Respublikamız son 25 ildə xeyli inkişaf edib - MÜSAHİBƏ
Respublikamız son 25 ildə xeyli inkişaf edib- MÜSAHİBƏ
18 Sentyabr 2019 13:45 SiyasətCahangir Hüseynov: "Respublikamızda Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, aparılan islahatlar məni sevindirir"
"Müntəzəm olaraq əmək haqqı, pensiya və müavinətlər artırılır ki, bu da əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir"
Əvvəli ötən sayımızda
Son illər daha çox elmi yaradıcılığa, tarixi mövzularda kitablar, elmi əsərlər yazmağa üstünlük verən sabiq millət vəkili Cahangir Hüseynov müntəzəm olaraq elmi, tarixi araşdırmalar aparmaq, arxiv materialları ilə daha yaxından tanış olmaq üçün xarici ölkələrə, xüsusilə də Türkiyə Cümhuriyyətinə işgüzar səfərlər edir. Bu günlərdə sabiq millət vəkili yenidən qardaş ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Cahangir Hüseynov İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə də görüşüb. Sabiq millət vəkili Türkiyə səfəri, eləcə də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüş zərurəti barədə danışıb. Cahangir Hüseynov həmçinin hazırda ölkədə cərəyan edən proseslər, ictimai-siyasi vəziyyət, eyni zamanda son günlərin aktual mövzularından birinə çevrilən iqtidar və müxalifət partiyalarının görüşü barədə də fikirlərini bölüşüb.
-Cahangir müəllim, siz siyasi proseslərlə maraqlanırsınızmı?. Hakim partiya olan Yeni Azərbaycan Partiyası ilə hansısa formada əlaqələriniz varmı?
-Mən 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etmişəm. YAP-ın ilk rayon təşkilatının təsis konfransı Biləsuvarda mənim rəhbərliyimlə gizli şəkildə keçirilib. Amma mən heç bir zaman Yeni Azərbaycan Partiyasının üzvü olmamışam. Yalnız Kommunist Partiyasında təmsil olunmuşam. Ondan sonra siyasi yolumuza bitərəf olaraq davam etdik. Onu da oxucuların diqqətinə çatdırım ki, ümummilli lider Heydər Əliyevi hakimiyyətə də ilk dəfə mən dəvət etmişəm. O zaman nə YAP, nə də 91-lər vardı. Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olmuşam. 134 deputatın imzasını toplayıb Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi üçün müraciət etmişik. Ciddi maneələr, əngəllər törədilməsinə baxmayaraq Heydər Əliyevin hakimiyyətə qayıdışına nail olduq və ümummilli lider Ali Sovetin sədri seçildi.
-O vaxt bu istiqamətdə fəaliyyətə başlayanda istər siz, istərsə də Heydər Əliyevin yaxın ətrafı ümummilli liderin yenidən hakimiyyətə qayıda biləcəyinə inanırdımı?
