Dövlət və dövlət başçısının əsas prioriteti: -TƏHLİL
Dövlət və dövlət başçısının əsas prioriteti:
23 Sentyabr 2019 12:07 SiyasətƏhalinin sosial rifah halının daha da yaxşılaşdırılması
Azərbaycanın günü gündən artan iqtisadi potensialı və perspektiv imkanları ölkəmizin daha da inkişaf etməsi, tərəqqi əldə etməsinə yol açır. Bu gün artıq ölkəmiz elə bir mərhələ, səviyyəyə gəlib çatıb ki, nənki regionun aparıcı və lider dövlətinə çevrilib, həmçinin dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada qərarlaşıb. Hətta iqtisadi göstəricilərinə görə, Avropanın bir sıra ölkələrini geridə qoyub. Bunu təkcə biz, analitik və ekspertlərin apardıqları təhlillər və bu təhlillərdən ortaya çıxan mənzərə demir. Bunu nüfuzlu beynəlxalq təşkilatlar, reytinq agentliklərinin yaydıqları illik hesabatlar, reytinq cədvəlləri təsdiqləyir. Hər il "Doing Business" hesabatları, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, eləcə də Müstəqil Dövlətlər Birliyi ölkələrinin iqtisadi reytinqini göstərən müxtəlif təşkilat və agnetliklərin dəyərləndirmələrində Azərbaycan ön sıralarda qərarlaşır. Burada diqqət çəkən məqam ondan ibarətdir ki, hər il həmin hesabat və reytinq cədvəllərində Azərbaycan öz yeri və mövqeyini daha da möhkəmləndirir və daha da irəli keçir.
Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərin kökündə isə birmənalı olaraq deyə bilərik ki, həyata keçirilən uğurlu və məqsədyönlü siyasət dayanır. 1993-cü ildən, daha dəqiq desək həmin ilin iyun ayından əsası qoyulan bu siyasət zaman keçdikcə, illər ötdükcə daha da təkmilləşib, müasirləşib və yeni bir mərhələyə qədəm qoyub. Onu da xüsusi vurğulamaq lazımdır ki, bu siyasət bütün mərhələlərdə xalqın, dövlətin maraqlarına xidmət edib. Əgər 1993-cü ilin iyun ayından başlanan bu siyasət ilkin mərhələdə ölkənin iqtisadi potensialının gücləndirilməsi, sovetlərdən qalan mənfiliklərin aradan qaldırılması, Azərbaycanın beynəlxalq aləmə çıxışının təmin olunmasına xidmət edirdisə, artıq 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" və ondan sonrakı illər ölkədə neft sektorunun inkişafına hesablanmışdı. Eyni zamanda neft sektorunun inkişaf etdirilməsi əhalinin sosial rifah halının yaxşılaşdırılmasına da vəsilə olurdu. Beləliklə, ümummilli lider Heydər Əliyevin atdığı müdrik, uzaqgörən addım Azərbaycan vətəndaşının xoşbəxt gələcəyi, yaxşı yaşaması üçün imkan yaradır, yollar açırdı. Ancaq yetər ki, Heydər Əliyev siyasi kursu, strategiyası davam etdirilsin, müasir dövrün tələblərinə uyğunlaşdırılsın, yeni bir mərhələyə qədəm qoysun. Bunu isə yalnız Heydər Əliyev siyasəti ilə yaxından tanış olan, bu siyasətin içində böyüyən şəxs bilərdi ki, o da İlham Əliyev idi.
2003-cü ildən Heydər Əliyev siyasətini uğurla davam etdirən Cənab İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan güclü, dinamik inkişaf edən, yüksək beynəlxalq nüfuza malik dövlətə çevrilib. Ölkənin sosial-iqtisadi infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələrin əldə olunması, ölkənin simasının ən mütərəqqi standartlara uyğun müasirləşməsi, sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi, ölkənin regionun aparıcı dövlətinə çevrilməsi və beynəlxalq aləmdə böyük nüfuz qazanması məhz Prezident İlham Əliyevin ötən 16 il ərzində yürütdüyü uğurlu siyasətin nəticələridir. Məhz ötən 16 il ərzində Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan yeni-yeni nailiyyətlər, uğurlar qazanıb, zirvələr fəth edib. Daima əhalinin sosial rihaf halının yaxşılaşdırılmasında maraqlı olan Cənab İlham Əliyevin ötən 16 il ərzində imzaladığı fərman və sərəncamlar, təsdiq etdiyi dövlət proqramları, atdığı addımlarda sosial sahə xüsusi ağırlıq təşkil edib. Hələ 2003-cü ildə ilk dəfə prezident seçilən zaman andiçmə mərasimində dövlət başçısı bildirmişdi ki, Azərbaycan vətəndaşının daha yaxşı yaşaması üçün prezident kimi əlindən gələni edəcək. Ötən 16 il ərzində dövlət başçısı Cənab İlham Əliyev öz əməli fəaliyyəti ilə bunu təsdiq edib. Elə dövlət başçısı kimi ilk ildə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını təsdiqləməsi sosial sahə, əhalinin sosial rihaf halının yaxşılaşdırılmasının dövlət başçısı üçün nə dərəcədə prioritet olduğunu göstərirdi. Məhz həmin proqramın ilkin mərhələsinin icrası nəticəsində əyalət insanının sosial rifah halı nəzərəçarpacaq dərəcədə yaxşılaşdı, o illər üçün əsas sosial problemlərdən biri olan işsizlik problemi maksimum səviyyədə aradan qalxdı. Proqramın birinci ilində 600 min yeni iş yerinin açılması bunun əyani sübutu idi. Dövlət proqramının uğurlu icrası və yeni iş yerlərinin açılması təbii ki, əhalinin sosial rifah halının yüksəldilməsinə də öz müsbət təsirini göstərirdi. Tədricən artan dövlət büdcəsi, neftdən gələn gəlirlərin rekord həddə çatması imkan verirdi ki, sosial sahədə daha mütərəqqi və xalqın yaşam tərzinin daha da yaxşılaşdırılmasına xidmət edən adımlar atılsın. Dövlət başçısının imzaladığı müvafiq sənədlərlə maaş və pensiyaların müntəzəm olaraq artırılması bunun əyani sübutu idi.
