"Yürüdülən siyasətin mərkəzində milli maraqlar və vətəndaş amili dayanır" - BƏHRUZ QULİYEV

Yürüdülən siyasətin mərkəzində milli maraqlar və vətəndaş amili dayanır - BƏHRUZ QULİYEV

Yürüdülən siyasətin mərkəzində vətəndaş amili dayanır,  görülən işlərin hamısı Azərbaycan ailəsinin sosial durumunun yaxşılaşmasına xidmət edir." Bu fikirləri Olaylar.az saytına "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətini şərh edərkən deyib.  Ekspert bildirib ki, yuxarıda səsləndirilən fikirlər dövlət başçısına məxsusdur və İlham Əliyev vədinə sadiq prezidentdir, onun sözü ilə əməli üst-üstə düşür.  Bu da xarizmatik liderin malik olduğu ən yüksək şəxsi keyfiyyətlərindən biridir. Hələ prezident kimi fəaliyyətə başlayarkən  İlham Əliyev bir çox prioritetlər haqqında anonslar vermişdi ki, bugünki hər tərəfli inkişaf da həmin hədəflərdəndir.  Artıq ötən müddət ərzində Azərbaycan xalqının bütün təbəqələri əldə edilən uğur və nailiyyətləri görür və alqışlayır. 

Onun sözlərinə görə, Azərbaycanda 2003- cü idən bügünədək bir sıra Dövlət Proqramı qəbul edilib və hazırkı dövrə qədər reallaşdırılan proqramların hər biri ölkəmizdə bütün sahələrin inkişafına nəhəng töhfələrini verib: "Xüsusilə, əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində atılan hər bir addım bu gün öz bəhrəsini göstərməkdədir. Məhz bu gerçəkliyin özü xalqın dövlətə olan etimadını, o cümlədən dövlətin xalqa arxalanması amilinə çox böyük stimul verir. Çünki dövlət başçısı xalqın firavanlığının daha da artırılmasını istəyir, bu yöndə vətəndaş-dövlət birliyinə söykənən strategiya qurur.Baxın, ölkədə elektrik enerjisinin təchizatı, içməli su və qazlaşdırma kimi həyat əhəmiyyətli məsələlər artıq öz həllini tapıb. Bütün bunlar isə, bayaq da qeyd etdiyimiz kimi, yalnız və yalnız xalq üçün atılan çox möhtəşəm addımlardır. Əlbəttə ki, xalqımız da bu işləri görür, dəyərləndirir, alqışlayır. Həmçinin, kənd təsərrüfatı, sənaye sahəsi və başqa sahələr üzrə dinamik işlər uğurlu  nəticələrlə müşahidə olunmaqdadır".

"Ölkə başçısının biznes mühitinin yaxşılaşdırılması istiqamətində də, önə çəkdiyi fikirlər çox əhəmiyyətli və vacibdir", deyən Bəhruz Quliyev uğur tandeminin göstəricisi olaraq, Azərbaycanın dünya ölkələri sırasında ən islahatçı ölkə kimi tanınması ilə nəticəsini tapdığını bildirib: "Cənab Prezident bu barədə Dünya Bankının "Doing Business" proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanındığını və ölkəmizin 32 pillə irəliləyərək, hazırda 25-ci yerdə sahib olduğunu xatırladarkən onu qeyd etmək istəyir ki, bütün bunlar məhz iqtidarın apardığı siyasi uğur tendensiyasının bariz göstəricisidir. Bu, həmçinin Azərbaycanın inamla, qətiyyətlə irəliyə doğru getməsinin məntiqi sübutudur".

"Daha bir xüsusi məqama toxunaraq qeyd etmək istərdim ki, reallaşdırılan sosial paketlərdən 4 milyondan çox vətəndaşımız bəhrələnib və burada minimum əmək haqlarından başlayaraq, minimum pensiyaların artırılmasına qədər, habelə aztəminatlı ailələrin, şəhid və müharibə veteranları ailələrinin, qaçqın və məcburi köçkünlərin, mətbuat işçilərinin, səhiyyə, təhsil, mədəniyyət və s. insanlarımızın yararlandığını xatırlatmaq istərdim", deyə qeyd edən siyasi ekspert dövlətin öz gəlirlərinin mühüm hissəsinin bilavasitə sosial sahələrə yönəldildiyini bildirib: "Çünki sosial sahə dövlət başçımızın daim vurğuladığı kimi, prioritet istiqamətdə olmaqla, Onun diqqəti mərkəzindədir. İqtisadi uğurların təməlində sosial siyasətin ardıcıl təminatı reallığı dayanır.  Bütün bunlar, əlbəttə ki, dövlətin xalqına olan bağlılığının sübutudur. O cümlədən, əldə edilən uğur və nailiyyətlər xalq-iqtidar birliyinin təcəssümüdür ki, həmin təcəssüm Azərbaycanı daim, davamlı şəkildə irəliyə aparacaq, dünyanın lider dövlətləri sırasındakı yerini, rolunu möhkəmləndirəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31