-Heydər Əliyevin hakimiyyətə gəlməsi 90-cı illərdə inandırıcı sayılmrdı. Heç ümummilli liderin özü, yaxın qohum-əqrəbası belə buna inanmırdı. Ancaq mən də daxil olmaqla bir qrup insan var idi ki, Heydər Əliyevin hakimiyyətə gəlməsini zəruri hesab edirdik. Bilirdik ki, Heydər Əliyev hakimiyyətə gəlməsə bu ölkənin vəziyyəti daha da ağır ola bilər. Heydər Əliyevin zəngin siyasi təcrübəsi bizdə belə bir inam yaratmışdı. Həmin dövrlərdə Murtuz Ələsgərov, Siruz Təbrizli, Eldar İbrahimov, Arif rəhimzadə, Maksim Musayev, Rəfail Allahverdiyev və bir sıra insanlar fəal mübarizə aparırdılar. Ancaq o dövrdə Heydər Əliyevin hakimiyyətə qayıdışını istəməyən çoxsaylı insanlar da var idi. Onlar həm Mütəllibov hakimiyyəti, həm də AXC hakimiyyəti dövründə çox fəal idilər və hheç cür Heydər Əliyevin hakimiyyətə gəlməsini qəbul edə bilmirdilər. Hətta çalışırdılar ki, bu fəaliyyətimizə görə bizi məsuliyyətə cəlb etsinlər. Biri söyüş söyür, digəri hədələyirdi. Hətta əli silahlı, avtomatla parlamentə gələrək bizi təhdid edir, bu mübarizədən kənar durmağı tələb edirdilər. Hətta keçmiş deputat Maksim Musayev bir dəfə AXC hakimiyyətində olan şəxslər tərəfindən fiziki təzyiqlərə də məruz qaldı. Əli silahlı şəxslər onun qollarından tutub harasa aparmaq istəyirdilər. Mən və bir neçə şəxs zorla Maksim Musayevi onların əlindən ala bildik. Ümumiyyətlə, 134 deputatın hamısına qarşı təzyiqlər edilir, qorxudurdular. Təbii ki, öz hüquqlarını bilməyən bəzi deputatlar isə bundan bir qədər əndişə keçirir, bizdən kömək istəyirdilər. Biz də onlara izah edirdik ki, Heydər Əliyevin hakimiyyətə dəvət edilməsi ilə bağlı sənədə imza atmaq heç bir məsuliyyət yaratmır. Ona görə, o illərdə Heydər Əliyevin hakimiyyətə qayıtmasına nail olmaq istiqamətində fəaliyyət göstərmək çətin idi. Bu çətinliyi hətta şəxsi həyatıma sui-qəsd edilməsi kimi hadisə ilə də yaşadım. Həmin sui-qəsd zamanı 5 güllə yarası aldım, oğlum qətlə yetirildi. Həmçinin yaxın qohumlarım da güllə yarası aldı.
Mənimlə bərabər o illərdə Murtuz Ələsgərov, Arif Rəhimzadə, Sirus Təbrizli, Eldar İbrahimov, Fərəməz Maqsudova qarşı da təzyiqlər edilirdi. Arif Rəhimzadə dəfələrlə AXC hakimiyyətinin nümayəndələri, rəsmiləri tərəfindən təzyiqlərə məruz qalıb. Təkcə Heydər Əliyev hakimiyyətə gələnə qədər deyil, eləcə də Heydər Əliyev hakimiyyətdə olduğu illərdə də onun yaxın ətrafı, fəal müdafiəçilərinə qarşı təzyiqlər edilir, onları zərərsizləşdirməyə, bununla da Heydər Əliyev hakimiyyətinə zərbə vurmağa, ona kölgə salmağa çalışırdılar. Artıq bu fəaliyyətə daxildəki bəzi pozucu qüvvələrlə yanaşı, müəyyən xarici dairələr də qoşulmuşdu. Ziya Bünyadov, Afiəddin Cəlilov, Şəmsi Rəhimov kimi tanınmış ictimai və siyasi xadimlərin qətlə yetirilməsi məhz Heydər Əliyev hakimiyyətinə ünvanlanmış təzyiq idi və bu kimi qətllərlə Heydər Əliyevi gözdən salmağa, ölkədə ictimai-siyasi sabitliyi pozaraq ümummilli lideri hakimiyyətdən uzaqlaşdırmağa çalışırdılar. Lakin Heydər Əliyev qətiyyəti, bacarığı bütün bu mənfi halları zərərsizləşdirə bildi. Hesab edirəm ki, həmin şəxslər dövlət, dövlətçilikdən ötrü qurban getdikləri üçün onlara da şəhidlik statusu verilməlidir.
