Türk Şurasının 7-ci Zirvə toplantısı Bakıda keçiriləcək

Türk Şurasının 7-ci Zirvə toplantısı Bakıda keçiriləcək

Elmar Məmmədyarov: "Bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq"

"Macarıstanla Türk Şurasına üzv dövlətlər arasında əməkdaşlıq geniş spektr üzrə uğurla inkişaf etdirilir və biz əminik ki, Nümayəndəlik, bu əməkdaşlığı növbəti səviyyəyə yüksəltmək üçün bir mərkəz kimi xidmət göstərəcək, habelə Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsinə və Avropa təsisatları və Avropa İttifaqı ilə bağların möhkəmləndirilməsinə imkanlar yaradacaqdır". "Olaylar" xəbər verir ki, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov Türk Şurası Nümayəndəliyinin açılış mərasimində deyib. Nazir bildirib ki, Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə daha sıx münasibətlər qurmaq niyyətini təqdirəlayiq hal hesab edirik və bu niyyət özünü bu günkü gündə açıq şəkildə nümayiş etdirir: "Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvəsi 15 Oktyabr 2019-cu il tarixində Bakıda keçiriləcəkdir və bu hadisəyə ev sahibliyi edəcəyimizdən xüsusi şərəf duyuruq. Biz bu toplantını Türk Şurasının təsis sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etdiyi üçün xüsusi Zirvə görüşü hesab edirik. Özbəkistanın bu Zirvə görüşündə Türk Şurasınıntam hüquqlu üzvü kimi təmsil olunması təşkilatın tarixində növbəti mühüm hadisədir. Biz, həmçinin Macarıstanın Baş naziri Zati-aliləri cənab Viktor Orbanı Azərbaycanda görməkdən məmnun olacağıq və bu Baş nazirin Türk Şurasının zirvə görüşlərində ikinci iştirakı olacaq.Yekunda bir daha qeyd etmək istərdim ki, Nümayəndəliyin açılışı Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərəcək, təşkilatın gələcək inkişafına töhfə verəcək və üzv dövlətlər ilə Macarıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün unikal fürsət təqdim edəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31