Siyasi sabitlik Azərbaycanın uğurlarını möhkəmləndirir -ŞƏRH
Siyasi sabitlik Azərbaycanın uğurlarını möhkəmləndirir
14 Avqust 2019 13:53 SiyasətÖlkəmiz dünya birliyinin siyasi-iqtisadi, humanitar proseslərinin iştirakçısına çevrilib
Prezident İlham Əliyevin uğurlu siyasətinin mərkəzində sosial sahə, əhalinin rifah halının yaxşılaşdırlması dayanır. Dövlət başçısı hələ ümumxalq dəstəyi ilə növbəti müddətə prezident seçiləndən sonra sosial sahədə aparılacaq islahatlar barədə bəyan etmişdi. Həmin siyasətin ana xəttini ötən il imzalanmış Sərəncam və Fərmanlar, Prezidentin qanunvericilik təşəbbüsləri təsdiq edir. Ötən il imzalanan sənədlər ümumilikdə sosial sahədə islahatların çoxşaxəli aparılmasını şərtləndirdi. Əmək, məşğulluq, sosial müdafiə sahələrində instutisional quruculuq prosesləri geniş vüsət aldı. Xatırladaq ki, sosial təminat, sosial müdafiənin gücləndirilməsi üçün çoxsaylı müxtəlif Sərəncam və Fərmanlar verilib. Bu ilin əvvəlindən sosial sahədə inqilabi addımların atılmasına imkan verən sosial paketin ilk mərhələsi kimi, martın 1-dən etibarən minimum əməkhaqqı ölkəmizdə 130 manatdan 180 manata qaldırıldı və bu, 600 mindən çox vətəndaşı əhatə etdi. Sosial paketin ikinci mərhələsində isə iyunun 18-də imzalanan sərəncamla minimum əməkhaqqı 180 manatdan 250 manata çatdırıldı. Minimum əməkhaqqının artırılaraq 250 manata çatdırılması dövlət və özəl sektorda çalışanlardan 950 minədək insanın əməkhaqqının artmasına imkan verib. Onların sırasında əməkhaqqı 250 manata qədər olanlarla yanaşı, əməkhaqqı həmin səviyyədən yuxarı olanlar da var. Minimum əməkhaqqı artan zaman 19 pillədən ibarət Vahid Tarif Cədvəlinə uyğun şəkildə artırılır. Əməkhaqqının ən aşağı pilləsi, yəni minimum əməkhaqqı artdıqca bu, digər yuxarı pillələr üzrə olan əməkhaqlarında da artımı şərtləndirmiş olur. Eyni zamanda, minimum əməkhaqqı məbləği 250 manata çatdırılmaqla yaşayış minimumunu artıq 40 faiz üstələmiş oldu. Bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin daha bir əyani təzahürü, dövlətin sosial inkişafının göstəricilərindən biridir. Ümumilikdə isə bu il ərzində ölkəmizdə minimum əməkhaqqının 92 faiz artırılmasına nail olunub. Hazırda da bu proses davam etməkdədir. Belə ki, prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. 2019-cu il sentyabrın 1-dən qüvvəyə minəcək Sərəncamla minimum aylıq əməkhaqqının məbləği 250 manat müəyyən edilib. Təkcə bu fakt deməyə əsas verir ki, ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam edir. Pensiya və müavinətlər, əhalinin ən müxtəlif təbəqələrinin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının imzaladığı çoxsaylı Fərman və Sərəncamlar, xüsusilə bu ilin əvvəlindən həyata keçirilən sosial islahatlar dövlətin bu istiqamətdə davamlı siyasətinin nəticəsi hesab olunur. Azərbaycan dövləti vətəndaşların rifahının yüksəldilməsini, onların daha yaxşı yaşamasını təmin etməyi başlıca vəzifə hesab edir. Həyata keçirilən islahatlar, icra olunan çoxsaylı proqramlar - reallaşan sosialyönümlü layihələrdə də məqsəd budur. Bu siyasətin əsas özəlliklərindən biri də onun ardıcıl, davamlı xarakter daşıması və əhalinin ən müxtəlif təbəqələrini əhatə etməsidir. Yap Siyasi Şurasının üzvü Vaqif Abdullayev qeyd edib ki, güclü siyasi sabitlik Azərbaycanın uğurlarını möhkəmləndirir: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" ifadəsi Prezident İlham Əliyevin çıxışlarında hər zaman qırmızı xətt kimi keçir və dövlət başçısı bu fikri əbəs yerə təkrarlamır. Onun fəaliyyətinin əsas məzmunu ilk gündən məhz vətəndaşların yaxşı yaşaması, sosial cəhətdən daha layiqli həyat şəraiti ilə əhatə olunması olub. Cənab Prezidentin Azərbaycana rəhbərlik etdiyi ötən 16 il ərzində məhz Azərbaycan vətəndaşı onun güclü siyasi-iqtisadi və sosial təminatçısı olduğunu daim hiss edib və bu gün də etməkdədir. Bu günlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirildi və müşavirədə ölkəmizin uğurlarına və inkişaf yoluna bir daha nəzərə salındı. Həmin tədbirdə əsas diqqət çəkən məqam ondan ibarətdir ki, möhkəm sabitlik və iqtisadi inkişaf yolu ilə inamla irəliləyən Azərbaycan əldə etdiyi möhtəşəm uğurların əsas amili güclü siyasi sabitlikdir. İqtidar və xalq həmrəyliyidir. Çünki siyasi sabitlik olmayan yerdə iqtisadi sabitlik də olmur". O, qeyd edib ki, Azərbaycan dünya birliyinin fəal üzvü və siyasi-iqtisadi-humanitar proseslərin iştirakçısıdır: "Respublikamız yerləşdiyi regionda cərəyan edən proseslər isə o qədər tam müsbət məcrada davam etmir. Regionda mürəkkəb ziddiyyətli proseslər gedir, belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət nəticəsində daxili sabitliyi və inkişaf dinamikası daha da möhkəmlənir. Yerləşdiyi regionun iqtisadi və siyasi cəhətdən aparıcı dövlətinə çevrilən Azərbaycan dünya birliyinə fəal inteqrasiya istiqamətində də mühüm addımlar atıb. Respublikamızın beynəlxalq əlaqələri genişlənir, regional və dünya miqyasında ölkəmizin milli maraqlarını təmin edən praqmatik, qətiyyətli siyasət həyata keçirilibdirAzərbaycanın inkişafının dayanıqlılığının təmin olunmasında ən mühüm amil möhkəm və dönməz sabitliyin qorunub saxlanılmasıdır. Məhz bu kimi amilləri nəzərə aldıqda Azərbaycanın 2019-cu ilin birinci yarısını siyasi və iqtisadi uğurlara başa vurması mühüm hadisə hesab edilə bilər. Yürüdülən uğurlu siyasət Azərbaycanın hərtərəfli inkişafını təmin edir".
Nurlan