İqtidarlı-müxalifətli hamının mövqeyi bir olmalıdır - MÜSAHİBƏ

İqtidarlı-müxalifətli hamının mövqeyi bir olmalıdır- MÜSAHİBƏ

Cahangir Hüseynov: "Millət vəkili Siyavuş Novruzov da haqlı olaraq deyir ki, mövqeyinizi bildirin"

"Əgər kimsə nazir işlədiyi zaman dövlətin, xalqın, millətin malını mənimsəyibsə, bu cinayətdir"

Son illər daha çox elmi yaradıcılığa, tarixi mövzularda kitablar, elmi əsərlər yazmağa üstünlük verən sabiq millət vəkili Cahangir Hüseynov müntəzəm olaraq elmi, tarixi araşdırmalar aparmaq, arxiv materialları ilə daha yaxından tanış olmaq üçün xarici ölkələrə, xüsusilə də Türkiyə Cümhuriyyətinə işgüzar səfərlər edir. Bu günlərdə sabiq millət vəkili yenidən qardaş ölkədə işgüzar səfərdə olub. Səfər çərçivəsində Cahangir Hüseynov İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə də görüşüb. Sabiq millət vəkili Türkiyə səfəri, eləcə də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu ilə görüş zərurəti barədə danışıb. Cahangir Hüseynov həmçinin hazırda ölkədə cərəyan edən proseslər, ictimai-siyasi vəziyyət, eyni zamanda son günlərin aktual mövzularından birinə çevrilən iqtidar və müxalifət partiyalarının görüşü barədə də fikirlərini bölüşüb.

-Bildiyiniz kimi mən tez-tez qardaş Türkiyə Respublikasına səfər edirəm. Bu səfərlərim adətən işgüzar xarakter daşıyır və həmin səfərlər zamanı mən bir sıra tarixi hadisələri araşdırmaq üçün arxivlərə baş çəkirəm.  Həmçinin, səhhətimlə əlaqədar bəzən müayinə üçün qardaş ölkəyə gedirəm. Bir müddət əvvəl İstanbulda olarkən Əkrəm İmamoğlu ilə görüşmək istədim və bu barədə niyyətimi zəng edərək onun köməkçisinə bildirdim. Düşünürdüm ki, işlərinin çox olması baxımından mənə zaman ayıra bilməz. Çünki artıq o, İstanbul kimi böyük bir şəhərin bələdiyyə sədri idi və bu işin öhdəsindən gəlmək, onu icra etmək heç də asan məsələ deyildi. Amma avqustun 22-də Əkrəm İmamoğlu məni bələdiyyə binasında qarşıladı. Ona hədiyyə etmək üçün xüsusi bir xalı toxutdurmuşdum. Görüş zamanı Əkrəm İmamoğlu ilə müxtəlif məsələlərlə bağlı söhbətimiz oldu, Türkiyə-Azərbaycan dostluq və qardaşlığı, onun gələcək perspektivlərindən danışdıq. Görüşün sonunda üzərində hər ikimizin şəkili və "Bir millət, iki dövlət" yazısı olan xalını ona hədiyyə etdim. İmamoğlu həmin görüşdə gözəl bir ifadə işlətdi və dedi ki,  "Bir millət iki dövlət, yaşayacaq qənirəyətək" . İlk dəfə idi ki, "Bir millət, iki dövlət"deyimini yeni formada eşidirdim. Görüş zamanı İmamoğluna bir daha dedim ki, mən azərbaycanlı, türk olmağımla fəxr edirəm.

-Səhv etmiriksə bundan əvvəl də Əkrəm İmamoğlu ilə görüşləriniz olub və sizin elmi yaradıcılığınıza onun böyük marağı var.

