Radikalların növbəti şou yaratmaq cəhdi - SİYASƏT
Radikalların növbəti şou yaratmaq cəhdi- SİYASƏT
16 Sentyabr 2019 12:41 SiyasətYaxud xarici donorlardan alınan yeni sifariş
Hər dəfə ölkə mühüm siyasi proseslər ərəfəsində olanda, yaxud Azərbaycan hansısa beynəlxalq əhəmiyyətli tədbirə, idman yarışına evsahiblik edəndə xaricdəki antiAzərbaycan qüvvələr və onların daxildəki əlaltıları dərhal hərəkətə keçirlər. Ya Azərbaycana qarşı qərəzli bəyanatlar, açıqlamalar gündəmə gəlir, ölkəmiz əsassız təzyiqlərlə üzləşir, ya da daxildə sabitliyi pozmaq, xaos, anarxiya yaratmaq üçün cəhdlər edilir. Diqqət etdikdə görürük ki, antiAzərbaycan kampaniyası və daxildə gərginlik yaratmaq cəhdləri həm də ümummilli məsələlərdə vahid mövqe ortaya qoymaq lazım gəldikdə, milli birlik, həmrəyliyin nümayiş etdirilməsi vacib olduğunda, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişə nail olma ərəfəsində özünü daha çox büruzə verir. İndi də eyni proseslər cərəyan edir. BMT Baş Assambleyasının sessiyası ərəfəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda görüşəcəyi barədə xəbərlər gündəmə gəldiyi, həmçinin bir neçə gün əvvəl Azərbaycanın iqtidar və müxalifət partiyalarının uzun müddətdən sonra görüşünün keçirildiyi zaman paytaxtda kütləvi aksiyanın keçirilməsi gündəmə gəlib. Belə ki, Milli Şura adlanan qurumun əsas və tək üzvü sayılan Azərbaycan Xalq Cəbhəsi Partiyası bu ayın sonlarında mitinq keçirməyi qərarlaşdırıb.
Kərimli tərəfdarlarının ənənəvi olaraq yığışıb söhbət etdiyi, sonra dağılışdığı "Məhsul" stadionu təmirə dayandığından radikallar bu dəfə paytaxtın digər istiqamətlərində aksiya keçirmək niyyətində olduqlarını bildiriblər. Maraqlıdır ki, aksiya təşəbbüskarlarının mitinq keçirmək üçün təqdim etdiyi hər üç məkan həm insanların daha çox gedib-gəldiyi, sıx hərəkət etdiyi, həm də strateji baxımdan mitinq və ya hansısa kütləvi tədbirin keçirilməsinin qeyri-mümkün olduğu yerlərdir. Yəni, metrostansiyaların yaxınlığı. Əslində bunu radikal siyasi düşərgənin özü belə bilsə də, lakin xaos, anarxiya yaratmaq cəhdi, sabitliyi pozmaq kimi çirkin niyyətləri onları buna vadar edib.
Kərimli və yaxın ətrafının indiki situasiyada mitinq keçirmək cəhdi cəmiyyət tərəfindən birmənalı olaraq pislənilir, tənqid olunur. Hətta radikalların artıq ənənə halını almış bu kimi cəhdləri Ermənistan hakimiyyətinin təxribatları ilə eyniləşdirilir, bərabər ölçülür. Əslində heç də haqsız və qərəzli yanaşma deyil. Çünki Ermənistan hakimiyyəti də bir qayda olaraq Dağlıq Qarabağ probleminin həlli istiqamətində irəliləyiş müşahidə edildiyi ərəfədə danışıqlar prosesini pozmağa cəhd edir, ənənəvi təxribatçı gedişləri ilə onun davam etməsi və hər hansı bir nəticə əldə olunmasına əngəl yaradır. Eyni ilə Azərbaycanın radikal siyasi düşərgəsi də bu cür addım atır. İqtidar və müxalifət partiyalarının mütləq əksəriyyəti ümummilli məsələdə vahid mövqe ortaya qoyub, birlik, həmrəylik nümayiş etdirdiyi bir vaxtda cəbhəçilər ortaya radikal mövqe qoyub yaranmış səmimi münasibətlərə əngəl olmağa çalışırlar.
Qeyd etdiyimiz kimi Kərimli və yaxın ətrafının bu cəhdi cəmiyyət tərəfindən birmənalı olaraq pislənilir və onların ölkədə xaos, anarxiya yaratmaq kimi cəhdləri xaricdəki antiAzərbaycan dairələrin sifarişi kimi xarakterizə edilir. Elə Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı da bu qənaətdədir. O, bildirib ki, Milli Şura adlanan qurum donorları qarşısında mövsümü açıq elan etmək üçün sentyabrın sonuna mitinq təyin edib.
