Hər bir siyasi partiya dövlətçiliyimizin qorunub saxlanması üçün öz töhfəsini verməyə çalışmalıdır - RƏYLƏR
Hər bir siyasi partiya dövlətçiliyimizin qorunub saxlanması üçün öz töhfəsini verməyə çalışmalıdır- RƏYLƏR
13 Sentyabr 2019 13:21 SiyasətSon günlər gündəmin əsas müzakirə mövzularından biri uzun bir aradan sonra iqtidar və müxalifət partiyalarının bir araya gəlib Azərbaycan üçün vacib olan bir məsələ ətrafında fikir mübadiləsi aparmasıdır. Ana Vətən Partiyasının təşkilatçılığı ilə keçirilən həmin görüş və onun nəticələri barədə müxtəlif fikirlər səsləndirilsə də, ancaq ümumilikdə bu kimi təmasların olması və onun davam etdirilməsi daha məqbul sayılır. Hər halda əksər siyasilərin. ekspertlərin də mövqeyi bundan ibarətdir.
Millət vəkili Sahib Alıyev hesab edir ki, sözügedən görüş xüsusilə Azərbaycandan kənarda ölkəmizə qarşı mübarizə aparan qüvvələr tərəfindən diqqət çəkib və onları ciddi şəkildə narahat edib: "Azərbaycandakı əksər siyasi partiyaların lider və funksionerlərinin bir araya gəlməsi, Dağlıq Qarabağ problemi başda olmaqla milli məsələlərin həllinə yanaşmada vahid mövqe ortaya qoymaları bizim xaricdəki "dostlarımız"ın da diqqətindən qaçmayıb. Məsələn, Ermənistan Parlamentinin Tatevik Hayrapetyan deyilən bir üzvü həmin tədbirdən şəkil yayaraq bunun "Azərbaycanda daxili məsələlər haqda çox şey" dediyini vurğulayıb. Bilmirəm Hayrapetyan "çox şey" deyəndə nə nəzərdə tutur. Amma onun ölkəsindəkiylə Azərbaycandakı reallıq arasındakı fərq ortadadır. Ermənistanda baş nazir Nikol Paşinyan "Sasna tserer" terror qrupunun rəhbərliyindəkilərlə bağlı qapılar arxasında görüşür, o gürüşün nə məqsədə xidmət etdiyi, orada nədən danışıldığı gizli saxlanılır. Azərbaycanda isə Yeni Azərbaycan Partiyası başda olmaqla əksər partiyalar bir araya gələrək açıq dialoq aparırlar. Və bununla da Prezidentin köməkçisi Əli Həsənovla baş nazirin müavini Əli Əhmədovun bir neçə gün öncə dövlətin, dövlət başçısının yeritdiyi siyasətlə bağlı verdikləri açıqlamaların doğruluğu, elə həm də aktuallığı bir daha öz təsdiqini tapmış olur" .
Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə qeyd edib ki, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalının təşəbbüsü ilə keçirilən və bir sıra siyasi partiya nümayəndələrinin qatıldığı "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda "dəyirmi masa"nın bu qədər ajiotaj doğuracağı həm gözlənilən idi, həm də yox. Onun sözlərinə görə, adından da göründüyü kimi bu bir ümumi toplantı, dəyirmi masa formatında fikir mübadiləsi görüşü idi: "Odur ki, kimlərsə bu toplantını "iqtidar-müxalifət dialoqu" kimi qələmə verməyə çalışmaqla əslində toplantının mahiyyətini, qayəsini dəyişməyə çalışırlar. Maraqlıdır ki, bəzi KİV-lər də sözügedən görüşü "iqtidar-müxalifət dialoqu" kimi təqdim etdi. Lakin bu toplantının kimin necə təqdim və xarakterizə etməsindən asılı olmayaraq hakim partiya və iqtiaryönümlü partiyalarla müxalifət partiyaları arasında bu cür görüşlərin, toplantıların keçirilməsi öz-özlüyündə müsbət haldır və alqışlanmalıdır. O ki qaldı "dəyirmi masa"ya kimlərin dəvət edilib-edilməməsi məsələsinə, bunu da az qala dünyanın sonu kimi, Apokalipsis kimi qiymətləndirməyə ehtiyac yoxdur. Axı o tədbirə dəvət edilməyənlər bir tək AXCP liderindən ibarət deyildi. Sözügedən tədbirdə Ümid partiyasının, KXCP-nin və bir sıra başqa partiyaların da liderləri gözə dəymirdilər. İndi onlardamı tədbirin təşkilatçısının - Fəzail Ağamalının yaxasından yapışıb, "şaxsey-vaxsey" məclisi qurmalı və Fəzail bəyi linç etməlidirlər? Nəzərə alaq ki, dünənki "dəyirmi masa" bu formatda keçirilən nə ilk, nədə son tədbir deyil. Gələcəkdə yenə də bu cür toplantıların keçiriləcəyi gözlənilir. Odur ki, hər kəsin bu cür toplantılarda iştirak etməyə fürsəti olacaq. Yetər ki, hər bir siyasi partiya bu "dəyirmi masa"lar, "iqtidar-müxalifət dialoqları" olmadan da cəmiyyətimiz üçün faydalı işlər görsün, dövlətçiliyimizin qorunub saxlanması üçün öz töhfəsini verməyə çalışsın. Necə deyərlər, məsələ "dəyirmi masa"ya dəvət edilib-edilməməkdə deyil".
Politoloq Məhəmməd Əsədullazadə deyib ki, belə bir dəyərmi masaların təşkilinə daima ehtiyac var: "Belə bir görüşlərdə, dilaloqlarda fərq qoyulmamalı, qeydiyyatlı və qeydiyyatsız partiya məsləsində ayrıseçkilik edilməməlidir. Keçirilən bu dəyərmi masa sadəcə, xaricdən olan söyüş mühacirlərinə qarşı təşkil edilmişdi. Xaricdə formalaşamış söyüş müxalifətinin fəaliyyəti dövlətşiliyimizə və cəmiyyətimizə böyük zərbədir. Belə bir formatlarla bir olmalı, onlıara qarşı cəmiyyət yetkilliyini qoruyub saxlamalıdır. Hətta söyüş müxalifətinin işində separatizmi və dözümsüzlüyü təbliğ edənlər də artıq var" Politoloq deyib ki, regionumuzada dəyişikliklər sürətlə gedir: "Azərbaycan regionun açar dövlətidir. Ermənistanın xüsusi xidmət orqanları xaricdə şəbəkələri ölkəmizdə və xaricdə olan bəzi fəal gənclərimizi müəyyən təşkilatlar vasitəsi ilə öz orbitinə çəkə bilir. Buununla da demokratiya və siyasi azadlıqlar adı altında dövlətçilyimizə qarşı gəlirlər, torpaqlarımızın ilhaqı ilə barışırlar. Çox təhlükəli bir dönəmə qədəm qoyuruq. Ona görə də iqtidar müxalifətlə milli məsələlərdə bir olmalı, imitasiya etməməli və islahatlarla ölkənin inkişafına töhfə verməlidir ki, xarici təhülkələrin qarşısı alınsın".
Füzuli
Olaylar.az