-Əlbəttə, elədir. Məlumat üçün qeyd edim ki, Azərbaycanda ilk dəfə "Azərbaycan Nadir şah Əfşar dövləti" adlı elmi kitabı hazırlamışam. Buna qədər Nadir şah barəsində kiçik bir monoqrafiyadan başqa heç bir elmi əsər belə yox idi. Həmin kitabı hazırlamaq üçün 1 il İstanbulda araşdırma apardım, o cümlədən Gürcüstan arxivində, Tehran, Təbriz, Məşhəd, Vatikan kimi yerlərdə tədqiqatlarım davam etdi. 2014-cü ildə həmin əsərin böyük təqdimatını keçirdim. Sonradan həmin kitabı Türkiyədə türkcə çap etdirdim. Onu çap edən zaman hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin rəhbəri, o zaman isə Bəylikdüzü bələdiyyə sədri olan Əkrəm İmamoğlu ilə görüşdüm. Onu da qeyd edim ki, Əkrəm İmamoğlu ilə əvvəlcədən şəxsi münasibətlərimiz var idi. Əkrəm İmamoğlu mənim müəllifim oduğu  həmin kitabı çox məmnuniyyətlə götürüb oxudu və hətta ona "Ön söz" yazdı. Beləliklə, təxminən 10 min nüsxədə çap olunan kitab Türkiyənin böyük bir hissəsinə yayıldı. İlk dəfə 2015-ci ildə Bəylikdüzü bələdiyyəsində, daha sonra Aydınlar Ocağında, nəhayət Bakıda kitabın təqdimatlarını keçirdik. Onu da qeyd edim ki, Əkrəm İmamoğlu ilə İstanbulda keçirdiyim son görüş zamanı da mənim müəllifim olduğum kitabların türkcəyə çevrilib  İstanbulda, daha sonra digər bələdiyyələrdə təqdimat mərasimlərinin keçirilməsi ətrafında da söhbət etdik.

-Ümumiyyətlə, Əkrəm İmamoğlu ilə tanışlığınız nə vaxta təsadüf edir?

- Mən Əkrəm İmamoğlu ilə hələ 2010-cu ildə şirkət rəhbəri olduğu dövrdə tanış olmuşam. Bundan sonra onun ailəsi, bacısı, qohumları ilə yaxın əlaqələrimiz, münasibətlərimiz yarandı. Mən İmamoğlu ilə ilk dəfə görüşəndə onun intellektinə və siyasi bacarığına valeh oldum. Ona təklif etdim ki, siyasətə qatılsın. Düzdür, o təkid etmədi, lakin marağında olduğunu hiss etdim. Bu tanışlığımızın üzərindən bir neçə il keçdi və  2014-cü ildə artıq Azərbaycanda olanda eşitdim ki, Əkrəm İmamoğlu Bəylikdüzü bələdiyyəsinin sədri seçilib. Bu il isə o, İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri seçildi.

-Hətta Əkrəm İmamoğlunu bələdiyyə sədri seçilməsi münasibətilə ilk təbrik edənlərdən biri siz olmusunuz.

-Bəli, düz deyirsiniz. Hələ Əkrəm İmamoğlunun İstanbul bələdiyyə sədrliyinə namizədliyinin irəli sürüləcəyi təqdirdə onun qələbə qazanacağına heç kim inanmasa da,  mən onun bələdiyyə sədri seçiləcəyinə inanırdım. Ona görə də birinci tur seçkisindən sonra onu təbrik də etdim. Buna görə, məni qınayan dostlarım da oldu. Sonradan seçki nəticələri ləğv edildi. Amma Əkrəm İmamoğlu ikinci dəfə böyük üstünlüklə qalib gəldi.

-Cahangir müəllim, İstanbulda olarkən ümumi təəssüratlarınız nə oldu? Xalq yeni bələdiyyə sədrinin fəaliyyətindən razıdırmı?

- Bu yaxınlarda eşitdim ki, İstanbul Böyükşəhər bələdiyyəsində yoxlamalar keçirilib və məlum olub ki, zamanında  500 milyon lirəyə qədər pulu mənasız işlərə sərf ediblər. Bu baxımdan mən Türkiyə, İstanbul üçün sevinirəm ki, onların gələcyini düşünən bir rəhbəri var. İstanbul dünyanın mərkəzidir, o nə qədər inkişaf edərsə, türk, İslam aləmi də qabağa gedər.

-Elmi yaradıcılığınız davam edirmi və oxucularınız üçün hansı yeni əsərlər üzərində işləyirsiniz?