Jalə Tofiqqızı deyib ki, bir neçə gün əvvəl (əslində təmir edilən) "Məhsul stadionu bizə görə sökülür" deyib səs-küy qoparan Əli Kərimli yeni mövsümdə mitinq üçün yeni məkanlar tapıb: "28 may metrosu - Cəfər Cabbarlı heykəlinin qarşısı, Gənclik metrosu -T.Bəhramov adına stadionun qarşısı və Nərimanov metrosu - Nərimanov parkı. Diqqət etdinizmi, seçilən hər üç məkan mütləq hansısa metronun qarşısındadır. Nədən? Çünki insanların çox sıx gediş-gəlişi olan yerlərdir. Hələ ki, 28 may, Gənclik və Nərimanov metroları digər metro stansiyalarla müqayisədə əhalinin daha çox hərəkətdə olduğu, daha sıx ticarət mərkəzlərinin yerləşdiyi məkanlardır".
Jalə Tofiqqızı onu da qeyd edib ki, radikallar, Əli Kərimlinin yaxın ətrafı sosial şəbəkələrdəki çıxışlarında, yazdıqları statuslarda da öz çirkin mövqelərini, radikal münasibətlərini ortaya qoyurlar: "Eyni zamanda belə bir görüntü yaradırlar ki, guya bunlar Azərbaycanın nicatıdırlar. Bunlar real siyasi qüvvədirlər. Bütün günü sosial şəbəkələrdə bir-birilərinə tərif yağdırır, xoş sözlər səsləndirirlər". Rəsulzadə bələdiyyə sədrinin köməkçisi deyib ki, artıq Cəmil Həsənli də bu Kərimlinin aktiv təbliğatçılarından birinə çevrilib: "Deməli, vaxtilə prezidentliyə namizəd olan, Milli Şuranın sədri, tarixçi, alim və ən nəhayət 67 yaşında olan Cəmil Həsənli özünü Əli Kərimlinin vəkili qismində görür, qiymətləndirir. Bir insanın dostunu, yoldaşını müdafiə etməsi normaldı, amma. Amma onu ilahiləşdirməsi, bütləşdirməsi artıq anormallıqdır. Əgər vəkillik etdiyiniz insan belə ciddi və önəmli fiqurdusa, o zaman sizin prezidentliyə namizədliyiniz də, Milli Şuraya sədrliyiniz də, siyasi fəaliyyətiniz də bu oyunda peşkalıqdan o tərəfə deyil. Bu qiymətləndirməni, məndən öncə siz özünüz atdığınız addımlar və etdiyiniz bəyanatlarla təsdiqləyirsiniz. Bu bütləşdirmə, ilahiləşdirmə deyil, bəs nədir?". Jalə Tofiqqızı qeyd edib ki, Cəmil Həsənli bu fikirləri ilə sanki Kərimlini bütləşdirib: "Cəmil Həsənli iddia edir ki, Əvəz Zeynallının Ferman Demirkolla müsahibəsinin iki mühüm məqsədini qeyd etmək olar. Birincisi, mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, xüsusi ilə Xalq Cəbhəsi və Əliyev rejiminin başlıca "düşmən" elan etdiyi Əli Kərimlini hədəfə almaq, Xalq Cəbhəsinə qarşı istifadə edilmiş "Nardaran işi" və cəbhəçiləri şiə radikalizminə bağlamaq, "Gülən hizmət imamı" fonunda Əli Kərimlini sünni devrimçiləri ilə iş birliyində suçlamaq, Gözəl Bayramlı və Əfqan Muxtarlının şəxsində Kərimlini Qərbdən maliyyə dəstəyi almaqla konstitusiya qurluşunu zor gücünə devirməkdə günahlandırmaq. Saleh Rüstəmli olayında Kərimlini guya çirkli pulların yuyulmasının ortağı kimi təqdim etmək, indi isə Ferman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb Xalq Cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək və Əli Kərimliyə qarşı əvvəlcə təbliğat hazırlığı görüb ardınca Zakir Qaralov və Vilayət Eyvazovun birgə "hüquqi" bəyanatı ilə hakimiyyət üçün baş ağrısına çevrilmiş cəbhəçiləri "devrimçi" kimi təhdid etmək". Diqqət edirsinizmi, Cəmil Həsənli bir statusunun kiçik bir abzasında neçə dəfə "Əli Kərimli" deyir. Sanki dünya Əli bəyin ətrafında dönür. Düşünürəm ki, bu həm də bir siyasi xadimin öz siyasi fəaliyyətinə verdiyi qiymətdir. Əli Kərimliyə peşkalıq. Bu "fəaliyyət" ona hansı dividentlər gətirir, bu artıq başqa mövzudur".
Füzuli
Olaylar.az