Qarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz məktubu
Qarabağın azərbaycanlı icmasından Avstraliya hökumətinə etiraz məktubu
15 Avqust 2019 15:16 Siyasət"Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin "üzvləri"nin səfəri və səfər çərçivəsində keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib. "Olaylar"ın məlumatına görə, məktubda bildirilir ki, qondarma rejimin "üzvləri"nin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir. "Avstraliya hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin "üzvləri"nə bəzi Avstraliya rəsmiləri tərəfindən "xoş münasibət" göstərilməsini biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik"-deyə məktubda qeyd edilir.