-Həmin dövrdə ərazilərimizin işğal edilməsi ilə bağlı da fərqli fikirlər səsləndirilir. Bir müddət əvvəl siyasilərdən biri iddia edib ki, guya torpaqlarımız Heydər Əliyevin hakimiyyəti dövründə işğala məruz qalıb
-Həmin dövrdə prezident Əbülfəz Elçibəy Ali Baş Komandan kimi Naxçıvana getmişdi və ölkəni oradan idarə edirdi. O vaxt həm Hərbi Prokurorluq, həm də Daxili İşlər Nazirliyinə raportla müraciət etdim ki, Ağdam, Füzuli, Cəbrayıl və digər rayonların ermənilər tərəfindən işğal edilməsində müəyyən qüvvələrin təxribatları oldu. Bunlar hər kəsin gözü qarşısında olub. Təxribat törətdilər və erməni silahlı qüvvələrinə qarşı döyüşmədilər. Məsələn, Cəbrayıl rayonunda müşahidə etdiyim bir hadisə belə deməyə əsas verir. Ermənilər tərəfdən bir tank gələn kimi, bütün ordu Cəbrayılı tərk etdi. Bunların hamısının canlı şahidiyəm. Belə halların nəticəsində torpaqlarımız işğal edildi. Bu gün də onları geri almaq çətindir və getdikcə də ağırlaşır. Daxildə də bir-birimizlə yola getmirik. İqtidarla müxalifət yola getmir. Həmçinin hakimiyyətdə olanlar bir-birinin paxıllığını çəkir. Paxıllıq bu insanlarda ən mənfi xüsusiyyətlərdən birinə çevrilib. Halbuki dövlət idarəsində işləyən adamın qəlbi, ruhu geniş, böyük olmalıdır. Bir nazir digərinin ayağından çəkir, yaxud nazir müavini nazirin paxıllığını çəkir. Mən bu kimi mənfi halları qəbul etmirəm.
-Azərbaycanın bu günkü siyasi, iqtisadi, sosial və s. durumunu necə xarakterizə edərdiniz?
-Respublikamız son 25 ildə xeyli inkişaf edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərsurum, Bakı-Supsa neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, TAP, TANAP kimi layihələrdə iştirakçılığımız, İpək yolunun bərpası və s. bütün bunlara əyani misaldır. Arzu edirəm ki, respublikamızda iqtisadiyyat daha da güclənsin. Bu gün respublikamızda Cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, aparılan islahatlar məni sevindirir. Müntəzəm olaraq əmək haqqı, pensiya və müavinətlər artırılır ki, bu da əhalinin sosial rifah halının yüksəlməsinə xidmət edir. Həmçinin məhkəmə-hüquq sistemindəki islahatlar ölkədə adalətli məhkəmə araşdırılmasının aparılması, eləcə də ölkəmizin gələcəyi üçün çox mühüm addım oldu. Eyni zamanda korrupsiyaya qarşı mübarizənin güclənməsi, cinayətkarlığın aradan qaldırılması kimi hallar da təqdirəlayiqdir. Ümumilikdə, hər birimizin istəyi ondan ibarətdir ki, Azərbaycan dövləti daha da inkişaf etsin. Korrupsiya və rüşvətxorluq halları aradan qaldırılsın. Korrupsiya yolu ilə əldə edilən, mənimsənilən pullar geri qaytarılsın, büdcəyə daxil edilsin. Həmin pullar vasitəsilə bir daha maaş və pensiyalar artırılsın. Bundan da hər kəs faydalansın. Bütün bu inkişafin sonunda Qarabağın işğaldan azad olunacağına da ümidimiz hər zaman var və onun tezliklə reallaşacağına inanırıq.
-Qarabağ problemindən söz düşmüşkən, səhv etmiriksə Siz də uzun müddət, Birinci Qarabağ müharibəsi zamanı ön cəbhədə olmuş, bir sıra əməliyyatlarda iştirak etmisiniz.
-1988-ci ilin fevral ayından, Dağlıq Qarabağ müharibəsi başlayandan mən bu hadisələrin canlı iştirakçısı olmuşam. Həmin illərdə mən ən gənc milis rəisi idim, titullarım var idi. Hadisələr başlayanda düşündüm ki, əlimdən nə isə gələrsə, bu istiqamətdə kömək etməliyəm. Şəxsi heyətin 50 faizi ilə birlikdə bütün cəbhə bölgələrində iştirak etmişəm. Ən axırıncısı, 1993-cü ilin sentyabr ayına qədər bu bölgədə ezamiyyətdə olmuşam. Onu da vurğulayım ki, həmin dövrdə Müdafiə Nazirliyi yox idi və Daxili İşlər Nazirliyi bu öhdəliyi yerinə yetirirdi. Onu da qeyd edim ki, həmin illər ərzində cəbhədə çoxsaylı uğurlarımız olub və maksimum dərəcədə çalışmışıq ki, Qarabağı müdafiə edək. Bu mübarizədə polis işçilərindən bir sıra şəhidlər də vermişik. Allah onlara rəhmət eləsin. Düzdür, sonradan Müdafiə Nazirliyi yaradılsa da, təəssüflər olsun ortaya ciddi bir iş qoya bilmədilər.
