Azərbaycanda bütün aztəminatlı ailələrin dövlət tərəfindən güzəşt alması mexanizmi və formaları mövcuddur
11 Sentyabr 2019 16:07 SiyasətƏli Əhmədov: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri bu günə qədər diqqətdən kənarda saxlamayıb"
Uzun müddətdən sonra nəhayət ki, iqtidar və müxalifət partiyaları bir masa arxasında oturdu. Belə ki, Ana Vətən Partiyasının təşkilatçılığı ilə hər iki düşərgəni təmsil edən partiyalar "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masada bir araya gəldi. Dəyirmi masada edilən çıxışlar zamanı bu kimi görüşlərin davamlı xarakter alması, dövlətin, dövlətçiliyin naminə bütün siyasi qübbələrin həmrəylik nümayiş etdirməsi təşəbbüsü irəli sürüldü. Bəs görəsən bu kimi görüşlər davamlı olaraq keçirilə bilərmi və bu hansı müsbət tendensiyaya gətirib çıxarar?
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov sözügedən görüş və onun gələcək perspektivləri barədə danışarkən jurnalistlərə bildirib ki, həmin görüşdə bəzi siyasilər mövzunu başqa istiqamətə yönəltməyə çalışsalar da, lakin ümumilikdə gündəlikdə olan məsələni müzakirə etmək mümkün oldu: "Mahiyyət ondan ibarətdir ki, bu gün həqiqətən də bəzi qüvvələr, şəxslər, bəzi partiyalar Azərbaycan dövlətçiliyinin fundamental prinsiplərinə qarşı ciddi şəkildə mübarizə aparırlar. Biz də bundan nigarançılığımızı ifadə edirik. Onların Azərbaycana qarşı apardıqları mübarizədə bizi narahat edən cəhət ondan ibarətdir ki, həmin qüvvələr bizi istəməyən bəzi xarici dairələrin istək və maraqlarından çıxış edirlər. Xaricdəki Azərbaycan əleyhinə fəaliyyət göstərən bir sıra təbliğat kampaniyaları var ki, bizim düşüncəmizə görə xarici maliyyə hesabına fəaliyyət göstərirlər. Beləliklə, Azərbaycanın siyasi proseslərinə xarici təsirlərin gətirilməsi təhlükəsinin elementləri yaranır. Bu mənada siyasi partiyalar, ictimai hərəkatların belə cəhdlərə qarşı fəaliyyət göstərməsi və münasibət bildirməsi düşünürəm ki, müsbət haldır. Əgər biz siyasi partiyalar və ictimai hərəkatların ardıcıl şəkildə bu cür mövqeyini müşahidə etsək , güman edirəm ki. Azərbaycan cəmiyyəti aydın şəkildə Azərbaycanın dövlətçilik prinsiplərinə qarşı fəaliyyət göstərən qüvvələrin nə qədər təhlükəli, eyni zamanda milli maraqlarımıza zidd olduğunu dərk edərlər". Əli Əhmədov onu da qeyd edib ki, indiki zamanda mövcud texnologiyaların yaratdığı imkanlar həm də bir sıra xoşagəlməz meyillərin ortaya çıxmasına imkan yaradır, səbəb olur: "İnsanların mənəvi terrora məruz qalması, alçaldılması təbii ki, onları narahat etməyə bilməz. Bu bir slra hallarda fəal siyasi proseslər iştirak edən adamların hədəfə alınması və onların qorxudulması məqsədilə edilir. Digər hallarda cəmiyyətdə xoşagəlməz meyillərin yaradılması məqsədi daşıyır. Nəticə etibarilə, Azərbaycanın siyasi prosslərinə bu kimi xoşagəlməz hallar gətirilir. Biz bunlara qarşı olduğumuzu bioldiririk. Çox sevinirəm ki, siyasi partiyaların, ictimai hərəkatların nümayəndələri bu məsələdə həmrəy olduqlarını ifadə etdilər. Güman edirəm ki, belə mövqeləri bundan sonra da sərgiləyəcəyik".
Baş nazirin müavini son günlər gündəmin əsas müzakirə predmetinə çevrilən uşaq pullarının verilməsi məsələsinə də toxunub və bildirib ki, bu məsələ diqqətlə araşdırılır: "Təbii ki, bununla bağlı müvafiq qərar qəbul ediləcək. Azərbaycan dövləti və Azərbaycan hökuməti aztəminatlı ailələrlə əlaqədar olaraq böyük bir layihə həyata keçirir. Aztəminatlı ailələrin əksəriyyəti də çox uşağı olan ailələrdir. Azərbaycanda Ünvanlı Sosial Yardım həyata keçirilir və çoxlu sayda ölkə vətəndaşı bu yardımlardan yararlanır. Ünvanlı Sosial Yardımdan faydalanan ailələrin əksəriyyəti də çoxuşaqlı ailələrdir. Ona görə də uşaq pulu verilmir məniqini bu mənada qəbul etmək istəmirəm. Ona görə ki, Ünvanlı Sosial Yardım mahiyyət etibarilə həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub. Çünki çoxuşaqlı ailələr həm də aztəminatlı ailələrdir. Beləlilklə də birmənalı şəkildə Azərbaycanda uşaq pulu verilmir fikrinin ortaya qoyulması düzgün olmazdı. Azərbaycan hökuməti çoxuşaqlı ailələri bu günə qədər diqqətdən kənarda saxlamayıb. Bu gün də həmin siyasət həyata keçirilir. Əgər bunu uşaq pulu formasında ifadə etmək istəyirsinizsə, güman edirəm ki, bu məsələ araşdırıla və müvafiq qərar qəbul oluna bilər. Bir daha demək istəyirəm Azərbaycanda bütün aztəıminatlı ailələrin dövlət tərəfindən güzəşt alması mexanizmi və formaları mövcuddur".
S.İsmayılbəyli
Olaylar.az