Ermənistanın İsrail siyasəti -RƏYLƏR

Ermənistanın İsrail siyasəti-RƏYLƏR

Və ya Paşinyanın yəhudi lobbisi vasitəsilə Qərbdən dəstək almaq istəyi

Ermənistan bütün parametrləri üzrə Azərbaycana qarşı diplomatik və informasiya savaşına keçib desək yanılmarıq. Son bir neçə ayda bütün sahələrdə Azərbaycan qarşısında məğlub duruma düşən işğalçı ölkə ənənəvi metod və vasitələrindən istifadə edərək beynəlxalq aləmdə ölkəmiz barədə mənfi rəy formalaşdırmağa, onu  nüfuzdan salmağa çalışır. Bu prosesdə Ermənistan informasiya vasitələrindən daha çox istifadə edir. Daha doğrusu erməni lobbisinin maliyyə dəstəyi ilə Avropada Azərbaycan əleyhinə fəaliyyət göstərən "azərbaycanlılar"dan. Azərbaycan dövləti və dövlətçiliyə qarşı qənim kəsilən həmin şəxslərə televiziya kanalı açmaq üçün maliyyə ayıran erməni lobbisi məhz onların əli ilə Azərbaycana qarşı informasiya savaşı aparır.

Ermənistanın ölkəmizə qarşı apardığı digər mübarizə diplomatik yolladır. Belə ki, mümkün qədər Azərbaycanla onun yaxın və uzaq qonşuları arasında problem, ziddiyyət yaratmağa çalışan Ermənistan ötən illər ərzində Rusiya, Gürcüstan, İran, hətta Türkiyə istiqamətində belə bir addıma atmağa, adları qeyd edilən 4 ölkə ilə problem yaratmağa çalışıb. Hətta erməni barmağı 2016-cı ilin Aprel döyüşlərindən sonra İsrailə belə uzandı və Bakı ilə Təl-Əviv arasında münasibətlərdə gərginlik yaradılmağa cəhd göstərildi. Hazırda da anoloji proses davam edir. Bu dəfə Ermənistan daha təsiredici metoddan istifadə etməyi qarşıya məqsəd qoyub. Təl-Əvivdə Ermənistan səfirliyinin açılması ilə. Artıq bu istiqamətdə ciddi hərəkətə keçən İrəvan eyni zamanda belə bir rəy formalaşdırmağa çalışır ki, Təl-Əvivin Bakıya istənilən formada dəstək verməsinə baxmayaraq, Azərbaycan İsraillə münasibətlərdə qarşılıqlı faydalı əməkdaşlığa riayət etmir və mütəffiqliyə kölgə salır.