-Həmin əməliyyatlardan yadınızda hansı vacib detallar, məqamlar qalıb?
-Həmin hadisələrdən Başkənd əməliyyatını xüsusi qeyd etmək istərdim. Başkənd əməliyyatı 1992-ci ilin avqust ayında Gədəbəydə həyata keçirilib və ən uğurlu əməliyyatlardan hesab edilirdi. Yəqin əksəriyyətinə məlumdur ki, Başkənd Azərbaycan Respublikasının ərazisi sayılmırdı. Gədəbəy rayonunda yerləşən Başkənddə anklav şəkildə 10 minə yaxın erməni yaşayırdı və həmin kəndi Ermənistana tabe etdirmişdilər. Onu da qeyd edim ki, Başkənddə yaşayan ermənilər Ermənistan tərəfindən kənd təsərrüfatı məhsulları ilə təmin edilirdi. Məlumat üçün qeyd edim ki, Çardaqlı, Atabəy və Başkənd, hər üçü eyni istiqamətdə yerləşir və hər birində ermənilər yaşayırdı. Həmin 3 kəndi ermənilər müdafiə etmək üçün Gədəbəyin şimal hissəsi, oradan isə Atabəy və Çardaxlıya girmək istəyirdilər. Əgər həmin əməliyyat baş tutsaydı demək olar ki, Azərbaycanın bütün Qərb bölgəsi işğal altına düşə bilərdi. O vaxt, təxminən 1992-ci ilin iyun ayında Ali Sovetdə çıxış edərək vəziyyət barədə məlumat verdim. Həmin vaxt Əbülfəz Elçibəy ölkə prezidenti idi və özü də parlamentdə iştirak edirdi. Təklif etdim ki, sözügedən təhlükənin qarşısını almaq üçün orada əməliyyat keçirilməlidir. Onu da bildirdim ki, Gədəbəy iqtisadi cəhətdən kasıb rayondur, insanların qaçmağa, getməyə yerləri yoxdur. Qeyd etdim ki, "çörək bol olarsa, basılmaz vətən". Əgər biz həmin bölgəyə kömək etsək, onlar da torpaqlarımızı müdafiə edərlər. Belə də oldu və 1992-ci il, avqust ayının 7-də orada böyük bir əməliyyat keçirildi və mənə də məlumat verildi. Mən də ora gedib əvvəldən axıra qədər əməliyyatda iştirak etdim. Ora gedərkən həmçinin özümüzlə hərbi ləvazimat, silah-sursat, əsgərlər üçün müəyyən ləvazimatlar aparmışdıq. Həmin vaxt orada briqada komandiri Cahangir Rüstəmov idi. Beləliklə, Azərbaycan Ordusu Başkəndi azad etdi və ermənilər oradan qaçıb getdilər. Başkənddə ermənilər tərəfindən ucaldılan Andronikin heykəli də əsgərlərimiz tərəfindən uçuruldu. Ondan əvvəl isə, 1991-ci ildə keçirilən Çaykənd əməliyyatında da iştirak etmişəm.
-Bəs, bu gün Qarabağ probleminin həllini necə görürsünüz?
-Bu günkü siyasi vəziyyət məni təbii ki, narahat edir. Ən ciddi narahatçılığım Qarabağ problemi ilə bağlıdır. Sanki biz cəmiyyət olaraq Qarabağı unutmuşuq. İndi əsas mübarizə iqtidarla müxalifət arasında gedir. Hesab edirəm ki, Azərbaycan əhalisinin 90 faizi siyasiləşməyib. Bu gün bizim yeganə məqsədimiz ondan ibarət omalıdır ki, torpaqlarımızı işğaldan azad edək. İlk növbədə işğal altında olan 7 rayonumuz azad edilməlidir. Gələcəkdə isə Dağlıq Qarabağın statusu məsələsinə baxıla bilər.
Süleyman İsmayılbəyli
Olaylar.az