AŞPA-nın məruzəçisinin Azərbaycana səfəri müxalifətin iddialarını darmadağın etdi - Siyasət
AŞPA-nın məruzəçisinin Azərbaycana səfəri müxalifətin iddialarını darmadağın etdi-Siyasət
18 Sentyabr 2019 14:49 SiyasətAvropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin Azərbaycana səfəri bir sıra maraqlı məqamlarla yadda qaldı. Həmçinin Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskienin Prezident İlham Əliyevlə görüşü baş tutdu. Bununla da müxalifət tərəfindən guya Azərbaycan hakimiyyəti ilə Avropa Şurası rəhbərliyi arasında narazılığın olması barədə fikirlər alt-üst oldu. Bu səfərlər eyni zamanda, müxalifətin AŞPA məruzəçilərinin Azərbaycana buraxılmaması və digər iddialarını da darmadağın edərək növbəti dəfə məyusluğuna səbəb oldu. YAP Siyasi Şurasının üzvü Vaqif Abdullayev bildirib ki, prezident İlham Əliyevlə xanım Lilian Mori Paskienin səmərəli və faydalı görüşündə bir daha təsdiq olundu ki, Azərbaycan-Avropa Şurası əməkdaşlığı müxtəlif aspektlər üzrə genişdir. Azərbaycan insan haqlarının qorunması, demokratik inkişafla bağlı islahatlar aparır, qanunvericliliyin Avropa Şurasının konvensiyalarına uyğunlaşdırılması istiqamətində davamlı islahatlar gedir. Kifayət qədər məhsuldar fikir mübadiləsinin aparıldığı bu görüşü AŞPA ilə Azərbaycan arasında əməkdaşlığın cari inkişaf səviyyəsi və perspektivləri baxımından mühüm siyasi hadisə hesab etmək mümkündür. Lilian Mori Paskie də bunu yüksək dəyərləndirdi: "Azərbaycanla AŞPA arasında əlaqələrə dar çərçivədən və qərəzlə yanaşanlar unudurlar ki, tərəflər arasında mövcud olan faydalı əməkdaşlıq qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və bunu Avropa Şurası rəhbərliyi də yaxşı anlayır. AŞPA və onun institutları Azərbaycanla əməkdaşlıqda təkid və yaxud hansısa təzyiq üsulu ilə davranmağın mənasız və məntiqsiz olmasını anlayır, əlaqələrin açıq dialoq və siyasi anlaşma şəraitində davam etdirməkdə maraqlı olduğunu diqqətə çatdırır". Onun sözlərinə görə, Avropa Şurasının rəsmiləri də başa düşür ki, bəzi hallarda Azərbaycana qarşı qeyri-obyektiv və ədalətsiz qərarlar əməkdaşlığa xələl gətirir, münasibətlərə bəzi şəxslərin subyektiv və qərəzli mövqeyindən yanaşmaq olmaz: "Ulu öndər Heydər Əliyev 2001-ci il sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyasının sədri Lord Rassel Constonla görüşdə bildiridi ki, Avropa Şurası bir adamdan, bir dəstədən ibarət deyildir. "43 ölkənin nümayəndəsi var. Hər ölkənin də nümayəndəsi eyni adamlardan ibarət deyildir. Hesab etmək olmaz ki, bütün nümayəndə heyətlərində olan insanlar tam obyektivdirlər. Ümumiyyətlə, insan potensial olaraq subyektivlikdən tamamilə xilas ola bilmir. Kim hesab edirsə ki, tam ideal bir şəxsiyyətdir, güman edirəm, səhv edir. Ona görə də arzumuz odur ki, bizim haqqımızda məlumatlar ətraflı yoxlanılsın, bizimlə bərabər araşdırılsın". Ulu öndərin fikirləri ilə tam razı olduğunu deyən Lord Rassel Conston obyektivlkiyi şübhə altına alan məsələlərə münasibətini ifadə edərək bildirirdi ki, qeyri-obyektivlik, eyni zamanda həm də savadsızlıqdan irəli gəlir. "Tam obyektivlik, kamillik yalnız səhradakı ilğıma bənzəyir. Biz istənilən halda çalışmalıyıq əlimizdən gələni edək ki, hər şey ədalətli olsun". Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, ölkəmiz bu quruma üzv olduğu vaxtdan indiyədək demokratiyanın inkişafı, insan haqlarının və azadlıqlarının qorunması, vətəndaş cəmiyyətinin qurulması yolunda böyük uğurlar qazanıb və bu qurum tərəfindən də təsdiq olunub. Azərbaycan Avropa Şurasının insan haqlarının qorunması, demokratiyanın daha da inkişaf etdirilməsi, qlobal problemlərin həllinə yardım göstərilməsi, beynəlxalq öhdəliklərə vicdanla əməl edilməsi kimi prinsiplərini rəhbər tutaraq bu qurumla əməkdaşlığı dinamik şəkildə inkişaf etdirir. \Xatırladaq ki, bir müddət öncə Azərbaycan Prezidentinin ictimai - siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycandakı siyasi məhbuslar üzrə məruzəçisi Sunna Torhildur Evarsdottirin ölkəyə buraxılmaması ilə bağlı iddialara münasibət bildirib. Prezidentin köməkçisi bildirib ki, dünyada heç bir vətəndaşın, məmurun Azərbaycana gəlişi qadağan deyil: "Azərbaycan açıq ölkədir, viza sistemi var. İstənilən insan bura gələ bilər, AŞ PA bizim tərəfdaş təşkilatlarımızdan biridir, illərdir ki, əməkdaşlıq edirik, mümkün olan tövsiyələrini nəzərə alırıq. Əlbəttə ki, Azərbaycanın öz dövlətçilik marağı var, həmişə bu maraqlardan çıxış edir. Siyasi məhbus, söz və mətbuat azadlığı məsələsində beynəlxalq təşkilatlarla bəzən bir platformada birləşirik, onların fikirləri ilə razılaşırıq, bəzi hallarda isə razılaşmırıq. Çünki qərəzli yanaşma görürük. Təəssüflər olsun ki, bu yanaşma qərəzli mahiyyət kəsb edir. Biz bəyan etmişik, bu gün də deyirik ki, Azərbaycanda siyasi məhbus yoxdur. Konkret cinayət əməlinə görə məhkum olunan insanlar var. Onların hər biri hüquqlarından həm Azərbaycanda, həm də Avropa məkanında istifadə edə bilərlər. Avropa hüququ Azərbaycanda keçərlidir, Azərbaycan Avropa İnsan Hüquqları məhkəməsinin qərarlarını zaman-zaman nəzərə alıb. Əgər kim Azərbaycan məhkəmələrinə, hüquq sisteminə güvənmirsə, buyursun, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etsin. "Siyasi məhbus" siyasi dünyagörüşünə, fəaliyyətinə görə həbs olunan şəxsə deyirlər. Avropa Şurası ilə bu məsələdə razı deyilik".
Xatırladaq ki, Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlamışdır, belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti "xüsusi dəvət edilmiş qonaq" statusu almaq üçün Avropa Şurasına müraciət edib. 1994-cü il noyabrın 10-da Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan-Ermənistan cəbhəsində atəşkəsin əldə edilməsi ilə bağlı məmnunluq hisslərinin ifadə olunduğu 1047 (1994) saylı qətnamə qəbul edib. Bir neçə ay sonra, 3 fevral 1995-ci ildə AŞPA Bürosu 1994-cü ildə qəbul edilmiş və üç Cənubi Qafqaz dövlətinin Avropa Şurasına üzv qəbul edilmək üçün müraciət hüququnu nəzərdə tutan 1247 (1994) saylı tövsiyəyə uyğun olaraq Azərbaycanın "xüsusi dəvət edilmiş qonaq" statusu almaq barədə müraciətinin nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib.17- 18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilib. 28 iyun 1996-cı il tarixində AŞPA Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul edib. 13 iyul 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti H. Əliyev Avropa Şurası Baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi İnsan hüquqları və azadlıqları haqda Avropa konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib. 11 sentyabr 1996-cı ildə Avropa Şurası Nazirlər Komitəsinin 573-cü iclasında Azərbaycanın Avropa Şurasına daxil olması, Azərbaycanda demokratiyaya keçid prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan hakimiyyət dairələri ilə danışıqların intensivləşdirilməsi, əməkdaşlıq proqramları formasında yardımın edilməsini nəzərdə tutan (96) 32 saylı qətnamə qəbul edilib.
Zəka
Olaylar.az