“Əsrin müaviləsi” Azərbaycanın bugünkü inkişafının əsasında dayanan fundamental hadisədir- EKSKLÜZİV

“Əsrin müaviləsi” Azərbaycanın bugünkü inkişafının əsasında dayanan fundamental hadisədir-EKSKLÜZİV

Elman Nəsirov: "Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində ən misilsiz addımlarından biri məhz "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması idi"

Azərbaycannın bu günkü inkişafının əsas təməl daşı hesab edilən "Əsrin müqaviləsi"nin imzalanmasının 25 ili tamam olur. 25 il əvvəl gərgin və nəticəyə hesablanmış fəaliyyətin bəhrəsi olaraq imzalanmış bu saziş Azərbaycanda təkcə neft sektoru deyil, eyni zamanda qeyri-neft sektorunun da inkişafına zəmin yaratdı, təkan verdi. Ötən 25 illik fəaliyyətə nəzər salan millət vəkili Elman Nəsirov "Əsrin müqaviləsi"nin imzalanmasında ümummilli lider Heydər Əliyevin gərgin və uğurlu əməyinin olduğunu vurğulayıb. Millət vəkili deyib ki, həmin illərdə belə bir sazişin imzalanması o qədər də mümkün görünməsə də, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsi və uğurlu fəaliyyəti sözügedən sazişin imzalanmasını reallaşdırdı: "Məlum olduğu kimi bu il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"nin imzalanmasının 25 ili tamam olur. Bu 25 illik yola qiymət verdikdə bir daha əmin olursan ki, məhz ümummilli lider Heydər Əliyevin misilsiz və titanik fəaliyyəti, onun şəxsiyyətinə beynəlxalq aləmdə olan inam sayəsində həmin müqavilə imzalandı. 1993-1994-cü ilin Azərbaycan reallıqları baxımından həmin dövrə qiymət versək, "Əsrin müqaviləsi"nin imzalanması qeyri-mümkün görünürdü. Çünki ölkə faktiki olaraq vətəndaş müharibəsi caynağından çıxmaq istəyir, paralel olaraq ölkədə hakimiyyət uğrunda mübarizə gedir, dövlət çevrilişinə cəhdlər hazırlanırdı. Eyni zamanda  Ermənistanın işğalçılıq siyasətinin qarşısının alınması istiqamətində tədbirlər görülürdü. Bununla paralel olaraq ölkə iqtisadiyyatı bərbad vəziyyətdə idi, xəzinə tamamilə boş idi. Belə bir vəziyyətdə nəhəng dövlətlərin, iri neft şirkətlərinin Azərbaycan iqtisadiyyatı, neft sənayesinə investisiya qoyması və "Əsrin müqaviləsi"ndə iştirak etməsi qeyri-real görünürdü. Həmin dövrdə nəhəng neft korporasiyalarınən rəhbərləri, onların analitik qrupları hesablayırdılar ki, milyardlarla dollar investisiyanı o zamankı Azərbaycana yatırmaq çox təhlükəli idi. Ancaq buna rəğmən onlar 1994-cü il, sentyabr ayının 20-də bu investisiyanı  qoyub "Əsrin müqaviləsi"ni imzaladılar.  Soruşanda ki, nə baş verdi və nədən siz "Əsrin müqaviləsi"nə imza atdınız, verilən cavab bir idi. Cavab ondan ibarət idi ki, bütün vəziyyətin mürəkkəbliyinə baxmayaraq biləndə ki, Azərbaycana Heydər Əliyev kimi nəhəng, uzaqgörən, dünya səviyyəli bir siyasətçi rəhbərlik edir, o zaman bütün hesablamalar, təhlilləri bir kənara qoyub Azərbaycana investisiya yatırıb, "Əsrin müqaviləsi"ndə iştirak etdilər. Başqa sözlə "Əsrin müqaviləsi"nin imzalanması sırf Heydər Əliyev şəxsiyyətinə olan inam, etibar və etimadla bağlı idi. Bunun başqa bir səbəbi yox idi. 8 dövlət və 12 şirkətin iştirak etdiyi "Əsrin müaviləsi" nəticə etibarilə Azərbaycanın ondan sonrakı və bugünkü inkişafının əsasında dayanan fundamental hadisədir. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycana böyük investisiyalar, çox böyük kapital gəlməyə başladı. Ölkəyə milyardlarla investisiya qoyuldu. Bunun göstəricisidir ki, hazırda Azərbaycana qoyulan investisiyaların həcmi 260 milyard dollara gəlib çatıb. Bunun təməlində dayanan isə məhz "Əsrin müqaviləsi" oldu".