-Məlumat üçün bildirim ki, mənim ilk kitabım 2012-ci ildə çap olunub. Həmin kitabda xidməti siyasi fəaliyyətimlə bağlı bütün məqamlar, xidmətlərim əksini tapıb. Həmin kitabdan sonra da yaradıcılıq fəaliyyətim davam etdi və yeni-yeni kitablar yazdım. Ötən illər ərzində həm Azəbaycanda, həm də Türkiyədə kitablarım çap olunub və onların təqdimat mərasimləri keçirilib. Ən son işıq üzü görən kitabım "Fikir, düşüncələrim və fərziyələrim" adlı kitabdır. 2016-cı il aprel döyüşləri isə mənə çox pis təsir etdi və mən iki ayın ərzində "Fikir və düşüncələrim" adlı 400 səhifəlik monoqrafiya yazdım. Bu il isə "Fikir, düşüncələrim və fərziyyələrim" adı ilə kitabın ikinci hissəsini də çap etdik. Həmin kitabların Azərbaycan Yazıçılar Birliyində təqdimatı keçirildi. Ömür qismət edərsə yeni-yeni əsərlər də işləyib oxucularımıza təqdim edərik. Hazırda da yaradıcılıqla məşğulam, kitablarımı yazıram, yeni fikirlərimi formalaşdırıram. Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. Yaxın vaxtlar üçün nəzərdə tutduğum işlər ondan ibarətdir ki, kitablarımı Türkiyə türkcəsinə çevirib qardaş ölkədə çap etdirim. Çalışırıq ki, Azərbaycan tarixini, istər müasir, istər orta əsrlər, istərsə də qədim tariximizi bir daha tanıdaq, insanlara çatdıraq. Bu gün mənim ən böyük həvəsim, xobbim budur.

-Elmi yaradıcılığınızda Cahangir Hüseyn Əfşar imzası diqqət çəkir.

- Bizim nəslimiz çox böyük nəsildir. Bu gün demək olar, respublikada elə sahə yoxdur ki, orada nəslimizin nümayəndəsi olmasın. Hətta sovetlər dönəmində bizim kiçik kəndimizdən - Gədəbəyin Nərimankəndindən 5 polkovnik, 40-a qədər elmlər namizədi, 1 akademik, 4 elmlər doktoru, şahmat üzrə dünya çempionu, generallar və s. var idi. Atam uzun illər hüquq sahəsində çalışıb və universitetdə Heydər Əliyevlə birlikdə oxuyub. 1998-ci ildə Heydər Əliyevin 75 yaşı olanda, atam bütün qrup yoldaşlarını dəvət edərək, Prezident Aparatında Heydər Əliyevlə görüş təşkil etmişdi. Atam məni tarixə yaxın insan olaraq tərbiyə etmişdi. Ona görə də qarşıma məqsəd qoydum ki, nəslimizin tarixçəsini araşdıracağam. Tamamilə onu açıb, sübuta yetirdikdən sonra ilk kitabım çıxanda Əfşar imzasını götürdüm. Mən bu gün də Əfşarlar sülaləsinin nümayəndəsi olduğuma görə fəxr edirəm.

-Bir qədər də siyasi proseslərdən danışaq. Bu günlər hər kəsin müzakirə etdiyi mövzu son günlər iqtidar partiyaları ilə müxalifət partiyalarının bir araya gəlməsidir. Siz bu barədə nə düşünürsünüz və bu kimi görüşlər iki cəbhə arasında mövcud olan gərginliyi azaldacaqmı?

- Mətbuat vasitəsilə baş verən hadisələri izləyirəm. Bu gün Azərbaycanda 10 milyon əhali yaşayır. Bunun təxminən 10 faizi müəyyən bir partiyanın mənsubu ola bilər. Hətta bu rəqəmin özündə də şişirdilmiş, həqiqəti əks etdirməyən tərəflər var. 90 faiz müstəqil insanlardır. Amma internetdə, mətbuatda, sosial şəbəkələrdə bir dənə də olsun müstəqil insandan, alimdən, ziyalıdan, yazıçıdan, sənətçidən müsahibə götürülmür. Televiziyalarda, mətbuatda müstəqil adam yoxdur. Mən "bitərəf" sözünü sovetdən qalma kimi dəyərləndirirəm və onun müstəqil ifadəsi ilə əvəz olunmasının tərəfdarıyam. Mən təklif edirəm ki, ay ziyalılar, yığışın, iqtidarla müxalifəti barışdıraq! Azərbaycan xalqının ümumi bir dərdi var. Torpaqlarımızın 20 faizi işğal altındadır. Erməni qalıb bir tərəfdə, öz daxilimizdə yola gedə bilmirik. Bir neçə ay bundan öncə mən kanal24-ə müsahibə verib iqtidar və müxalifət nümayəndələrinə müraciət etdim ki, onlar bir araya gəlib Azərbaycanın ümumi bir dərdi olan Qarabağ probleminin həllində birgə iştirak etsinlər. 11 sentyabrda Ana Vətən Partiyasının təşəbbüsü ilə belə bir görüş keçirildi. Mən bir siyasətçi kimi bunu alqışlayıram. Arzu edirəm ki, gələcəkdə Qarabağ probleminin həll edilməsində bütün Azərbaycan xalqı vahid bir mərkəzdə birləşsin.

