Tehran-Vaşinqton münasibətləri yenidən gərgin atmosferdə - MÜNASİBƏT
Tehran-Vaşinqton münasibətləri yenidən gərgin atmosferdə - MÜNASİBƏT
16 Sentyabr 2019 13:32 SiyasətTramp və Ruhaninin görüşü qeyri-mümkünə çevrilir
İranın Birləşmiş Ştatlar və Qərblə münasibətləri heç bir halda rəvan məcraya, qarşılıqlı anlaşmaya yönəlmir. Əksinə gün keçdikcə bu münasibətlər bir qədər də gərgin xarakter alır. Ən son Birləşmiş Ştatlar prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun istefaya göndərilməsindən sonra Vaşinqtonla Tehran arasında münasibətlərdə yeni bir mərhələnin başlayacağı ehtimal edilsə də, lakin ehtimallar hələ ki, özünü doğrultmur. Əksinə yuxarıda da qeyd etdiyimiz kimi gərginlik daha da artır.
Ekspertlər hesab edirdilər ki, Con Bolton antiİran və antiTürkiyə tərəfdarı kimi tanındığından Tehranla Vaşçnqton arasında anlaşma əldə etmək qeyri-mümkün olurdu. Hətta Birləşmiş Ştatların Barak Obamanın zamanında İranla əldə edilən ümumi razılaşmadan birtərəfli qaydada imtina etməsində də Boltonun "əməyinin" olduğu iddia edilirdi. Ancaq son proseslər sübut etdi ki, Birləşmiş Ştatlarla İran arasında gərginliyin qalmasında heç də Bolton amili əsas təşkil etmirdi. Buna səbəb hər iki tərəfin güzəştə getməməsi, bəzi hallarda isə hətta Tehranın aqressiya nümayiş etdirməsidir. Elə Səudiyyə Ərəbistanına məxsus iki neft emalı zavoduna pilotsuz təyyarələrin hücumunun arxasında da İran amilinin durduğu iddia edilməkdədir və Tehranın qeyri-konstruktiv münasibətinin gərginliyin artmasına səbəb olduğu bildirilməkdədir. Elə əksər ekspertlər hesab edirlər ki, Qərb, Birləşmiş Ştatlarla münasibətlərin daha da gərginləşməsində müəyyən mənada İran da günahkardır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahnioğlu deyir ki, Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlərin hücumu bölgədə vəziyyəti yenidən gərginləşdirib. Bəs bu hücum dünyada və bölgədə hansı nəticələrə səbəb ola bilər?
Politoloq hesab edir ki, Səudiyyə Ərəbistanı bu hücumu cavabsız qoymayacaq: "Çünki hücumu Yəməndəki husilərin təşkil etdiyi aşkardır, bunu onların özləri də etiraf edirlər. Husilər hücumun arxasındakı səbəb kimi Səudiyyə Ərəbistanın Yəməni mütəmadi bombalamasını və bu zaman mülki insanların ölməsini göstərirlər. Səudiyyə Ərəbistanı isə bu hücumları ona görə təşkil edir ki, qonşuluğundakı dövlət İranla müttəfiq olan husilərin əlinə keçməsin. İki neft emalı zavoduna hücum Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını artıracaq. Buna cavab olaraq da İran husilərə dəstəyini artıracaq. Faktiki İran və Səudiyyə Ərəbistanı Yəməndə bir-birləriylə savaşırlar. Neft emalı zavodlarının vurulması ilə bu savaş genişmiqyaslı həcm alacaq".
Elxan Şahinoğlu deyib ki, neft emalı zavodlarının vurulması Birləşmiş Ştatlarda da ciddi reaksiya doğurub: "Vaşinqtonda şübhə etmirlər ki, hücumun arxasında İran dayanır. Tehran bu ittihamları rədd edir. Belə baxanda indiki zamanda İranın bölgədə gərginliyi artırmaqda marağı olmamalıdır. Çünki İran Birləşmiş Ştatların sanksiyalarından qurtulmaq istəyir. Belə olan halda yeni müharibə İranın maraqlarına niyə cavab verməlidir ki? Ancaq o da mümkündür ki, İrandakı İslam Keşikçiləri Korpusunun rəhbərliyi fərqli düşünür. Hər halda Birləşmiş Ştatlar prezidenti Donald Tramp sosial şəbəkədə yazdığı son statusda ABŞ-ın İranı vuracağını istisna etməyib. Bu vəziyyət bir neçə gündən sonra işinə başlayan BMT Baş Assambleyasında ABŞ və İran prezidentlərinin görüşü perspektivini heçə endirir. Halbuki, İran prezidenti Həsən Ruhani Nyu-Yorka getməyə hazırlaşır". Politoloq deyib ki, neft emalı zavodlarına hücum dünyada neftin qiymətini qaldırıb və mütəxəssislərin hesablamalarına görə neftin bir barelinin qiyməti 100 dollara qədər arta bilər: "Çünki son olay neft bazarında 5 faizin azalmasına səbəb olub və həmin iki neft emalı zavodunun tam gücüylə yenidən neft istehsalına başlaması həftələr ala bilər. Əlbəttə, neftin qiymətinin qalxması Azərbaycanın gəlirlərini artıracaq. Ancaq siyasi mənada İranla Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin daha da gərginləşməsi, üstəgəl Vaşinqtonda yenidən "İranı vura bilərik" təhdidlərinin səslənməsi Azərbaycanın geosiyasi maraqlarına cavab vermir. Çünki adı çəkilən dövlətlər Azərbaycanın tərəfdaşlarıdır və biz tərəfdaşlarımız arasında gərginliyin və ən pis halda müharibənin alovlanmasında maraqlı deyilik".
Füzuli
Olaylar.az