* * *

Millət vəkili bildirib ki, "Əsrin müqaviləsi" yalnız neft sazişi kimi şöhrət qazanmadı. Elman Nəsirovun sözlərinə gprə, onun sayəsində Azərbaycanın qaz ölkəsi kimi tanınması, nüfuz qazanmasının da əsası qoyuldu: "Çünki 1996-cı ildə "Şahdəniz" yatağında aparılan qazma işləri nəticəsində məlum oldu ki, burada çox nəhəng qaz kondensantı var.  Hazırda Avropanın ən böyük meqa layihəsi olan Cənub Qaz Dəhlizinin də mənbəsi məhz "Şahdəniz"dir. "Şahdəniz" də "Əsrin müqaviləsi"ndən sonra qazıntı işlərinin getdiyi bir mənbə, layihədir.  O da bu gün Azərbaycan dövlətinə çox böyük mənfəət və gəlir vəd edir. "Əsrin müqaviləsi"ndən sonra imzalanmış bu kimi müqavilələrin sayı artıq 35-ə çatıb. Bütün bunların kökündə bir daha qeyd edirəm ki, "Əsrin müqaviləsi" dayanır.  "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan neftinin dünya bazarlarına çıxarılması məsələsi də aktuallaşdı və o zaman ümummilli lider Heydər Əliyevin düzgün, uzaqgörən siyasəti nəticəsində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri işə düşdü. Yuxarıda da qeyd etdiyim kimi qaz ehtiyatlarımızın üzə çıxması da birbaşa "Əsrin müaviləsi" ilə bağlı idi. Bunun ardınca isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri işə salındı. 2020-ci ildə isə Cənub Qaz Dəhlizinin reallaşması artıq özünün həlledici mərhələsinə daxil olub. Bütün bu atılan addımlar Azərbaycanın beynəlxalq aləmdə çəkisini gücləndirdi, ölkəmizə olan etimadı artırdı". Millət vəkili deyir ki, "Əsrin müqaviləsi"nin imzalanmasında, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə uğurlu neft strategiyası həyata keçirməsində həmin illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, bu gün dövlət başçısı olan Cənab İlham Əliyevin də müstəsna xidmətləri oldu: "Xüsusilə, Birləşmiş Ştatlarda aparılan həlledici, çox mürəkkəb danışıqlar prosesi Cənab İlham Əliyevin adı ilə bağlı idi. Məhz İlham Əliyevin böyük səyləri, eləcə də ümummilli lider Heydər Əliyevlə korrdinasiyalı olunmuş fəaliyyəti nəticəsində bütün maneələr, cəhdlər aradan qalxdı və "Əsrin müqaviləsi" imzalandı".

* * *

Millət vəkili onu da diqqətə çatdırıb ki,  "Əsrin müqaviləsi"nin imzalanması eyni zamanda Xəzər dənizinin hüquqi statusu ilə bağlı məsələni gündəmə gətirən, bu məsələni qəlizləşdirən qüvvələri və onlardan gələn təhlükələri də xeyli dərəcədə ram etdi: "Hesab edirəm ki, məhz "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzərin təbii ehtiyatlarından istifadə məsələsində də həlledici addım atıldı. Xəzərin hüquqi statusunun müəyyən edilməsi məsələsi sırf zaman məsələsi idi. Həqiqətən də belə oldu və artıq bildiyimiz kimi 5 Xəzəryanı dövlət artıq Xəzərin hüquqi statusu ilə bağlı məsələni də həll ediblər və bu problem də həllini tapıb. Hesab edirəm ki, bu istiqamətdə də "Əsrin müqaviləsi"nin müstəsna rolu olub. Bütövlükdə "Əsrin müqaviləsi"nin imzalanmasının sayəsində Azərbaycan bu gün bütün parametrləri üzrə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Azərbaycanın güclü iqtisadiyyatı formalaşıb. Eyni zamanda neftdən gələn böyük gəlirlər hesabına Azərbaycan dövləti, dövlət başçısı çox uğurlu iqtisadi siyasət həyata keçirib. İlk növbədə iqtisadiyyatın şaxələndirilməsi siyasətini reallaşdırıb. Həmçinin neftdən gələn gəlirlərdən asılılığın azaldılması siyasətini həyata keçirib ki, bu gün biz onun bəhrəsini görürük. Qeyri-neft məhsullarının ixracı bu gün bizim üçün prioritet məsələyə çevrilib. Həmçinin ixracyönümlü  iqtisadiyyatın formalaşdırılması məsələsi günümüzdə mühüm məsələyə çevrilib və Azərbaycan bu gün qeyri-net sektorunda, istər kənd təsərrüfatı, istər turizm, istərsə də digər istiqamətlərdə uğurlu addımlarını atmaqdadır. Beləliklə, hesab edirəm ki, məhz ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində ən misilsiz addımlarından biri məhz "Əsrin müqaviləsi"nin imzalanmasına nail olması idi. Bütün maneələri, sədləri aşaraq Heydər Əliyev bu mühüm sənədi imzalamağa nail oldu. Dövlət başçısı Cənab İlham Əliyev də artıq "Əsrin müqaviləsi-2"nin imzalanmasını reallaşdırdı. Yəni artıq 2050-ci ilə qədər "Əsrin müqaviləsi" fəaliyyətini davam etdirəcək və Azərbaycan neftindən gələn gəlirlər Azərbaycan xalqının rifahının daha da yüksəldilməsi mənafeyinə xidmət göstərəcək. Bütün bu möhtəşəm tarixi xidmətlərinə görə Azərbaycan xalqı, hər bir vətəndaş Heydər Əliyevə qəlbində, ürəyində bir heykəl ucaldıb və hər zaman da ona minnətdardır".

Süleyman İsmayılbəyli

Olaylar.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31