-Bəs, cəmiyyətin, xalqın siyasi proseslərdən uzaq düşməsi fikrini qəbul edirsinizmi? İddia edilir ki, xalq ölkədəki siyasi proseslərdən uzaq düşüb.

-Əksinə, mən belə deməzdim. Bu gün demək olar ki, Azərbaycanda hamı siyasətlə maraqlanır. Kəndə gedirsən, hətta bəlkə orta təhsili belə olmayan insanların siyasətdən danışdığının şahidi olursan. Şəhərdə, rayonlarda da eyni ilə. Hətta deputatların bəziləri belə qorxur ki, jurnalist onunla müsahibə götürəndə siyasi sual verər, cavablandıra bilməz, yaxud da cavabı fərqli anlaşılar. Hərdən deputatlar deyirlər ki, mən fikrimi başqa cür ifadə etmişdim, jurnalist təhrif edib. Mən onları anlaya bilmirəm. Əgər jurnalist sənin demədiyin nəyi isə özündən uydurub yazıbsa, bunu təkzib etmək haqqın var. Bununla da kifayətlənməyərək, məhkəməyə müraciət edə bilərsən. Əslində müsahibə verən şəxs savadsızdır, suala cavab verə bilmir, danışanda da nəticəsini hesablamadığı ifadələr söyləyir. Sonra da düşür jurnalistin üstünə. KİV haqqında qanunda deyilir ki, hər bir məmur jurnalistin sualına cavab verməlidir. Hətta cavab verməsə belə, jurnalistin haqqı var ki, onu məhkəməyə versin. İndi yeni terminlər çıxıb - mətbuat katibinin mətbuat katibi, yaxud mətbuat katibinin köməkçisi. Əgər sən məmursana, jurnalist sənə çatmaq üçün 3-4 pillə əziyyət çəkməməlidir.

-Son vaxtlar bəzi sabiq məmurlarla bağlı da fikirlər səsləndirilir, onlardan bəzilərinin dövlətçilik əleyhinə fəaliyyət göstərən radikal siyasi düşərgəyə maddi dəstək verdiyi bildirilir. Bu kimi fikirlərə sizin münasibətiniz, yanaşmanız necədir?

-Hesab edirəm ki, bu gün hər kəsin məqsədi bir olmalıdır. O da ölkəmizin daha da inkişaf etməsi, işğal olunmuş ərazilərimizin azad edilməsidir. Əgər əvvəlki dövrlərdə başqa mövqedə dayanan şəxslər bu gün öz siyasi mənsubiyyətini dəyişibsə, bunu normal qəbul edirəm. O da hakimiyyətə, dövlətə kömək etmək istəyir. Qarabağ probleminin həll edilməsi, ərazilərimizin işğaldan azad olunmasından yanadır. Mən bunu alqışlayıram. Yox əgər kimsə üzdə özünü dövlətə, hakimiyyətə yaxın göstərib, ancaq əməldə başqa cəbhələrə xidmət edirsə, bunu düzgün qəbul etmirəm. Bu baxımdan millət vəkili Siyavuş Novruzov da haqlı olaraq deyir ki, mövqeyinizi bildirin. Əgər kimsə nazir işlədiyi zaman dövlətin, xalqın, millətin malını mənimsəyibsə, bu cinayətdir. Belə hallar yoxlanılmalı, sübut edilərsə həmin şəxsin oğurladığı pullar geri qaytarılmalıdır.  Cinayəti olduğu halda da məsuliyyətə cəlb edilməlidir. Mən bir hüquqşünas kimi məsələni belə qiymətləndirirəm. Əgər həmin şəxs zamanında dövlətdən oğurladığı pullarla xarici orqanlara, dövlətçilik əleyhinə çıxan təşkilatlara yardım edirsə, artıq bu onun cinayətini daha da ağırlaşdırır. Hesab edirəm ki, bu kimi hallar təkrar edilməməlidir. Bu gün iqtidarlı-müxalifətli hamının mövqeyi bir olmalıdır. Həmin mövqe də Qarabağın işğaldan azad edilməsindən ibarətdir.

Süleyman

 Olaylar.az

Ardı var...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31