İrəvanın Bakı-Təl Əviv əlaqələrinə zərbə vurmaq planı yenə dövriyyədə - Problem
İrəvanın Bakı-Təl Əviv əlaqələrinə zərbə vurmaq planı yenə dövriyyədə-Problem
20 Sentyabr 2019 13:38 SiyasətErmənistan bütün parametrləri üzrə Azərbaycana uduzduğundan zaman-zaman bunun qarşılığını müxtəlif təxribatlar həyata keçirmək, Azərbaycanın bu və ya digər ölkə ilə münasibətlərinə zərbə vurmaq istiqamətində davamlı olaraq fəaliyyət göstərir. Gah Rusiya, gah Gürcüstan, gah da İran gedişlərini işə salaraq Bakı ilə istər Moskva, istər Tbilisi, istərsə də Tehran arasında ziddiyyətlər yaratmaq, bu ziddiyyətlərdən isə öz mənfəəti üçün istifadə etməyə cəhd göstərir. Yaxın tariximizdə istər şimal istərsə də Qərb qonşumuzda bəzi siyasi çevrələr tərəfindən ortaya atılan antiAzərbaycan mövqeyi fonunda bunu aydın görmək mümkündür. Ən son işğalçı ölkə Bakını Keşikçidağ kartı vasitəsilə Tbilisinin əli ilə vurmağa çalışsa da, lakin Gürcüstanın, bu ölkə rəhbərliyinin məsələyə soyuqqanlı yanaşması və bəzi erməni maraqlarına xidmət edən gürcü şovinistlərin təxribatlarına uymaması erməni hiyləsini növbəti dəfə puça çıxardı. Bundan əvvəl isə Gürcüstanda erməni terrorçunun şərəfinə abidənin ucaldılması da məhz Azərbaycanla Gürcüstan arasında münasibətlərə kölgə salmaq, iki ölkə arasında gərginlik yaratmağa hesablanmışdı. Qeyd etdiyimiz kimi anoloji gedişlər, təxribatların Bakı-Tehran, eyni zamanda Bakı-Moskva arasında da yaradılmağa çalışılıb, lakin nəticə əldə edilməyib.
Ermənistanın Azərbaycana yönəlik fəaliyyətləri sırasında İsraillə əlaqələrə zərbə vurmaq, Bakı-Təl-Əviv münasibətlərinə kölgə salmaq kimi cəhdlər də artıq özünü büruzə verməyə başlayıb. Daha doğrusu bu kimi cəhdlər 2016-cı ilin aprel döyüşlərindən sonra daha da intensivləşib. Aprel döyüşlərində Azərbaycanın İsraildən aldığı silahlardan da yararlanması barədə iddialar ortaya çıxar-çıxmaz İrəvan Təl Əvivlə münasibətləri inkişaf etdirmək, öz hərbi arsenalını İsrail istehsalı olan silahlarla təchiz etmək niyyətinə düşdü. Düzdür, Təl Əviv İrəvanın bu istəyinə normal formada qarşılıq verməsə də, lakin Ermənistanın İsraildən yarınmaq kimi gedişləri davam edir. Elə Ermənistanın İsraildə fövqəladə və səlahiyyətli səfirliyinin açılması kimi fəaliyyətlər də məhz buna hesablanıb. Burada əsas məqsəd isə İsrailin diqqətini Azərbaycandan daha çox özünə cəlb etməkdir. Çünki İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfirliyi fəaliyyət göstərsə də, lakin bu ölkədə Azərbaycanın diplomatik nümayəndəliyi yoxdur. İndi Ermənistanın bu istiqamətdəki fəaliyyəti məhz Təl Əvivin gözündə Azərbaycan barədə mənfi rəy formalaşdırmaqdır. Elə İrəvanın qeyd edilən istiqamətdə fəaliyyətlərini əksər ekspertlər də belə xarakterizə edirlər.
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Ermənistanın İsraildə səfirlik açması əsasən, İsrail-Azərbaycan əlaqələrinə zərbə vurmaq və hərbi-texniki əməkdaşlığı ləğv etdirməkdən ibarədir. Onun sözlərinə görə, bu gün İsrail-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Buna baxmayaraq, Azərbaycanın İsraildə müəyyən səbəblərə görə səfirliyi yoxdur: "Amma, elə ölkələr var ki, Azərbaycanın həmin ölkələrdə diplomatik korpusları var. Artıq, dünya nizamı dəyişir, yeni mərhələyə keçir. Ona görə də İran və bir neçə Ərəb ölkələrinə görə İsraildə səfirlik açmamağımız milli maraqlarımıza uyğun deyil. Bu gün Səudiyyə Ərəbistanı, Körfəz Ərəb ölkələri, İordaniya və Misir İsraillə əməkdaşlıq edir. Azərbaycanın bu ölkələrdən çəkinəcəyi yoxdur. Yalnız İran faktoruna görə bu məsələ gecikir".
Politoloq deyib ki, bu gün İran Ermənistanla sıx əlaqələrə malikdir. Qarabağ məsləsində əməldə işğalçı ölkəni dəstələyir: "Hətta hərbi avadanlıqlar bu ölkəyə ixrac edir. Bu gün İran başda olmaqla bir çox dost dediyimiz ölkələr, bizə əməli dəstək vermir. Amma, İsrail bütün parametrlərlə ən əsası hərbi yardımlarla Azərbaycanın yanındadır. Ermənistan İsraildə səfirlik açacaqsa, İran buna susacaq. Çünki, bu səfirlik İsrail-Azərbaycan əlaqələrinə zərbə vuran bir mərkəz rolunu oynayacaq. Ona görə də Tehran bu məsələdə Yerevana dəstək verəcək". Məhəmməd Əsədullazadə qeyd edib ki, Azərbaycan öz milli maraqlarını rəhbər tutaraq İsrailin paytaxtı Təl-Əvivdə səfirliyini açmalıdır: "Azərbaycanın bu ölkədə səfirlik açması Fələstin məsləsində və Qüds məsləsində İsrailə dəstək verməsi deyil. İsrailli ekspert Arye Gutun dediklərinə qoşularaq artıq, bu məslədə mövqe ortaya qoyub, İsraildə səfirlyimizi açmalıyıq. Onsuz da müsəlman aləmi-Ərəb dünyası aralarında müharibə aparır. İran və Səudiyyə Ərəbistanı Yəməndə savaşır. Belə olan təqdirdə hansı həmrəylikdən söhbət gedə bilər?! Azərbaycana hərbi köməklik edən İsraildə səfirliyimizin açılmağının vaxtıdır. İsraildə Azərbaycanla əlaqələrə önəm verir".
Füzuli
Olaylar.az