Vaşinqton, İran və Türkiyə siyasətini dəyişir - MÜNASİBƏT

Vaşinqton, İran və Türkiyə siyasətini dəyişir- MÜNASİBƏT

Yaxud Con Bolton nəyin qurbanı oldu?

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Ağ Evə rəhbərlik etdiyi vaxtdan özünün sərt, radikal qərarları ilə diqqət çəkməkdədir. Prezidentliyi dövründə bir neçə köklü dəyişikliklər edən Trampın ən yadda qalan gedişlərindən biri Şimal Koreya ilə əlaqələri bərpa etmək oldu. Tramp bununla kifayətlənməyərək İran İslam Respublikası ilə Barak Obama zamanında əldə edilmiş razılaşmanı da birtərəfli qaydada dayandırdı.

Ağ Ev rəhbərinin müdafiə nazirini iatefaya göndərməsi, dövlət katibini dəyişməsi də Trampın gözlənilməz gedişlərindən sayılırdı. Bu günlərdə isə Donald Tramp səs-küyə səbəb olan daha bir dəyişiklik etdi. Belə ki, Ağ Ev rəhbəri milli təhlükəsizlik məsələləri üzrə müşaviri Col Boltonla yollarını ayırdı. Hansı ki, Con Bolton məhz Trampın xeyir-duası, məsləhəti ilə Birləşmiş Ştatların Türkiyə və Rusiya ilə əlaqələrinin normalaşdırılması istiqamətində həm Moskva, həm də Ankarada bir sıra vacib görüşlər keçirdi. Təsadüfi deyil ki, məhz Boltonun Türkiyəyə səfərindən sonra Vaşinqtonla Ankara arasında dialoqun bərpası istiqamətində addımlar atıldı, iki ölkənin liderləri arasında müntəzəm olaraq telefon danışıqları baş tutdu. Hətta Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti sessiyası çərçivəsində Ağ Ev rəhbəri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçiriləcəyi də bildirilirdi. İndi Trampın Boltonu istefaya göndərməsi bir sıra sualların meydana çıxmasına səbəb olub. İlk sual ondan ibarətdir ki, Ağ Ev rəhbəri Botonu istefaya göndərməklə nəyi qarşısına hədəf qoyub.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitututnun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Birləşmiş Ştatlar prezidenti bu addımı ilə öz "Qırğı" komandasından azad olmağa çalışır. Onun sözlərinə görə, əvvəlcə Suriyada müharibənin qatı tərəfdarı olan müdafiə naziri "Quduz köpək" ləqəbli Mattisi vəzifədən azad etdi: "Baxmayaraq ki, Mattis özü istefa verdiyini bəyan etmişdi. İndi isə, əsas xarici siyasət strategiyasını həyata keçirən Con Bolton istefaya göndərildi. Bu, o məqamda baş verdi ki, İranla Birləşmiş Ştatlar arasında Fransanın vasitəçiliyi ilə danışıqların aparılması müzakirə olunur. Göründüyü kimi Donald Tramp gələn il seçkilərinə müharibə vəziyyətində getmək istəmir. Con Bolton qatı anti-İran tərəfdarı idi. İranın bombalanmasını və qəti şəkildə danışıqları rədd edirdi. Təbii ki, Donald Tramp bununla razılaşa bilməzdi və öz siyasi reytinqini qorumaq onun üçün daha vacib olanı ataraq Yaxın Şərq siyasətində diplomatik danışıqlara üstünlük verdi". Politoloq qeyd edib ki, Con Bolton həm də anti-Türkiyə siyasətini həyata keçirirdi: "Tramp artıq Türkiyə və İran siyasətində danışıqlara üstünlük verəcək. Vaşinqton heç də İrana qarşı sanksiyaları götürməyəcək. Amma, müharibə ehtimalı, elə ehtimal olaraq qalacaq. Prezident Tramp dövlət katibi Pompeonu da vəzifədən azad edə bilərdi. Amma, Pompeo Trampın dedikləri ilə razılaşdığı üçün vəzifəsini qoruyub saxlayacaq. Con Bolton Trampın İran siyasətinin dəyişməsi nəticəsində vəzifədən azad edildi".

Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov isə deyir ki, Ağ Evin rəhbəri Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu istefaya göndərəcəyi barədə proqnozlar, gözləntilər özünü doğrultdu: "Con Bolton istefa verib. Donald Trampın özü bu barədə Tvitter hesabında yazıb. Boltonun istefası ekspertlərin Trampın İrana və digər ölkələrə qarşı yumşaq güc taktikasından istifadə etmək qərarına gəldiyi və bundan sonra müharibə "qırğı"ları ilə işləmək istəməməsi barədə ehtimallarını da doğrultmuş olur. Con Bolton İranın "qara siyahı"sındakı ən önəmli şəxslərdən biri sayılırdı. Yeri gəlmişkən, çox güman ki, ermənilər də Boltonun istefa xəbərinə sevinəcəklər. Çünki Bolton rəsmi İrəvanı Qarabağ məsələsində kompromisslərə getməyə və Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkilməyə çağırmışdı. Paşinyan və onun güc nazirləri isə heç şübhəsiz ki, Boltonun bu çağırışından razı qalmamışdı. İndi Boltonu kimin əvəz edəcəyi isə hələlik məlum deyil. Tramp həmin şəxsin kimliyini qarşıdakı həftə ərzində açıqlayacaq. Yeni müşavir böyük ehtimalla Boltondan fərqli olaraq Qarabağ məsələsində yumşaq diplomatik mövqe tutacaq. Bu isə rəsmi Bakını qane etməyə bilər. Deməli, Rusiya Qarabağ münaqişəsinin dinc yolla nizama salınması prosesində yenə də əsas söz sahibi olaraq qalacaq".

Məhəmməd

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31