlər davam etdirildi. Dövlət Neft Şirkəti bu işləri aparmaq üçün ilk mərhələdə Qərb ölkələrinin bitərəf ekspertlərini - Amerika Birləşmiş Ştatlarından, Kanadadan və digər ölkələrdən ekspertləri cəlb etdi. Bu məsələlər onların iştirakı ilə geniş təhlil, müzakirə olundu. Sonra danışıqlar Londonda bir müddət yenidən başlandı. Ancaq Londonda gedən danışıqların nəticələri  Azərbaycan prezidentinə təqdim olunarkən onların Azərbaycan Respublikasının milli mənafelərinə yenə də uyğun olmadığı üzə çıxdı, hazırlanmış layihə yenidən kənara qoyuldu. Bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti Heydər Əliyevin tapşırığı, respublikanın alimləri, mütəxəssisləri ilə, neft sənayesində çalışan təcrübəli adamlarla birlikdə Azərbaycanın bu danışıqlarda mövqeyini bir daha müəyyənləşdirdi. Onlar  Azərbaycan prezidentinə rəsmi raport yazaraq öz təkliflərini verdilər ki, Azərbaycan Respublikası bu danışıqları hansı prinsiplər əsasında davam etdirə bilər. Beləliklə, həmin prinsiplərə baxıb təhlil ediləndən sonra 1994-cü ilin fevralın 4-də Dövlət Neft Şirkətinin danışıqları həmin prinsiplər əsasında davam etdirməsi barədə fərman imzalandı. Bundan sonra danışıqların yeni mərhələsi başlandı".

Onun sözlərinə görə, "Əsrin müqaviləsi"nin imzalanması heç də asan başa gəlmədi: "Bir çox xarici güclər və onların yerli əlatıları bu sazişin baş tutmasını istəmir, ona hər fürsətdə əngəl, maneçilik törətməyə çalışırdılar. Çünki bu saziş Azərbaycanın gerçək müstəqilliyi, müstəqil inkişafı demək idi. Bunu isə həmin güclər, dairələr həzm, qəbul edə bilmirdilər. Onlar Azərbaycanın ya müstəqilliyinə son qoyulması, ya da "üçüncü dünya dövlətləri"ndən birinə -"banan respublikası"na çevrilməsini istəyirdilər. Müstəqil Azərbaycan onların bir çox məkrli planlarının iflası və baş tutması demək idi. Ona görə bütün vasitələrdən istifadə edərək, təsir, təzyiq mexanizmlərini işə salaraq, "Əsrin müqaviləsi"nin baş tutmamasına çalışırdılar. Ancaq onlar unudurdular ki, artıq Azərbaycanın Heydər Əliyev kimi mətin, dəmir iradəli, qətiyyətli lideri var və təzyiqlərlə, təhdidlərlə onu mövqeyindən çəkindirmək əsla mümkün deyil. Beləliklə, həmin dairələrin, güclərin açıq-gizli təzyiqləri, təhdidləri qarşısında mətanətlə duruş gətirən Heydər Əliyevin iradəsi və qətiyyəti sayəsində məhz həmin tarixi sazişin imzalanması baş tutdu. Bu müqavilə məhz Heydər Əliyevin uzaqgörənliyinin, iradəsinin və qətiyyətinin nəticəsi idi. Bu müqavilənin imzalanması ilə Azərbaycanın uğurlu neft strategiyasına,  əslində isə ikinci müstəqilliyin yeni-əsl inkişaf mərhələsinə qədəm qoyuldu".

Beləliklə, "Əsrin müqaviləsi" nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyəatının bütün sahələrində dönüş yarandı və nəhəng layihələrin həyata keçirilməsinə başlandı. 1994-cü ildə bağlanmış müqavilə ölkədə sabitliyi təmin etdi, Azərbaycanın hərtərəfli və sürətlə inkişaf etməsi üçün zəmin yaratdı. Müqavilə uzunmüddətli yatrımlar tələb etdiyi üçün xarici şirkətlər və onların təmsil etdiyi dövlətlər stabil investisiya mühütinin qorunmasında maraqlı idilər.Bütün aparıcı beynəlxalq sərmədarların layihələrə daxil edilməsi Azərbaycanın dünyanın böyük güclərinin geosiyasi maraqlarını balanslaşdıran xarici siyasət məqsədlərinə xidmət edirdi. Bu müqavilə yenidən Azərbaycanı dünyanın neft xəritəsinə yerləşdirdi. Müqavilə maliyyə baxımından da Azərbaycan üçün sərfəlidir. Müqavilə Azərbaycanın qlobal neft bazarına çıxmasına şərait yaratdı və dövlət büdcəsi üçün böyük həcmdə gəlir mənbəyi formalaşdırdı. Artıq qətiyyətlə demək olar ki, neftdən əldə edilmiş gəlirlər sosial məsələlərin həlli üçün şərait yaradıb. Hazırda ölkənin iqtisadi inkanları artdıqca sosial sahəyə ayrılan vəsaitin də həcmi çoxalır. Milli Məclisin deputatı İlham Məmmədov deyib prezident İlham Əliyevin siyasətinin əsasında insam amili dayanır: "Sosial siyasət həmişə dövlətimizin başçısının siyasətinin əsas prioritet istiqamətlərindən olub. Görülən işlər, qarşıya qoyulan məqsədlər, hədəflər, ölkənin iqtisadi, siyasi gücünün artması son nəticədə insan amilinin inkişafına, insanlarımızın azad və firavan yaşamasına hesablanıb". İ.Məmmədov bildirib ki, Azərbaycanda islahatlar davam etdirilir: "Bu gün dünya dəyişir. Artıq elə bir zaman gəlib ki, haqsız haqlıya güc gəlir, güclü gücsüzə zor tətbiq edir və bütün bunlar beynəlxalq müstəvidə bir gərginlik yaradıb. Belə bir vəziyyətdə ölkəni qorumaq, inkişaf etdirmək və bütün bu inkişafın nəticəsini məhz insan amilinə yönəltmək, əlbəttə ki, bir qəhrəmanlıq nümunəsidir, xalqına, millətinə böyük sevgidən irəli gələn bir amildir". Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan xalqına, hər bir vətəndaşa böyük qayğı ilə yanaşır: "Cənab Prezidetin şəhid ailələri ilə görüşü, şəhid vərəsələrinə birdəfəlik müavinətlərin verilməsi, pensiyaların artırılması, minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması insanlarımızın sosial rifahının daha da yüksəlməsinə mühüm təsir edəcək, gələcəkdə sosial-pensiya təminatının yaxşılaşmasına xidmət edəcək. Bunlar kiçik məsələlər deyil". İ.Məmmədov deyib ki, bütün bu tədbirlərin həyata keçirilməsi Azərbaycan iqtisadi inkişafı sayəsində mümkün olur: "Möhtərəm prezidentimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan iqtisadiyyatı inkişaf edir və hər bir vətəndaş bu inkişafdan bəhrələnir, çünki bütün siyasətin əsasında insan amili dayanır".

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31