Ermənistanın İsraildə səfirlik açması  xəbəri Azərbaycanda da müxtəlif müzakirələrə səbəb olub. Bəziləri dərhal Azərbaycanın da anoloji addım atmasını lazım bilib. Bir qism isə Ermənistanın atdığı addımı təkrarlamağın lüzumsuz olduğunu iddia edir, zamanı çatanda Azərbaycanın da İsraildə səfirlik açacağını qeyd edir. Politoloq Ramiyə Məmmədova da hesab edir ki, Ermənistanın Israildə açacağı səfirlik məsələsi gündəmdən düşmür. Onun sözlərinə görə, Israildə illərdir diaspora fəlaiyyəti ilə məşğul olan və sözün əsl mənasında erməni lobbisi və erməni siyasətinə həm Knessetdə, həm də başqa strukturlarda savaş verən Arye Qutun cağırışı, yenə də ermənilərdən gec qalmağımızı vurğulaması haqlı iraddır və eyni zamanda çox sevindiricidir: "Əlbəttə, ermənilərin Israildə lobbisinin fəlaiyyətinin gücləndirilməsi yeni bir iş deyil və uzun müddətdir ki,bu işlə məşğuldurlar. Artıq pik nöqtəyə gələrək səfirlik acmaq qərarı verilib. Ermənistanın əvvəlki hakimiyyətinin bunu etməməsinin səbəbi məlum idi və həmin səbəblər hazırkı Paşinyan hakimiyyətindən fərqlənir". Politoloq deyir ki, hazırkı situasiyada Nikol Paşinyan daha çox qərbdən dəstək almaq niyyətindədir və bu dəstəyin ən böyüyü Birləşmiş Ştatlar və onun dünyada ən böyük lobbisi və gücü olan yahudi dövləti Israildir: "Odur ki, Ermənistan İsraildə səfirliyini acmaqla bu dəstəkdən istifadə etmək istəyir. Əlbəttə, Azərbaycanın Israillə olan münasibətlərinin nə dərəcədə yüksək olduğunu bilirik, lakin fakt fakt olaraq qalmaqdadır. Bu Ermənistan və ermənilərdir.  Onların bizdən ferqli olaraq illərdir fəaliyyət göstərən lobbiçiliyi, güclü maddi dəstəyi və Böyük Ermənistan ideyası var. Bəs bizim nəyimiz var?. Ancaq məhdud gücü ilə öz erməni ideyasına və vandaliziminə qarşı savaşan diasporamız.  Hamı deyə bilərki bizim müsəlman dövləti olaraq Israilde səfirlik açmamız düzgün olmaz. Qeyd edim ki, bu gün bir çox zamanlarda müsəlmanlara dəstək verən və bu sahədə Israillə problemlər yaşayan Türkiyənin də bu ölkədə səfirliyi mövcuddur. Ola bilər bir çox zamanlarda diplomatik münasibətlərdə problem yarandığına görə bu səfirliyin illərdir boş qalması onun fəaliyyətinin dayanadırılmasına səbəb olub. Lakin diplomatik münasibətlər tam qırılmayıb və bü gün də Turkiyə səfirliyi fəaliyyətdədir. Beləliklə biz multikultural dövlət olaraq və yahudilərin ən çox rahat və xoşbəxt yaşadığı dövlət olaraq niyə İsraildə səfirlik acmayaq? Deməli, günah özümüzdədir. Bizə olan sevgi və hörmətdən, lobbisindən tutmuş hərbisinə qədər verilən dəstəkdən yararlana bilmirik. Biz səfirlik açsaq buna  Israil dövləti bizdən də çox sevinər. Cünki yahudilər öz Azərbaycan torpaqlarını bəlkə də bizdən çox sevir. Mən bunun şahidiyəm". Politoloq qeyd edib ki,  Azərbaycan olaraq yahudi lobbisindən və dəstəyindən istifadə etmək borcumuzdur: "Ermənilərlə savaşmaq istəyir və qalib gəlmək istəyiriksə, onların lobbisindən güclü lobbiylə əlbir olmalıyıq. Bu danılmaz faktdır".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynovun sözlərinə görə, ermənilər İsraildə səfirlik açır deyə, biz də onların addımını birəbir "kopya"lamalı, təkrarlamalı deyilik. Partiya sədri hesab edir ki, bəzi ekspertlərimiz, politoloqlarımız media və ya sosial şəbəkə üzərindən hökumətimizə bu kimi olduqca həssas mövzularda öz məsləhətlərini, tövsiyələrini bildirərkən çiy və tələm-tələsik fikirlər səsləndirməsələr yaxşı olar: "Hazırki məqamda Təl-Əvivdə və ya Qüdsdə təcili qaydada səfirlik açıb özümüzü Ermənistandan irəli salmağa, erməniləri qabaqlamağa çalışmağımız onsuz da heç nəyi dəyişməyəcək. Zənnimcə, biz ilk öncə məsələyə daha dərindən yanaşmağa və hazırki zaman kəsiyində İsraillə Azərbaycan arasında və İsrail-Ermənistan münasibətlərində nələr baş verdiyini, hansı gəlişmələrin və ya dəyişikliklərin cərəyan etdiyini təhlil etməyə, aydınlaşdırmağa çalışmalıyıq. Emosiyalara söykənib, necə deyərlər, isti başla addım atmaq olmaz". Partiya sədri qeyd edib ki, rəsmi İrəvan ənənəvi erməni xislətinə, hiyləgərliyinə, araqarışdıranlığına, avantüristliyinə əsaslanaraq Azərbaycanla İsrail arasında, İranla İsrail arasında, Rusiya ilə İsrail arasında və nəhayət ərəb ölkələri ilə-Livan, Suriya, Fələstin və s. İsrail arasında ikibaşlı oyunlar oynamağa çalışır. Bu oyunlar kirli və təhlükəli oyunlardır. Biz Ermənistanın oyunlarına gəlməməliyik. Həmçinin, burnundan uzağı görməyən, situativ proseslərin diktəsi ilə məsuliyyətsiz açıqlamalar verən bəzi israilli deputatların, nazirlərin subyektiv, şəxsi mövqeyini də ciddiyə almamalıyıq. Çünki onlar da öz oyunlarını oynayırlar. Azərbaycanı psixoloji və siyasi pressinqə məruz qoymaq istəmələrində də konkret hədəfləri var". DADP sədri deyib ki,  biz məsələyə daha qlobal, geniş planda yanaşmalıyıq: "İsrail bizim strateji müttəfiqimizdir, bizə ən yaxın dost ölkələrdən biridir. Biz bu ölkə ilə istər iqtisadi, istərsə də hərbi müstəvidə uzunmüddətli oturuşmuş əlaqələrə malikik. Paşinyanın özü kimi hoqqabaz və avantürist nazirlərinin qəbul etdikləri qərar və ya səsləndirdikləri bəyanatlar Azərbaycan-İsrail münasibətlərini korlaya bilməz. Və biz özümüz də ermənilərə belə bir fürsət verməməliyik. Bir sözlə, bu aralar çox diqqətli olmalıyıq".

Müstəqil ekspert Kamran Sultanlı da hesab edir ki, İsrail məsələsində Azərbaycan olaraq gecikirik. Onun sözlərinə görə, İslam dünyasına qalanda Türkiyənin özünün də İsraildə diplomatik nümayəndəliyi var: "Həmçinin Misir, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn kimi dövlətlər, eləcə də Səudiyyənin özü İsraillə əlaqələri genişləndirir. İkincisi İsraildə səfirlik açmağın İslam dünyası ilə əlaqələrə heç bir mənfi təsiri ola bilməz. Ərəb dövlətləri bizdən də çox İsraillə əlaqələrini genişləndirirlər. Açılacaq yeni səfirlik Qüdsdə deyil, Tel-Əvivdə açılır. Buna görə yeni açılan səfirliyin Qüds mövzusuna heç bir mənfi təsiri yoxdur. Biz yenə də Qüds mövzusunda BMT qərarına istinad etməyə davam edəcəyik. İranin etirazına gəldikdə Tehran etiraz edəndə Ermənistandakı səfirliyini nəzərdən keçirsin. Azərbaycanın İsraillə əməkdaşlığı İrana qarşı yönəlməyib. Bakı heç vaxt öz ərazisindən İrana qarşı istifadəyə icazə verməyib, həmçinin ən çətin anlarında İrana dəstəyini ifadə edib. Lakin Tehranın İrəvanla əməkdaşlığı bizə qarşı yönəlib.Bütun bunlara görə artıq İsraildə səfirlik açmaq zəruridir. Erməni lobbisi orada da işləyir".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31