Sevindirici hal ondan ibarətdir ki, bu siyasət, əhalinin sosial rifah halının yaxşılaşdırılması bu gün də davam edir və bu siyasət dövlət başçısının fəaliyyətində prioritet təşkil edir. Sosial sahənin prioritet təşkil etdiyi bir neçə il əvvəl ümumxalq səsverməsi ilə Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə də özünü təsdiqlədi. Məhz həmin əlavə və dəyişikliklərlə Azərbaycan həm də dünyaya sosial dövlət olduğunu isbatladı.
Bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlahm Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir. Azərbaycan vətəndaşlarının daha da yaxşı yaşamasının hər zaman diqqət mərkəzində olduğu, bu siyasətin bundan sonra da davam edəcəyi əminliyini Cənab Prezident İlham Əliyev bu günlərdə "Əsrin müqaviləsi"nin 25 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bir daha təsdiqlədi. Dövlət başçısı bildirdi ki, bundan sonra da neftdən gələn gəlirlər əsas etibarilə sosial məsələlərin həllinə yönəldiləcək: "Bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin". Əslində ötən illərdə qeyd edilən istiqamətdə əldə edilən nailiyyətlər, sosial sahədə atılan addımlara diqqət yetirdikdə buna əminlik yaranır və bu siyasətin bundan sonra da davamlı xarakter daşıyacağını deməyə əsas verir. Çünki ötən illər ərzində neftdən gələn gəlirlər nəticəsində sosial sahədə inqilabi addımlar atılıb ki, bu da hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss edilib. Belə ki, dövlət başçısının qeyd etdiyi kimi ötən illər ərzində sosial infrastruktur tamamilə yenidən qurulub, 3200-dən çox məktəb, 640-dan çox xəstəxana tikilib və təmir olunub, idman qurğuları inşa edilib. Azərbaycan kosmik dövlətə çevrilib: "Bizim 3 peykimiz var. Biz gəlirlərdən istifadə edərək dövlət borcumuzu aşağı səviyyədə saxlayırıq. Bu, ümumi daxili məhsulun cəmi 19 faizini təşkil edir. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfə artıqdır".
Bütün bunlar, dövlətin, şəxsən dövlət başçısının Azərbaycanın inkişafı, dünyada öz layiqli yerini tutması, ölkə vətəndaşının daha yaxşı yaşaması istiqamətində atdığı addımlar cəmiyyət, xalq tərəfindən təqdir edilir, yüksək qiymətləndirilir. Ona görə də Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Eyni zamanda Azərbaycan vətəndaşı Heydər Əliyevdən başlayan və bu gün Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətə kölgə salmaq, ölkədə siyasi sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq istəyənlərə də dəstək nümayiş etdirmir, onlara öz layiqli cavabını verir. Çünki Azərbaycan vətəndaşı bu ölkəyə demokratiya adı altında xaos, anarxiya gətirmək arzusunda olanların idarəçilik qabiliyyəti, səriştəsizliyini yaxın tariximizdə görüb, onların dövləti uçuruma aparan fəaliyyətindən xəbərdar olub, bunu öz həyatında yaşayıb. Ona görə də Azərbaycan xalqı bir daha həmin çətin, ağrılı günləri yaşamaq istəmir. Çünki demokratiya, azadlıq adı altında Azərbaycana xaos, anarxiya gətirmək istəyənlərin başlıca məqsədi ölkəmizi Suriya, Misir, Yəmən, Liviyaya çevirmək, bundan isə öz məqsədləri üçün istifadə etməkdir. Əminliklə deyə bilərik ki, antiAzərbaycan, antidövlətçi qüvvələrin bu məkirli planları indiyə qədər alınmadığı kimi bundan sonra da reallaşmayacaq. Çünki bu gün ölkədə xalq-iqtidar, Prezident-xalq birliyi var. Cənab İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin əsas ana xəttini xalqın rifah halının yaxşılaşdırılması təşkil etdiyi üçün Prezident İlham Əliyev də öz fəaliyyətində xalqın dəstəyinə arxalanır. Çünki Cənab İlham Əliyevin dövlət başçısı kimi gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır.
Bir sözlə yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur. Bur birliyin nəticəsidir ki, ölkədə sabitlik və inkişaf hökm sürür. Çünki Azərbaycan xalqı reallıqları görür və yüksək qiymətləndirir. Xalq aydın şəkildə göürür ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçərək regionun lider dövlətinə çevrilib, paytaxt Bakının və regionların siması əhəmiyyətli dərəcədə dəyişilib, əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Elə bütün bu sadaladığımız amillərdən dolayı ölkə vətəndaşları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti yüksək qiymətləndirir, bu siyasətin Azərbaycanın gələcək inkişafının əsası olduğunu anlayır və dövlət başçısına, onun siyasətinə böyük inamını ifadə edirlər. Tam əminliklə deyə bilərik ki, bu inam, etimad qarşılıqlı şəkildə bundan sonra da davam edəcək və Azərbaycanı yeni-yeni8 nailiyyətlərə, uğurlara doğru aparacaq.
Süleyman
Olaylar.az