Kamilə Əliyeva: “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu”
Kamilə Əliyeva: “Əsrin müqaviləsi”nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu”
19 Sentyabr 2019 13:50 Siyasət"Əsrin müqaviləsi"ni imzalayaraq tarixi uğura imza atmaqla, həm Azərbaycan dövləti, həm də onun banisi olan H. Əliyev Azərbaycan müstəqilliyini həzm və qəbul edə bilməyən, onu "üçüncü dünya dövləti"nə, vassala, forposta çevirmək istəyən qüvvələrin, dairələrin, güclərin üzərində qələbə çaldı, zəfər qazandı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamilə Əliyeva bildirib ki, müstəqil Azərbaycan həmin gün yenidən Günəş kimi doğdu, parladı, ətrafa öz şəfəqlərini saçdı, müstəqil dövlət və dövlətçilik yolunda bir daha qərarlığını nümayiş etdirdi: "Əsrin müqaviləsi"nin Azərbaycan üçün çox böyük əhəmiyyəti oldu. Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha və birmənal şəkildə əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı. Müqavilənin iqtisadi əhəmiyyəti isə odur ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən - 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı. Beləliklə, neft hasilatı 5,6 dəfə artdı. Hazırda respublikada hasil edilən neftin və qazın əsas hissəsi "Azəri-Çıraq-Günəşli (AÇG)" yataqları hesabına əldə edilir. Artıq 20-ci ildir ki, "Azəri-Çıraq-Günəşli" layihəsinin iştirakçıları "mənfəət nefti"ndən gəlir əldə edirlər. 1999-cu ilədək neftin satışından əldə edilən gəlir sərmayə qoyuluşunun ödənilməsinə sərf olunurdusa, həmin ilin dekabrından Azərbaycanın "mənfəət nefti" xarici bazarlara çıxarılır. Məlumatlara görə, 2019-cu il sentyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 287 milyon tona qədər "mənfəət nefti" satılmışdır ki, bu da AÇG üzrə indiyədək hasil edilmiş bütün neftin 58 faizi qədərdir. Mənfəət neftinin həcmi ilbəil artır".
Millət vəkili qeyd edib ki, "Əsrin müqaviləsi"nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız AÇG yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu. "Əsrin müqaviləsi"nin övladı olan bu kəmər 2005-ci il may ayının 28-də istismara verildi, 2006-cı il iyulun 13-də isə onun rəsmi açılışı oldu: "Bu yerdə bir məsələni də qeyd etmək istəyirəm: vaxtilə Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri layihəsinin də əleyhdarları vardı. Amma indi baxın: 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batum, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql edilib. Əgər bu kəmər olmasaydı, bu qədər nefti dünya bazarlarına biz necə aparıb çıxara bilərdik?! Bütün bunlar bir daha onu göstərir ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından, məhz onun siyasi iradəsi və müdrikliyi sayəsində Azərbaycanın maraqlarına cavab verən tarixi "Əsrin müvaqiləsi"nin imzalanmasından başlanan yol dirçəliş, yüksəliş, tərəqqi, intibah yolu və mərhələsi oldu. 23 ildən sonra növbəti tarixi "Yeni əsrin müqaviləsi" imzalandı, yeni tərəqqi və çiçəklənmə mərhələsi başlandı. Azərbaycan bu gün də məhz bu yolla öz parlaq gələcəyinə, uğurlu inkişafına, əmin-aman, təhlükəsiz sabahına doğru şövqlə, əzmlə və qətiyyətlə irəliləyir. Heç kimə və heç nəyə baxmadan, heç kimdən və heç nədən çəkinmədən, onu gözləyə biləcək bütün təzyiqlərə, risqlərə, təhdidlərə fikir vermədən. Bu yol, bu inkişaf, bu sükan bu gün də etibarlı əllərdədir. Azərbaycan xalqı, Azərbaycan dövləti ölkə prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində bu yolda hələ çox qələbələrinə, zəfərlərinə imza atacaq".